“ATƏT-in mövcud mexanizmi etibarlı deyil” Siyasət

“ATƏT-in mövcud mexanizmi etibarlı deyil”

Elçin Xalidbəyli: "ATƏT-in Avropada təhlükəsizliyin təmin edilməsində heç bir ciddi rolu yoxdur"
Əli Orucov: "ATƏT-in mövcud mexanizmini bu təhlükələri önləyə biləcək mükəmməl mexanizm saymaq mümkün deyil"
Elşən Həsənov: "Mövcud mexanizmin işləkliyi və ya etibarlılığı heç də onun mükəmməlliyi ilə ölçülmür"
Politoloq Tofiq Abbasov: "ATƏT-in mövcud mexanizmi qətiyyən işlək olmadığından, məşvərət tiplidir"

İyunun 2-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Prezidenti və XİN rəhbəri Didye Burkhalter Azərbaycana səfər edib. Burkhalter Azərbaycan rəhbərliyi və digər rəsmi şəxslər ilə görüşlər keçirib. Mətbuata bəyanatla çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, Dağlıq Qarabağ münaqişəsində sülhə doğru addım-addım irəliləmək lazımdır. ATƏT sədrinin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb: "Bu görüşün Parisdə keçirilməsi təklif olunub və biz də bu fikri dəstəkləyirik. Yaxın gələcəkdə bu görüşün keçirilməsini təbliğ edirik. Bu görüş danışıqların yeni fazasının başlanğıc nöqtəsi olmalıdır. Digər tərəfdən, bu, sülh sazişinə aparacaq strukturlaşdırılmış danışıqlar prosesi ola bilər. Bu danışıqlar prosesi isə Madrid prinsipləri əsasında aparılmalıdır".
Burkhalter enyi zamanda Azərbaycana səfəri ilə bağlı bəyanat yayıb. Burkhalter atəşkəs elan edilməsindən 20 il ötməsinə baxmayaraq, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində, eləcə də sərhəd zolağında tez-tez silahlı insident yaşanmasından təəssüfünü ifadə edib. O, tərəfləri atəşkəs razılaşmasına ciddi riayət etməyə, insidentlərin araşdırılması üçün işlək mexanizmlər hazırlamağa, humanitar münasibətlərin təşviq edilməsinə çağırıb.
Didye Burkhalter həmçinin İsveçrə sədrliyinin ATƏT-in Minsk qrupunun və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin danışıqlar prosesindəki səylərini tam dəstəklədiyini ifadə edib. Qurumun sədri Bakıda yeni açılmış ATƏT-in Layihə Əlaqələndirici ofisi ilə Azərbaycan hökumətinin sıx əməkdaşlıqda olacağına ümid etdiyini bildirib, həmçinin intensivləşmiş danışıqlar prosesini, prezidentlər səviyyəsində növbəti görüşün münaqişənin sülh yolu ilə həlli istiqamətində strukturlaşmış prosesdə başlanğıc nöqtə kimi alqışlayacağını bəyan edib.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanata münasibət bildirib: "Biz ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Dağlıq Qarabağ münaqişəsi üzrə strukturlaşdırılmış sülh danışıqlarına çağırışını alqışlayırıq".
Ümumiyyətlə ATƏT-in mövcud mexanizmi Avropada təhlükəsizliyin təmin olunması üçün nə dərəcədə etibarlıdır? Siyasi ekspert Əli Orucov bildirdi ki, Rusiyanın və Çinin beynəlxalq güc mərkəzinə çevrilmə yolunda atdıqları inadkar addımları, dini radikalizmin, eləcə də separatçı millətçiliyin dirçəlməsi dünyada sülh və təhlükəsizlik üçün təhdidə çevrilib: "Doğrudur, hərbi-siyasi birlik olan Şimali Atlantika İttifaqı-NATO üstün müdafiə qabiliyyətinin qoruyub saxlayıb. Lakin nəzərə almaq lazımdır ki, müdafiə indiki qlobal dünyada silahla, hərbi güclə yetərli deyil. Daha çox iqtisadi-maliyyə təhlükəsiliyi ən vacib şərtdir. Ona görə də ATƏT-in mövcud mexanizmini bu təhlükələri önləyə biləcək mükəmməl mexanizm saymaq mümkün deyil. Ukraynadı hadisələr, Avropanın yanacaq təchizati və s amillər problemləri bir daha qabartdı. Düşünürəm ki, Qərb paytaxtlarında bunu yollarını axtarırlar".