Vaşinqtonun “Zərrab əməliyyatı” nəyə hesablanıb? Siyasət

Vaşinqtonun “Zərrab əməliyyatı” nəyə hesablanıb?

Türkiyə növbəti təhdidlə üz üzədir. Amerikanın Türkiyəyə qarşı bu dəfəki hücumunun adı Rza Zərrabdır. Türkiyə Amerika münasibətlərindən xəbərsiz olan və dünyada baş verən proseslərlə maraqlanmayan insanlar buna adi məhkəmə prosesi kimi baxa bilərlər. Amma son illər iki ölkə arasındakı münasibətlərə nəzər saldıqda əslində bu prosesin Türkiyəyə növbəti hücuma əsas yaratmaq üçün qurulan oyun, teatr olduğunu anlamaq çox asandır.
Belə görünür ki, "məhkəmə"nin bir tetr olması ilə bağlı dünya ictimaiyyətinin məlumatlanması və baş verənləri anlaması əslində heç Vaşinqtonun vecinə də deyil. Təkcə bu proses ABŞ məhkəmələrinin müstəqilliyi və ədalətli olması ilə bağlı mifi yerlə yeksan edir və bu da Vaşinqtonu narahat etmir. Amerikanın islam ölkələri ilə bağlı başlatdığı proseslərə nəzər saldıqda və bu dövlətlərə müdaxilə etmək üçün bəhanələrinə baxdıqda ABŞ-ın dünya ictimaiyyətinə çoxdan tüpürdüyünün şahidi oluruq.
Əslində ABŞ-ın özü də oyuncaq dövlətdir, milli valyutasına belə, dövlət olaraq sahib deyil. Qlobal oliqarxların hazırladığı ssenarini həyata keçirən, onların əlində çəkic funskiyasını daşıyan bir gücdür. Məşhur rus general İvaşov bir neçə cümlə ilə əslində ABŞ-ın bir dövlət olaraq hansı mahiyyət daşıdığını ifadə edib: "Obama və Klinton (ABŞ-ın keçmiş prezidenti və dövlət katibi) bir kukladır və qlobal oliqarxların əmri ilə hərəkət edirlər. Zatən onların istəyi ilə o kürsüdə əyləşiblər. Onlar qlobal oliqarxların əlində oyuncaq funksiyasını daşıyırlar. Buna görə də qlobalçıların əmrindən kənara çıxa bilməzlər".
Bəlli olur ki, görünən tərəfi Amerika olan, əslində isə dolların, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi beynəlxalq iqtisadi, Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi siyasi, NATO kimi isə hərbi qurumların gerçək sahiblərinin formalaşdırmaq istədiyi yeni dünya düzənində Türkiyənin hansı rol alacağı əsas amillərdən biridir. Hazırda yeni geosiyası mənzərənin hansı məcraya yönələcəyi Suriya və İraqda gedən proseslərin nəticəsinə bağlıdır. Türkiyə də bölgədə böyük hərbi potensiala malikdir, bölgə xalqlarına milli və dini olaraq ciddi təsir imkanları var. Buna görə də Türkiyənin oynadığı rolu nəzərə almamaq mümkün deyil...
Türkiyə proseslərin hara getdiyini təbii ki, anlayır, qonşuluqda yeni oyuncaq dövlətlərin yaranacağından sonra növbənin ona da çatacağını görür. Buna görə də, ABŞ-ın Türkiyənin maraqlarının nəzərə alması üçün çabalar göstərdi, amma bunların heç bir nəticəsi olmadı. Bundan sonra Rusiya və İranla münasibətlərini daha da yaxşılaşdırmaq önəm daşımağa başladı. Rusiya və İran da çox yaxşı anlayır ki, əgər Türkiyə çökərsə, o zaman onların durumu daha da ağırlaşacaq. Növbəti mərhələdə Rusiya və İran da etnik faktorla vurulacaq.
Türkiyə NATO-da təmsil olunduğu halda Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi aldı ki, təkcə bu faktor əslində nəyin baş verdiyini ortaya qoyur.
