Milli Məclisdən ikili vətəndaşlıq təhlükəsinə sədd Siyasət

Milli Məclisdən ikili vətəndaşlıq təhlükəsinə sədd

Parlament "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunda dəyişikliklər etdi
Fazil Mustafa: "Hüquqi boşluq yaranmaması üçün Konstitusiya Məhkəməsinə müraciət edilməlidir, çünki Konstitusiyaya görə heç kəs vətəndaşlıqdan məhrum edilə bilməz"
Mübariz Qurbanlı: "Gözləməliyik ki, Azərbaycan vətəndaşlarının bir qismi başqa ölkənin vətəndaşlığını qəbul etsin, sonra da bu bizə problem yaratsın?"

Parlamentin dünən keçirilən sonuncu plenar iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanununda dəyişikliklər edilib. Dəyişikliklər haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O qeyd edib ki, qanuna təklif olunan bir sıra dəyişiklər və əlavələr çox əhəmiyyətlidir: "Hesab edirəm ki, müasir dövrdə vətəndaşlıq haqqında qanunvericiliyimizdə bir sıra boşluqlar mövcuddur və məhz bu baxımdan qanuna dəyişikliklər təklif olunub. Azərbaycan Konstitusiyasında birmənalı qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşı vətəndaşlıqdan məhrum edilə bilməz".
Ə.Hüseynlinin sözlərinə görə, bu cür müddəalar dünyanın bir çox inkişaf etmiş ölkələrin konstitusiyalarında da mövcuddur: "Amma eyni zamanda inkişaf etmiş ölkələr özlərinin vətəndaşlıq haqqında qanununda vətəndaşlığın itirilməsinin də əsaslarını qeyd edirlər və beləliklə bu məsələni tənzimləyirlər".
O, qeyd edib ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunda bu cür müddəalar mövcud deyildi və Konstitusiyaya görə, ikili vətəndaşlıq yoxdur: "Məhz bu baxımdan qanuna təklif olunan dəyişikliklər həm də qanunvericiliyin dəqiqləşdirilməsi və mövcud olan boşluqların aradan qaldırılmasına xidmət edir. Beləliklə, qanun layihəsində bir sıra müddəalar məhz vətəndaşlığın itirilməsi hallarını özündə əks etdirir".
Dəyişikliklərə əsasən, 1.5-ci maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilib: "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir".
Həmçinin 3. 10-cu maddə yeni redaksiyada verilib: "Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyayanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq sürətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".
Bundan əlavə, dəyişikliklərə əsasən, Azərbaycan ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.
Qanunun 8.18-ci maddəsinə edilən dəyişikliyə əsasən, "Vətəndaşsızlığın ixtisar edilməsi haqqında" 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilir.
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.
Qanuna dəyişikliklərlə bağlı müzakirələr zamanı çıxışında millət vəkili Fazil Mustafa deyib ki, burada söhbət şəxsin özünün Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlıdır: "Hüquqi boşluq yaranmaması üçün Konstitusiya Məhkəməsinə müraciət edilməlidir, çünki Konstitusiyaya görə heç kəs vətəndaşlıqdan məhrum edilə bilməz".
F.Mustafa müəyyən hallarda ali savadlı şəxslərin başqa ölkələrin Silahlı Qüvvələrində çalışmasının vətəndaşlıqdan məhrumetməyə əsas olması barədə müddəa ilə razılaşmayıb: "Əgər vətəndaşımız Türkiyə Silahlı Qüvvələrində alim kimi çalışırsa, niyə o, vətəndaşlıqdan məhrum edilməlidir? Həm də doğum haqqında şəhadətnamə məsələsinin vətəndaşlıqla bağlı oradan çıxarılması düzgün deyil".
