Viktoriya Nulandı daha betəri əvəzlədi Siyasət

Viktoriya Nulandı daha betəri əvəzlədi

Azərbaycanla bağlı nə planlaşdırır?

Sentyabrın sonlarında ABŞ Senatı dövlət katibinin Avropa və Avrasiya işləri üzrə yeni köməkçisinin namizədliyini təsdiq edib. Bu postda məşhur Viktoriya Nulandı Ues Mitçell əvəzləyib. Bəs ABŞ-ın o cümlədən Azərbaycanla münasibətlərini formalaşdıracaq bu adam kimdir və hansı mövqenin sahibidir? Onun "rəngli inqilabların xaç anası" kimi tanınmış xanım Nulandın yerinə təyinatından nə gözlənilir?
Cəmi 30 yaşı olan Ues Mitçell həmin vəzifəyə təyin olunana qədər mənzil-qərargahı Vaşinqtonda və Varşavada yerləşən Avropa Siyasətinin Analizi Mərkəzinin (CERA) rəhbəri olub. O, Amerikanın iri neft şirkətləri ilə yaxın əlaqələrə malikdir və Rusiyaya qarşı daha sərt siyasətin tərəfdarıdır. 2012-ci il prezident seçkiləri kapmaniyası zamanı Mitçell prezidentliyə respublikaçı namizəd Mitt Romninin müşaviri olub. Hansı ki, Romni özü də Rusiyaya qarşı "qırğılardan" sayılır.
Mitçell Senata göndərdiyi motivasiya məktubunda Rusiyanın qonşularına qarşı təcavüzü haqda bəhs edib. "Mən Moskvanı israrla çağırıram ki, Ukrayna, Gürcüstan, Moldova və Balkanlardakı qarışdırıcı fəaliyyətinə son qoysun, Suriya və İranda bizə düşmən kəsilmiş rejimləri müdafiə etməkdən əl çəksin. Habelə mən bizim müttəfiqlərimizin və tərəfdaşlarımızın korrupsiyaya, dezinformasiyaya və Rusiyanın onların vətəndaş cəmiyyətlərini, dövlət institutlarını zəiflətmək üçün istifadə etdiyi bəd xarakterli təsirlərin digər formalarına qarşı əlçatanlığını azaltmaq səylərini dəstəkləyirəm"- Mitçellin məktubunda yazılır.
ABŞ-la danışıqlara cəlb olunmuş Ukrayna mənbələri qeyd edirlər ki, Mitçell Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və Ukraynaya döyüş silahları verilməsi ideyasının qatı tərəfdarlarındandır. Habelə gözlənilir ki, yeni postda o Baltikyanı regionda, Polşa və Finlandiyada "rus təhdidi"inə qarşı millətçi və yarımhərbi birləşmələrin yaradılmasına dəstəkdə israr edəcək. Mitçellin Moldovada Rusiya təsirlərini azaltmaq üçün xüsusi missiyanı üzərinə götürəcəyi, Bolqarıstanın rusiyayönümlü prezidenti Rumen Radayevlə bağlı işləyəcəyi, Macarıstanda rusiyameylli baş nazir Orbanın hakimiyyəti ilə qarşılıqlı münasibətlərə xüsusu fikir verəcəyi gözlənilir.
Cənubi Qafqazda isə ABŞ dövlət katibinin yeni köməkçisi Azərbaycana Amerikanın təsir sferasına qayıtmaqda kömək göstərməyə çalışacaq. Bu zaman boru kəmərləri layihəsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflərdən istifadə edəcək.
Mitçell CERA-ya rəhbərlik edərkən Cənubi Qafqazda ABŞ-ın təsirlərinin gücləndirilməsinin vacibliyi haqda analitik hesabatlar hazırlayıb. Tamamilə aydındır ki, ABŞ-ın Azərbaycanda nüfuzunun artmasına ancaq Vaşinqtonun Qarabağ münaqişəsinin həllinə yönələn güclü səyləri imkan yarada bilərdi. Bu baxımdan gözləmək lazımdır ki, nüfuzlu amerikalı strateqin Dövlət Departamentində Azərbaycanın da yerləşdiyi region üzrə siyasətin formalaşdırılmasına cavabdeh şəxs postuna gətirilməsi Vaşinqtonun Qarabağ məsələsindəki siyasətinə hansı təsirləri göstərəcək.