Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir Siyasət

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar sahədə əməkdaşlıq son illərdə davamlı şəkildə inkişaf edir.

APA xəbər verir ki, iki ölkə arasında mədəniyyət və incəsənət sahəsində qarşılıqlı tədbirlərin keçirilməsi əlaqələrin genişlənməsinə mühüm töhfə verir.

2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan mədəniyyət günləri, 2024-cü ildə isə Özbəkistanın Elm və Mədəniyyət Günləri təşkil olunub. Həmin il Özbəkistanda Azərbaycan mədəniyyət günləri keçirilib, Xivə şəhərində isə “Şuşa günləri” təşkil edilib.

Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyevanın 2024-cü ildə Azərbaycana səfəri çərçivəsində balet-tamaşa təqdim olunub və Heydər Əliyev Fondu ilə birgə hazırlanan sərginin açılışı keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan sərginin açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib.

İki ölkə arasında tarixi və dostluq münasibətlərinin rəmzlərindən biri Daşkənddə yerləşən Heydər Əliyev Meydanıdır. Meydanın açılış mərasimində 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.

Təhsil sahəsində də qarşılıqlı əməkdaşlıq genişlənib. 2025/2026-cı tədris ilində Azərbaycanda 70-ə yaxın Özbəkistan vətəndaşı, Özbəkistanda isə 180-ə yaxın Azərbaycan vətəndaşı təhsil alıb.

Humanitar əməkdaşlığın mühüm nümunələrindən biri Özbəkistanın təşəbbüsü ilə Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt və idman zalları, yeməkxana və kitabxana yaradılıb. Məktəbin açılışı 2023-cü ildə keçirilib və 2025/2026-cı tədris ilində burada 583 şagird təhsil alıb.

Media sahəsində də əməkdaşlıq yeni mərhələyə keçib. 2024-cü ildə Daşkənddə I Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci ildə isə Bakıda II Azərbaycan-Özbəkistan Media Forumu keçirilib.

QHT-lər arasında əlaqələr də inkişaf etdirilir. 2023-cü ildə Füzulidə Azərbaycan və Özbəkistan QHT-lərinin I Əməkdaşlıq Forumu, 2024-cü ildə Daşkənddə II Əməkdaşlıq Forumu təşkil olunub. Bu əməkdaşlığın praktik nəticəsi olaraq, 2026-cı ildə iki ölkə ilk dəfə QHT-lər üçün birgə qrant müsabiqəsi elan edib. Müsabiqənin şərtlərinə əsasən, Azərbaycanda qalib olan layihələr Özbəkistanda, Özbəkistanda qalib seçilən layihələr isə Azərbaycanda həyata keçiriləcək.

Bununla yanaşı, iki ölkənin regionları arasında əlaqələr intensivləşib və qardaşlaşma münasibətləri genişlənib. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Güliston, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələri yaradılıb. Eyni zamanda, Ürgənc-Naxçıvan, Ürgənc-Xankəndi və Buxara-Laçın şəhərləri arasında da qardaşlaşma münasibətlərinin qurulması barədə qərar qəbul edilib.