“Dövlətimizin nüfuzunu və suverenliyini qorumaq şərtilə Rusiya ilə qarşıdurmadan yayınmalıyıq” – millət vəkili Siyasət

“Dövlətimizin nüfuzunu və suverenliyini qorumaq şərtilə Rusiya ilə qarşıdurmadan yayınmalıyıq” – millət vəkili

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında Rusiyada Azərbaycan diasporunun rəhbərlərindən olan Ruslan Məmmədovun saxlanılması ilə bağlı yayılan məlumatlara və bu hadisənin Rusiyada yaşayan soydaşlarımıza, eləcə də Azərbaycan diasporuna münasibət baxımından necə qiymətləndirilməsinə münasibət bildirib.

Millət vəkili qeyd edib ki, biz dövlətimizin nüfuzunu və suverenliyini qorumaq şərtilə, çalışmalıyıq mümkün olduğu qədər Rusiya ilə qarşıdurmadan yayınaq: "Soydaşlarımızın qanunla qorunan hüquqlarını dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq müdafiə etməliyik. Rusiya miqrasiya siyasətini sərtləşdirməklə orduya daha çox miqrant, yaxud başqa millətlərdən olan şəxsləri cəlb etmək istəyir.

Soydaşlarımız bunu və hansı ölkədə yaşadıqlarını nəzərə almalıdırlar. Ukraynanın ərazi bütövlüyünü müdafiə etməyimiz, Ukrayna ilə dostluq siyasətini davam etdirməyimiz Rusiyanı qıcıqlandırmamalıdır.

Biz, Rusiyanın da ərazi bütövlüyünə hörmətlə yanaşırıq və Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Azərbaycan rəsmiləri dəfələrlə bu barədə açıqlama veriblər. Görünür, Rusiya tərəfi ilə çox işləməliyik.

Elə siyasət yürütməliyik ki, Rusiya Azərbaycanla qarşıdurmanın onun dövlət maraqlarına cavab vermədiyinə əmin olsun".