“Sərkisyanın başçılıq etdiyi hərbi komanda çox yaxşı bilir ki...” Siyasət

“Sərkisyanın başçılıq etdiyi hərbi komanda çox yaxşı bilir ki...”

Ramil Məmmədli: "Paşinyan müharibə adamı deyil"

"Ermənistan daxilindəki siyasi proseslər hələ də gərgin mərhələdədir. Keçmiş prezident Serj Sərkisyan kresloyla vidalaşsa da, ona yaxın nüfuzlu şəxslər hələ də, xüsusilə, Silahlı Qüvvələrdə öz yerlərindədirlər". Bunu cəbhə xətdindəki gərginliyi şərh edərkən hərbi ekspert Ramil Məmmədli deyib. Ekspert hesab edir ki, Ermənistan daxilində baş verən gərgin psoseslər və erməni silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulması baş nazir Nikol Paşinyana qarşı hazırlanmış təxribatın tərkib hissəsidir: "Sərkisyanın başçılıq etdiyi hərbi komanda çox yaxşı bilir ki, Paşinyan müharibə adamı deyil. O, daha çox siyasət adamıdır və müharibənin gərginliyinə dözəcək şəxs deyil. Digər yandan, Serj Sərkisyanın Dağlıq Qarabağdakı separatçı rejim arasında hələ də mövqeləri güclüdür. Hesab edirəm ki, təmas xəttində yaranmış gərginlik Paşinyanın xeyrinə deyil. Çünki Sərkisyan və komandası bilir ki, gərginlik artsa, Azərbaycan işğal edilmiş əraziləri azad etmək üçün əks hücuma keçib hərbi əməliyyatlara başlaya bilər. Bu zaman Ermənistan işğalda saxladığı əraziləri itirərsə, hakimiyyətdə olan şəxsin devrilmək ehtimalları artacaq.
Paşinyan başa düşür ki, cəbhədə artan gərginlik onun lehinə deyil və buna görə də, hakimiyyətini qoruyub saxlamaq üçün Azərbaycana qalib gəlməlidir. Amma onu da yaxşı başa düşür ki, Azərbaycana qalib gəlməsi üçün güclü ordu lazımdır. Lakin Paşinyanın belə bir ordusu yoxdur. Buna görə də yaxşı bilir ki, güclü ordunun, beynəlxalq dəstəyin lazımi səviyyədə olmadığı və daxili siyasi gərginliyin pik həddə olduğu bir vaxtda müharibədə Azərbaycana qalib gəlmək mümkün deyil. Azərbaycan isə ermənilərin bu təxribatlarının qarşısını uğurla alır".
Ramil Məmmədli qeyd edib ki, Nikol Paşinyanın uğursuz həmlələri onun başçılıq etdiyi siyasi komandada "çat" yaradıb: "Ermənilərin özləri də, öz içindən çıxan liderlərə qarşı etibarsızdırlar, onların kiçik səhvlərini də bağışlamırlar. Buna görə də hesab edirəm ki, Paşinyanı hakimiyyətə gətirən meydan hərəkatının özü onu devirəcək".