“Azərbaycanda kifayət qədər təcrübəli, silah işini bilən mütəxəssislər var” Siyasət

“Azərbaycanda kifayət qədər təcrübəli, silah işini bilən mütəxəssislər var”

Aydın Mirzəzadə: "Keyfiyyətsiz silahların alınması qeyri-mümkündür"

"Müxalifətin hər bir şayiəni şişirtməsi, bununla hökuməti qaralaması artıq ənənə halını alıb: "Şübhəsiz ki, bunlar məqsədyönlü şəkildə edilir. Bu gün xaricdə müəyyən dairələr Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin olmasından, həmçinin Azərbaycanın Rusiyadan silah almasından narahatdırlar. İki ölkə arasındakı münasibətləri pozmağa və Azərbaycanın silah-sursat almağa sərf etdiyi vəsaiti öz bazarlarına yönəltməyə çalışırlar. Yəni bu şayiəni buraxmaqda əsas məqsəd iki ölkə arasındakı münasibətləri korlamaq və Azərbaycanı öz təsirləri altına salmaq istəkləridir". Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Rusiyanın Azərbaycana satdığı silahların keyfiyyətsiz olması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.
A.Mirzəzadə qeyd edib ki, bu gün Azərbaycanda kifayət qədər təcrübəli, silah işini bilən mütəxəssislər var. Cənab Prezidentin özü də Ali Baş Komandan kimi üzərinə düşən vəzifəni yüksək səviyyədə icra edir. Bu baxımdan, Azərbaycana keyfiyyətsiz silahların alınması qeyri-mümkündür. Xüsusən də, Rusiya bu gün Azərbaycanın silah bazarında əsas iki "oyunçu"dan biridir. Hazırda dünya bazarında Rusiyanın müdafiə sənayesi sektoru çox ciddi rəqabət aparır. Ona görə də Rusiya heç vaxt bu bazardakı mövqeyini itirmək istəməz. Bu məsələ ilə bağlı artıq mövqe bildirilib və heç bir narahatlıq yaranmasın ki, Azərbaycan öz Silahlı Qüvvələrinə keyfiyyətsiz silah ala bilər. Bu, mümkün deyil. Ən müasir silahlar məhz Azərbaycan əsgərindədir. Hərbçilərimiz bu silahları peşəkar şəkildə istifadə etmək bacarığındadır. İki il bundan əvvəl aprel döyüşlərində Azərbaycanın bütün sahələrdə, o cümlədən yüksək keyfiyyətli silaha malik olmaq sahəsində Ermənistandan qat-qat üstün olduğu göründü. Düşünürəm ki, Cənab Prezident TASS İnformasiya Agentliyinə verdiyi açıqlama ilə bu məsələ barədə bütün suallara cavab verdi" - deyə, A.Mirzəzadə əlavə etdi.