

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü çox önəmli məqamları bir daha ortaya qoydu. Qəbələnin bu sahədə təcrübəsi 2013-cü ildən başlayır və həmin il də Zirvə görüşü burada təşkil olunmuşdu. Bu dəfəki görüşdə əsas diqqət regional sülh və təhlükəsizlik məsələlərinə verildi.
Bunu deputat Elman Nəsirov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
E.Nəsirov qeyd edib ki, Prezident İlham Əliyev çıxışında vurğuladı ki, müasir dünyada sülh və təhlükəsizlik prioritet məsələlərdir və hər bir dövlətin ərazi bütövlüyü, suverenliyi onun hərbi potensialı ilə birbaşa bağlıdır:
"Türk Dövlətləri Təşkilatı bu gün böyük geosiyasi potensiala malikdir: “Üzv və müşahidəçi dövlətlərin birgə ərazisi 4.8 milyon kvadrat kilometr, əhalisi 178.8 milyon nəfərdir. Ümumidaxili məhsul 2.1 trilyon dollar, ticarət dövriyyəsi isə 1.2 trilyon dollardır. Hər bir dövlətin iqtisadi gücü yüksək səviyyədədir. Məsələn, Türkiyə həm iqtisadi, həm də hərbi baxımdan nəhəng dövlətdir, dünyada hərbi gücə görə 9-cu, NATO üzvləri arasında isə 2-ci yerdədir. Azərbaycan, Qazaxstan, Özbəkistan isə hərbi potensial baxımından yüksək göstəricilərə malikdirlər.”
Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin 2026-cı ildə TDT üzv dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi təklifi çox vacibdir və təşkilatın əməkdaşlığını daha da möhkəmləndirəcək: “Eyni zamanda gələn il Bakıda 1926-cı ildə keçirilmiş Türküologiya Forumunun 100 illik yubileyinin qeyd olunması planlaşdırılır ki, bu da tarixi əhəmiyyət daşıyır. Zirvə görüşündə bütün üzv dövlətlərin rəhbərlərinin iştirakı bir daha göstərdi ki, güclü iqtisadiyyat, hərbi potensial, ortaq tarixi köklər, mədəniyyət, dil və din türk dünyasını birləşdirən əsas dəyərlərdir. Bu təşkilat təkcə əməkdaşlıq platforması deyil, geostrateji baxımdan da böyük əhəmiyyətə malikdir.”
Günel Elxan