Zahid Oruc Poqosyanı Xocalı abidəsi qarşısında baş əyməyə və ata-babalarının günahlarına görə üzr istəməyə çağırıb
Bakıda keçirilən NATO Parlament Assambelyasının (PA) NATO PA-nın "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarı çərçivəsində ermənilərin separatçı Dağlıq Qarabağ rejiminin şərəfinə guya badə qaldırması ilə bağlı yaydıqları xəbərə görə azərbaycanlı və erməni deputatlar arasında mübahisə düşüb.
APA-nın məlumatına görə, Ermənistan nümayəndə heyətinin üzvü Tevan Poqosyan Azərbaycan nümayəndə heyətinin üzvü Zahid Oruca yaxınlaşaraq, bu xəbərə etiraz etmələrinin səbəbini soruşub.
O, bunu həqiqətən etdiklərini israr edərək, ölkəsini demokratik ideallara sadiq dövlət kimi xarakterizə edib, Dağlıq Qarabağın "müstəqilliyi" sağlığına badə qaldırmalarına bəraət qazandırmaq istəyib. Z. Oruc isə erməni deputatın sözünü kəsərək bu uydurmanın heç bir siyasi əxlaqa sığmadığını bildirib və erməni deputata həmkarları ilə birgə Bakıda olduqları üç gün ərzində sözün əsl mənasında separatçılıqla məşğul olduqlarını bildirib. Bundan sonra deputatlar arasında mübahisə düşüb, erməni deputat sadalanan faktlara cavab verməyərək uzaqlaşıb.
Məsələni APA-ya təsdiqləyən Z.Oruc bildirib ki, ermənilər Azərbaycan parlamentində Qarabağın "müstəqilliyi" şərəfinə badə qaldırdıqlarını iddia edirlər: "Halbuki belə bir fakt baş verməyib və bu, geri dönərkən özündən qəhrəman obrazı düzəldən Poqosyanın cəfəng uydurmasıdır. Erməni cəmiyyəti də bunun belə olduğunu bilməlidir. O ki qaldı belə sağlığa, bu, Qarabağ ermənilərinin gələcək bədbəxtliyinə və faciəsinə içilən zəhərdən başqa bir şey deyil. Mən Poqosyana dedim ki, gedib Azərbaycanın Xocalı abidəsi qarşısında baş əysinlər və ata-babalarının günahlarına görə üzr istəsinlər".