Təbii ki, Türkiyənin öz maraqlarını qoruması və Amerikaya qarşı çıxaraq öz oyununu oynaması, bunun üçün İran və Rusyadan dəstək alması və bu ölkələrlə birlikdə hərəkət etməsi Vaşinqtonu qıcıqlandırmaya bilməzdi. Bu manevrlərin hamısı Vaşinqtonun bölgədəki oyununu pozmaq xarakteri daşıyır. Ankara bu mesajlarla savaşa hazır oılduğunu nümayiş etdirir. 15 iyul çevrilişindən sonra Türkiyəyə səfərə gələn Amerika Birləşmiş Ştatlarının 47-ci vitse-prezidenti Co Baydenin yalnız Türkiyəydə olduğu zaman türk ordusunun Suriyaya girdiyini öyrənməsi Vaşinqtona verilən ciddi mesajlardan biri idi...
Türkiyə bu cür qətiyyətli və riskli manevrləri necə edə bilərdi? Təbii ki, cəsur, qətiyyətli, ölümü gözə ala biləcək və xalqın dəstəyini qazanmaq potensialına sahib bir liderlə.
Son illərə nəzər salmaq kifayət edir ki, Vaşinqtonun Türkiyədə hakimiyyət dəyişikliyi edərək, oyuncaq bir hökumət qurmaq istəyini anlamaq mümkün olsun.
Buraya detallara varmadan, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əmr qulu olan FETÖ-nün vasitəsilə müxtəlif zamanlarda dövlət çevrilişinə cəhdləri, prezident Rəcəb Tayyib Ərdoğana qarşı dəfələrlə edilən sui-qəsd cəhdlərini, terror olaylarını, Türkiyədə xaosun yaranması üçün atılan addımları ("Gəzi" olayları), iqtisadi həmlələri və.s kimi prosesləri göstərmək olar. Bu prosesin önəmli nöqtəsi isə 15 iyul çevriliş cəhdi idi ki, o da uğursuz alındı.
Bütün bu olaylarla Türkiyədə hakimiyyət dəyişikliyi həyata keçirmək mümkün olmadı. Ərdoğan bütün addımların əslində hansı mahiyyət daşıdığını xalqa anlada bildi və bu hücumları öz lehinə çevirə bildi. Beləliklə, ABŞ-ın Türkiyəyə qarşı həmlələrinin hamısı uğursuzluqla nəticələndi. Bundan sonra ABŞ Türkiyə məsələsini beynəlxalq müstəviyə daşımağa qərar verdi və bunun üçün ən önəmli faktor Zərrab idi.
Əslində sadə bir sualla məsələnin mahiyyətini açmaq olar. Zərrab ABŞ-da həbs olunacağını bilə bilə bu ölkəyə niyə getsin ki? Prosesin əvvəldən razılaşdırılmış oyun olması ilə bağlı bəzi detallar artıq üzə çıxıb. Türkiyə mediası yazır: "Zərrab, ABŞ-a getmədən bir müddət əvvəl sahib olduğu ən böyük holdinqi boşaldıb. Onun ABŞ-a səfəri çox riskli idi. İranlı ortağı olan biznesmen həbsdədir və edam hökmü ilə ittiham olunur. Zərrabın özü isə İrana qarşı beynəlxalq sanksiyaları pozmaqda ittiham olunurdu. Ortada belə problemlərin olduğu halda, Zərrabın ABŞ-a getmə riski aldığını düşünmək ağlabatan deyil. Amma görünür, onun ABŞ-a səfəri bir anlaşmanın nəticəsi idi. Nyu-Yorkda məhkəmə prosesi noyabrın 27-də başlanıb. Oktyabrın 26-da isə artıq Zərrabın məhkəmə prosesinə şahid qismində qatılacağı deyilirdi. Zərrabın özü kimi İrandan gələrək Türkiyə vətəndaşlığı olan valideynləri - Şəbnəm Zərrab və Hüseyn Zərrab sentyabr ayında İrana gedib. Oktyabr ayında isə qardaşı Məhəmməd Türkiyəni tərk edərək İrana köçüb. Görünür, Zərrab məhkəmə prosesinə şahid qismində qatılacağının bəlli olduğu dönəmdə, ailəsi İrana getməyə qərar verib. Diqqətçəkən məqam Zəncaninin edamla mühakimə olunduğu bir vaxtda Zərrabın ailəsinin İrana getməsidir…".
