“NATO-nun gördüyü tədbirlərin kökündə Rusiyanın qarşısının alınması durur” Siyasət

“NATO-nun gördüyü tədbirlərin kökündə Rusiyanın qarşısının alınması durur”

Sülhəddin Əkbər: "Təşkilatın Şərqi Avropada aktivliyinin artırılması bu məqsədi daşıyır"

"Rusiya ilə NATO arasında normal dialoq mövcud idi. Amma bu münasibətlər 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana təcavüzü zamanı zərbə aldı. Bundan sonra münasibətlər yüksək səviyyəyə qalxmasa da, müəyyən qədər bərpa edildi. Lakin 2014-cü ildə Rusiyanın Krımı işğal və ilhaq etməsindən, habelə Donbasda yerli separatçılara dəstək verərək ərazinin bir hissəsinin işğalından sonra ABŞ, Avropa Birliyi və NATO ilə Rusiyanın münasibətləri tamamilə pozuldu. ABŞ özünün milli təhlükəsizlik konsepsiyasına yenidən baxdı və Rusiyanı başlıca qlobal təhdid hesab etdi. Bu yanaşmanı Avropa Birliyi və NATO da qəbul etdi". Bunu NATO-nun Rusiya sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimləri şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib. Sülhəddin Əkbər xatırladıb ki, indi ABŞ-ın, ayrı-ayrı dövlətlərin, xüsusən NATO-nun gördüyü tədbirlərin kökündə Rusiyanın qarşısının alınması durur: "NATO-nun Şərqi Avropada aktivliyinin artırılması, hərbi təlimlərin il boyu həyata keçirilməsi bu məqsədi daşıyır. Başlıca məqsəd Şərqi Avropa ölkələrində NATO-nun hərbi aktivliyini artırmaq, Rusiyanın qarşısını almaq və Şərqi Avropada Rusiyadan qorxan dövlətləri sakitləşdirməkdir.
NATO bu hərbi təlimlərlə kifayətlənmir. Eyni zamanda Ukrayna və Gürcüstana müdafiə potensialını artırmaq məqsədilə dəstək verir. Bununla bağlı "NATO-Ukrayna:2020" proqramı qəbul edilib. Proqrama əsasən, Ukrayna Silahlı Qüvvələri 2020-ci ilə qədər NATO standartlarına uyğunlaşdırılmalıdır. Eləcə də NATO-nun Gürcüstanda Təlim və Qiymətləndirmə Mərkəzi yaradılıb. Həmçinin çevik qüvvələrin 500 nəfərlik məhdud kontingenti yerləşdirilib. Bu təlimlər də Rusiyanın qarşısının alınması çərçivəsində görülən tədbirlər paketinə daxildir.
Gələcəkdə də bu istiqamətdə işlər davam edəcək. Eyni zamanda Qara dənizdə də intensiv təlimlər həyata keçirilir. Həm strateji, həm də operativ-taktiki təlimlərin şahidi oluruq. Təbii ki, 18 min qüvvənin iştirakı ilə keçirilən təlim böyük tədbirdir. Beynəlxalq konvensiyalara görə, bu təlimlərə Rusiyanın müşahidə missiyası dəvət edilməlidir. Ancaq belə dəvətin olub-olmadığı haqda bizdə informasiya yoxdur".
Sülhəddin Əkbər NATO-nun təlimlərinə son illər Rusiyanın sərt reaksiya göstərmədiyi haqda iddialara ciddi yanaşmayıb:
"Rusiya NATO-nun genişlənməsinə Gürcüstanın, Moldovanın, Ukraynanın bir hissəsini işğal etməklə cavab verib. Eyni zamanda Ermənistanın əli ilə Azərbaycanın bir hissəsini işğal edib. Bu, Rusiyanın NATO və Avropa Birliyinin genişlənməsinə verdiyi ən sərt reaksiyadır. Bundan sonra Rusiya gərək NATO üzvü olan ölkələrə hücum etsin. Bu ölkələr də Avropa Birliyi və NATO üzvü olan dövlətlərdir, öz müdafiə qüdrətlərini möhkəmləndirmək üçün daim NATO və ABŞ-dan əlavə tədbirlərin görülməsini tələb edirlər.
Görülən tədbirlərin bir məqsədi Rusiyanın qarşısını almaqdırsa, digər məqsəd də həmin ölkələrin müdafiəsini gücləndirməklə onları sakitləşdirməkdir.
NATO bununla eyni zamanda tərəfdaş ölkələrə göstərir ki, üzvlərinin müdafiəsi və təhlükəsizliyini təmin edir, hətta buna görə Rusiya ilə qarşıdurmadan çəkinmir. Bu da gələcək tərəfdaş ölkələrin NATO-ya üzv olmaqdan çəkinməməsini təmin edir".
Xatırladaq ki, Şimali Atlantika alyansına üzv 19 dövlətin 18 min əsgəri NATO-nun şərq sərhədlərində geniş miqyaslı təlimlərə başlayıb. Təlimlər Polşa, Latviya, Litva, və Estoniya ərazilərini əhatə edir. Sayca 18-ci olan bu ilki təlim iyunun 15-ə qədər davam edəcək. Təlimlərə ABŞ rəhbərlik edir.
Təlimlərdə ABŞ, Britaniya, İspaniya, Norveç, Polşa, Almaniya, Fransa, Kanada, İtaliya, Niderland və digər dövlətlər iştirak edir.