
Aydın Hüseynov: "Bu layihə dövlətləri tək iqtisadi cəhətdən deyil, digər sahələrdə də bir-birinə bağlayan vasitə olacaq"
"Oktyabrın 30-da açılış mərasimi keçiriləcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti tək region üçün deyil, Avropa və Asiya üçün ən mühüm layihələrdən biridir". Bu fikri deputat Aydın Hüseynov deyib. O qeyd edib ki, Avropa və Asiyanı birləşdirən bu dəmiryolu dövlətləri tək iqtisadi cəhətdən deyil, digər sahələrdə də bir-birinə bağlayan vasitə olacaq. Deputatın sözlərinə görə, dəmiryolu ölkələrin iqtisadiyyatında mühüm rol oynayacaq: "Hesab edirəm ki, bu dəmiryolu Avropadan Asiyaya yüklərin daşınmasında həm vaxt baxımından, həm də iqtisadi cəhətdən səmərəli olacaq. Bu dəmiryolu layihəsinin reallaşması Azərbaycan prezidentinin siyasi qətiyyətinin təntənəsidir. Bakı-Tbilisi-Qars Azərbaycan üçün gələcəkdə böyük iqtisadi səmərə verəcək".
Deputat əlavə edib ki, dəmiryolu Uzaq Şərqdən Avropaya qədər bu xəttin üzərində yerləşən dövlətlərin iqtisadi-mədəni əlaqələrində, xalqların inteqrasiyasında mühüm rol oynayacaq.
Millət vəkili Musa Qasımlı diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi müasir Azərbaycan tarixinin mühüm hadisələrindən biridir: "Bu, ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qarşılıqlı faydalı əməkdaşlığa yönəlmiş siyasətinin konkret nəticəsidir". O qeyd edib ki, dəmiryol xəttinin işə düşməsi ilə Azərbaycan Avropa və Asiyanın nəqliyyat-kommunikasiya, tranzit mərkəzinə çevriləcək. M. Qasımlı vurğulayıb ki, Azərbaycanın dünya ticarətində və yük daşınmalarında rolu artacaq, yeri möhkəmlənəcək, şəbəkə ölkə halına gələcək: "Ölkəmizdə yeni infrastruktur yaranacaq. Dövlət büdcəmizə əlavə vəsaitlər daxil olacaq. Yeni iş yerləri açılacaq. Vətəndaşlarımızın həyat şəraiti daha da yaxşılaşacaq".