Millət vəkili Sabir Rüstəmxanlı bu dəyişikliklərin ailələrin dağılmasına rəvac verəcəyini vurğulayıb: "Bir çox ölkələrin qanunvericiliyində doğum haqqında şəhadətnamə vətəndaşlığı təsdiq edən sənədlər sırasında göstərilir. Bu şəhadətnamə Azərbaycanda doğulan şəxslərin vətəndaşlığı ilə bağlı məsələləri qəlizləşdirəcək. İndiyə qədər doğum haqqında şəhadətnamə vətəndaşlığı göstərən sənəd kimi qəbul olunurdu. İndi dövlət orqanları başqa sənədlər istəyəcəklər, əlavə problemlər yaranacaq".
Spiker Oqtay Əsədov millət vəkillərinin narahatlıqlarına cavab olaraq deyib ki, heç kim vətəndaşlıqdan azad edilmir, söhbət başqa ölkənin vətəndaşlığını qəbul etmiş şəxslərdən gedir: "Söhbət yalnız hər hansı xarici ölkədə üzərinə öhdəlik götürülməsindən gedir. Əgər o şəxs başqa ölkənin ordusunda, bələdiyyəsində iştirak edirsə, üzərinə öhdəlik götürür".
YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı məsələyə etirazları başa düşmədiyini bildirib: "Bu insanlar başqa ölkələrin ordusunda, dövlət qurumlarında çalışırsa, üzərinə öhdəliklər götürür. Deməli, sabah bizim üzərimizə də gələ bilərlər. Məgər bu qanunun niyə qəbul edildiyini bilmirsiz? Biz vətənimizin qiymətini bildiyimiz kimi, vətəndaşlığımızın da qiymətini bilməliyik. Bizim ölkədə də vətəndaşlığı qəbul etmək istəyən əcnəbilər var. Azərbaycan gücləndikcə bizim pasportumuzun, vətəndaşlığımızın da əhəmiyyəti artır. Vətəndaşımız da bilməlidir ki, Azərbaycan vətəndaşlığını kənara qoyub, başqa ölkənin vətəndaşlığını qəbul edəndə çox şey itirə bilər. Bəzi adamlar istəyirlər ki, həm Azərbaycanda, həm kənarda otursunlar. Şəxs başqa ölkənin vətəndaşlığını qəbul edirsə, avtomatik Azərbaycan vətəndaşlığını itirir. Biz sadəcə, bu qanunla özümüzü qorumağa çalışırıq. Dövlət özünü qorumayıb, nə etməlidir? Gözləməliyik ki, Azərbaycan vətəndaşlarının bir qismi başqa ölkənin vətəndaşlığını qəbul etsin, sonra da bu, bizə problem yaratsın? Bu qanun diaspora fəaliyyətinə mane olmayacaq. Elm sahəsində mütəxəssis kimi xarici ölkələrə gedənlər müqavilə əsasında Azərbaycan vətəndaşı kimi çalışacaq. Bu, biznes fəaliyyətinə də təsir göstərməyəcək. Biz bu dəyişiklərlə vətəndaşlığımızın əhəmiyyətini artırırıq".
Ə. Hüseynli deputatların suallarına cavab olaraq bir daha nəzərə çatdırıb ki, Azərbaycan qanunvericiliyində vətəndaşlığın itirilməsi mexanizmi olmayıb: "Buna görə Konstitusiya Məhkəməsinə müraciət etməyə də ehtiyac yoxdur. Çünki söhbət vətəndaşlıqdan məhrum edilməkdən yox, könüllü vətəndaşlığın itirilməsindən gedir. Şəxs könüllü başqa ölkənin ordusunda, seçkili orqanlarda iştirak edirsə, bu, könüllü vətəndaşlıqdan imtinadır. İtaliya, İspaniya və digər ölkələrdə də bu mexanizm var".
Ə. Hüseynli qeyd edib ki, qanuna əlavə və dəyişikliklərdə məqsəd vətəndaşı dövlətlə münasibətdə məsuliyyətli olmağa dəvət etməkdir: "Atılan bu addımlar Konstitusiyaya uyğundur".
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.