“Ermənistan situasiya ilə manipulyasiya edir“ Siyasət

“Ermənistan situasiya ilə manipulyasiya edir“

Daha öncə xəbər verdiyimiz kimi, "Facebook" sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan, öz səhifəsində bildirib ki, Arpa kəndi yaxınlığında Azərbaycan yeni mövqelər qurub.
"Areni kəndinin yaxınlığında Azərbaycan tərəfinin yeni mövqelərini, fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar", - deyə Tumanyan öz "Facebook" səhifəsində yazıb.
Erməni KİV-lərinin yazdığına görə, bu barədə sualları "Razminfo" saytının redaktoru Karen Vrtanesyan və Arpa kənd rəhbərinin nümayəndəsi Qevorq Simonyan cavablandırıb.
Vrtanesyan Arpa kəndi istiqamətində bəzi hissələrdə ordumuzun öz mövqelərini irəli çəkdiklərini bildirib.
Erməni jurnalistin "Bu hər hansı əməliyyata başlayacaqlarına dair düşünməyə əsas verirmi?" sualına Vrtanesyan bu şəkildə cavab verib: "Biz istənilən halda düşmənin hərbi əməliyyatlara başlaya biləcəyini istisna edə bilmərik, mən bunu həmişə demişəm. Buna görə, bu və ya başqa bir fəaliyyət bu baxımdan nəzərdən keçirilə bilər. Amma bu vəziyyətdə, bu əməliyyatın bəzi uzaq planların tərkib hissəsi olduğuna dair məsələlər iddia olardı. Ola da bilər, olmaya da".
Daha sonra Vrtanesyan jurnalistin "Yəni bu baxımdan müdafiə nazirliyinin düşünməyə bir səbəbi varmı?" sualına ötəri yanaşaraq cavabdan yayınıb.
"İstənilən halda, yenə deyirəm həmin bölgə nəzəri cəhətdən Naxçıvanda ərazisidir. Hansı imkanları ola bilər, artıq bu başqa bir mövzudur. Azərbaycanlıların indiyədək belə bir addım atmadıqları başqa bir məsələdir", - deyə o qeyd edib.
Məsələ ilə bağlı Arpa kənd rəhbərliyinin nümayəndəsi Qevorq Simonyan da münasibət bildirib.
Onun sözlərinə görə, sözügedən mövqelər kəndi müşahidə altında saxlayır və məsələ ilə bağlı Ermənistan müdafiə nazirliyindən bölgəyə qrup göndərilib.
"Ermənistan müdafiə nazirliyindən gəldilər. Hamı da bilir, gəlib baxıb. Onlar mövqeni yeni qoyublar. Açıq-aydın dağın təpəsindədir", -deyə Simonyan bildirib.
Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan da erməni sosial şəbəkə istifadəçisi tərəfindən mövqelərimizlə bağlı yayımlanan fotolara münasibət bildirib.
Erməni jurnalistin "Bəs yeni mövqelərin peyda olduğu doğrudur?" sualına Hovhannisyan bu şəkildə cavab verib: "Mən bir söz deyə bilmərəm, Azərbaycan öz tərəfində yeni mövqelər qura bilər. Onların mövqeləri, öz dövlətlərinin sərhədləri daxilindədir".
Qeyd edək ki, ordumuz Naxçıvan istiqamətində Günnüt kəndi istiqamətində yerləşən mövqeləri azad etməklə yanaşı, digər istiqamətdə də (Ermənistanın Vayots Dzor vilayətinin Arpa kəndi istiqamətində) öz mövqelərini möhkəmləndirib. Düşmən Arpa kəndi istiqamətindən məlumatlar yaymaqla, Günnüt kəndi istiqamətindəki məğlubiyyətini gizlətməyə çalışır.