“Azərbaycan-Özbəkistan strateji oxu yeni geosiyasi reallıq yaradır” Siyasət

“Azərbaycan-Özbəkistan strateji oxu yeni geosiyasi reallıq yaradır”

“Son illər Azərbaycan və Özbəkistan arasında son illərdə sürətlə dərinləşən münasibətlər artıq iki ölkənin müstəvisini aşaraq Mərkəzi Asiya ilə Cənubi Qafqazı vahid geostrateji və geoilqtisadi məkana çevirən əsas siyasi-hüquqi və logistik drayverə çevrilməkdədir”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

O qeyd edib ki, daha korrekt desək, bu əməkdaşlıq artıq yalnız ikitərəfli tərəfdaşlıq deyil və bütövlükdə Avrasiya qitəsində yeni təhlükəsizlik, ticarət və nəqliyyat arxitekturasının formalaşmasında qovşaq rolunu oynamaqdadır”.

Millət vəkili vurğulayıb ki, münasibətlərin siyasi-hüquqi sütunu Müttəfiqlik Münasibətləri haqqında Müqavilə və Ali Dövlətlərarası Şuranın fəaliyyəti ilə möhkəmləndirilmişdir və bu bazis hər iki dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyini institusional müstəviyə qaldırır:

“Özbəkistanın fəal diplomatik dəstəyi ilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu inteqrasiyası isə “Mərkəzi Asiya + Azərbaycan” formatının təməlini qoyaraq iki regionun siyasi qərarqəbuletmə mexanizmlərini birləşdirmişdir.

İqtisadi müstəvidə tərəflər 500 milyon dollar nizamnamə kapitalı olan Birgə İnvestisiya Fondunun yaradılması, sənaye və avtomobil quraşdırılması üzrə birgə müəssisələrin istifadəyə verilməsi, eləcə də SOCAR və Uzbekneftegaz arasında karbohidrogen resurslarının hasilatı üzrə sazişlərin imzalanması ilə sadə ticarət əlaqələrindən birgə kapitallaşma və sənaye kooperasiyasına keçidi reallaşdırmaqla tərəfdaşlığın maliyyə-sənaye dayaqlarını formalaşdırıb.

Eyni zamanda, “Yaşıl Dəhliz” layihəsi çərçivəsində Bərpa Olunan Enerji resurslarının Avropaya nəqli üzrə birgə addımlar iki regionun enerji təhlükəsizliyini gücləndirir.

Orta Dəhlizin onurğa sütununu kimi nəqliyyat və logistika sahəsində formalaşan əməkdaşlıq isə Özbəkistan yük axınının Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Qərb pazarlarına çıxışını təmin edir və bu zəncir Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Xəzər dənizi üzərindən Cənubi Qafqaza inteqrasiya edilməsi ilə tamamlanır.

Yəni, cənab İlham Əliyevin formalaşdırdığı yeni regional geosiyasi arxitekturada Azərbaycan-Özbəkistan strateji oxu Mərkəzi Asiya və Cənubi Qafqaz arasında sadəcə iqtisadi körpü rolunu oynamır, bu ittifaq Türk Dövlətləri Təşkilatının konseptual əsasını gücləndirməklə yanaşı, hər iki regionun beynəlxalq güclərdən asılılığını azaldan müstəqil geostrateji qütbün formalaşmasını təmin edir”.

Günel Elxan