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov diqqətə çatdırdı ki, mövcud mexanizmin işləkliyi və ya etibarlılığı heç də onun mükəmməlliyi ilə ölçülmür: "ATƏT-ə üzv olan dövlətlərin müəyyən məsələyə münasibəti, bu mexanizmin son nəticədə hansı bəhrə verə biləcəyindən asılıdır. Yəni mexanizmin etibarlılıq dərəcəsi onun mükəmməlliyindən yox, hadisələrə münasibətdən doğur".
Politoloq Tofiq Abbasov dedi ki, ATƏT-in mövcud mexanizmi qətiyyən işlək olmadığından, məşvərət tiplidir. Onun sözlərinə görə, tövsiyyə vermək bir məsələdir, qərarların icrasını təmin etmə qabiliyyətinə malik olmaq - başqa: "Təəssüf doğuran da odur ki, ATƏT məsullarını belə durum heç narahat etmir. Əgər hansısa dövlət və ya tərəf bu təşkilatın prinsiplərini ayaq altına qoyub istədiyini edirsə, deməli qurum qarşısında qoyduğu məqsəd və məramların tətbiq edilməsi üçün hazır edyil. Dağlıq Qarabağda, Dnestryanıda, Cənubi Osetiya və Abxaziyada, Sebiyada ATƏT sadəcə öz missiyasını yerinə yetirə bilmədi. Böhranlı vəziyyətlərlə bağlı müzakirələr keçirib həll mexanizmlərini yaratmaq hələ heç nə demək deyil. Məsəl üçün, Qarabağda Minsk qrupu yaradıldı ki, böhran dinc yolla ədalətli şəkildə həllini tapsın. Ya da, Dnestryanıd "5+2" qrupu yaradıldı ki, orda da böhran həll olunsun. Nəticədə problemlər nəinki həllini tapmadı, onların siyasi müstəvidə nizamaslma prosesi daha da qəlizləşdi. Bu təşkilatın mandatı ilə prosesə cəlb olunmuş diplomatlar bir növ diskussiya klubu açmaqla özləri üçün eksperiment meydanları açdılar... Belə yanaşma, bu tərz iş yolverilməzdir. Çünki həmin vasitəçilər məsuliyyəti üzərlərinə götürüb konkret iş görmürlər və statuslarından sui-istifadə edib vaxt ötürürlər. Bunun da məsuliyyəti ATƏT-in üzərindədir...".
Siyasi şərhçi Elçin Xalidbəyli vurğuladı ki ATƏT-in mövcud müxanizmi Avropada təhlükəsizlik maraqlarının təmin edilməsində qətiyyən etibarlı deyil: "Əksinə, ATƏT-in və onun mövcud mexanizmlərinin Avropada təhlükəsizlik maraqlarının təmin edilməsində demək olar ki, heç bir ciddi rolu yoxdur. Məsələ ondadır ki, ATƏT effektiv təşkilat deyil. Hətta bu qurumun formal olaraq mövcud olduğunu iddia etmək də olar. Çünki ATƏT-in Avropa məkanında baş verən proseslərə müdaxilə imkanları verən hər hansı ciddi mexanizmləri mövcud deyil. ATƏT hətta beynəlxalq hüquq normalarını pozan öz üzvlərinə təsir mexanizmləri də yoxdur. Buna misal kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin "turist səfərləri" çərçivəsindən uzağa gedə bilməyən effektsiz fəaliyyətini göstərmək olar. Bu baxımdan, ATƏT əslində diskussiya klubu funksiyalarını yerinə yetirməkdən başqa heç nəyə faydası olmayan bir qurumdur".

Əli