Deməli, ortada bir bazarlıq var. Zərrab məhz bu bazarlığa imza atandan sonra ABŞ-a getməyə qərar verib və əslində buna qərar verən andan "etirafçı" rolu ilə razılaşıb. Bütün bu zaman ərzində isə əslində Zərrabla bağlı məhkəmənin bir teatr olması bir daha təsdiqini tapır. Necə ola bilər ki, beynəlxalq bir cinayətdə ittiham edilən şəxs sonradan, cinayət kürsüsündən qaldırılaraq, şahid kürsüsünə əyləşdirilir. Sonra isə "eitraf"lara başlayır. Bütün bunlar ustalıqla hazırlanmış ssenari ilə həyata keçirilir. Əvvəlcə Prezident Ərdoğanın yaxınlarının, daha sonra isə özünün adını çəkir.
Vaşinqton bununla güman ki, əlində olan ən ciddi və son rıçaqdan yararlanmağa çalışacaq. Türkiyə bir dövlət olaraq beynəlxalq cinyaətdə ittiham olunacaq. Bundan sonra Türkiyəyə qarşı embarqolar həyata keçiriləcək. Bununla da Türkiyədə fəaliyyət göstərən investorlara ölkədən çıxması üçün təsirlər ediləcək. İnvestorlar Türkiyədən getmək qərarına gələcək, ölkədən böyük maliyyə vəsaitləri çıxarılacaq. Nəticədə işsizlik, inflyasiya, iqtisadi böhran başladılacaq.
Bu da xalqın etirazlarına səbəb olacaq. Təbii ki, istənilən halda daxildə xalqın etirazlarını yönəldə biləcək gücə də ehtiyac var. Bu gücün də adı bəllidir. Bu, Cumhuriyyət Xalq Partiyası və onun lideri Kamal Kılıcdaroğludur. Necə ola bilər ki, ABŞ-da Zərrabın məhkəməsi ilə paralel olaraq Kılıcdaroğlu Ərdoğanın və yaxınlarının ölkədən qanunsuz olaraq pul çıxardıqlarını iddia edir. Jurnalistin "Zərrabın məhkəməsi ilə sizin iddialarınızın eyni zamanda olmasını nə ilə izah edə bilərsiniz?", - sualına "tam təsadüf" deyərək xalqı ələ salmış kimi davranır.
Prezident Ərdoğanın 2 gün öncə "ölkədən xaricə para transferlərinə start verilib və Türkiyə dövləti buna icazə verməyəcək", – deməsi ciddi siqnaldır və Ankaranın əks həmlələrə başladığına işarədir. Bununla Türkiyəyə qarşı çıxacaq iş adamlarına da bir mesaj verildi. Bu Türkiyəyə qarşı üfürülən alov Türkiyəni yandırmaz, amma sizi kül edər anlamına gəlir.
İstənilən halda məsələ çox ciddidir. Hədəf 2019-cu il prezident seçkiləridir. Əvvəlcə Ərdoğan xalqın gözündən salınacaq. Bütün bunlar iqtisadi həmlələr fonunda baş verəcək. Etibarsızlaşdırma prosesi xalqın ciddi etirtazları ilə paralel aparılacaq. ABŞ-la bazarlıq edəcək siyasi pratiya – CHP bundan sitifadə edərək, 2019-cu ildə hakimiyyətə gələcək. Yox, əgər Türkiyə bu dəfə də oyunu pozacaqsa, Ərdoğan bu hücumu öz lehinə çevirməyi bacaracaqsa o zaman ABŞ-ın nəinki Türkiyədə, ümumiyyətlə bölgədə mövqelərinə ciddi zərbə dəyəcək...

Əli Zülfüqaroğlu