“Hər şey bu səfər əsnasında bəlli olacaq” Siyasət

“Hər şey bu səfər əsnasında bəlli olacaq”

"Bilirik ki, Türkiyə hər zaman Azərbaycanın maraqlarını müdafiə edib. Bu, ermənilər üçün də sirr deyil. Azərbaycan-Türkiyə münasibətləri də hər kəsə bəllidir. Türkiyə məhz işğal faktına görə Ermənistanla sərhədləri bağlayıb". Bunu politoloq İlqar Vəlizadə deyib: "Türkiyə-Rusiya prezidentlərinin görüşündə Azərbaycan tərəfi olmasa belə, Türkiyənin ölkəmizin maraqlarını müdafiə etdiyi şübhəsizdir. Bu baxımdan Azərbaycanı nəzəri baxımdan bu görüşün iştirakçısı hesab etmək olar. Erməni tərəfinin narahatlığı bununla bağlıdır. Ona görə də bu görüşdə əldə edilən ümumi razılılaşmalar belə erməniləri narahat edir. Bu cür format Ermənistana yaxşı heç nə vəd etmir. Ermənilər regional siyasətdən kənarda qalıblar. Indiki halda görsənir ki, onlar hətta Qarabağ münaqişəsi və onun ətrafında gedən proseslərdən də kənarda qalıb. Bu görüşün nəticəsi olaraq Lavrovun regiona səfəri gözlənilir. Bu səfər göstərəcək ki, Rusiya Ermənistanın mövqelərini müdafiə edib, yoxsa yox. Prezidentlərin son görüşünün Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı yenilikləri gündəmə gətirə biləcəyi də bu səfər əsnasında bəlli olacaq".