“Gürcüstan prezidentinin Türkiyədə TANAP-ın açılışında iştirakdan son anda imtinası...” Siyasət

“Gürcüstan prezidentinin Türkiyədə TANAP-ın açılışında iştirakdan son anda imtinası...”

Mübariz Əhmədoğlu: "Rəsmi Tiflisin təkcə Azərbaycana deyil, həm də Türkiyəyə qarşı neqativ xarakter aldığını göstərir"

"Azərbaycana münasibətdə Gürcüstan rəhbərliyinin apardığı siyasətin neqativləşdiyini gizlətmək mümkün deyil". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, İvanişvilinin Gürcüstan idarəçiliyində rolunun artması ilə rəsmi Tbilisinin Azərbaycana qarşı siyasətində neqativliyin artması düz mütənasibdir: "Kvirikaşvilinin Ermənistanda son hakimiyyət dəyişiklikləri dövründə Ermənistan istiqamətindəki siyasətində ermənipərəstlik meyli də B.İvanişvilinin rolunun artması ilə düz mütənasibdir. İvanişvilinin diktəsi ilə rəsmi Tbilisinin Azərbaycana neqativ siyasəti epizodik deyil. Gürcüstanın Azərbaycana neqativ siyasəti ermənipərəst mahiyyətlidir.
Gürcüstan prezidentinin Türkiyədə TANAP-ın açılışında iştirakdan son anda imtinası Gürcüstanın siyasətinin təkcə Azərbaycana deyil, həm də Türkiyəyə qarşı neqativ xarakter aldığını göstərir. Yaxın gələcəkdə Gürcüstan regional layihələrdə iştirakı ilə bağlı fərqli mövqe ortalığa qoya bilər.
Gürcüstanın Azərbaycan siyasətinin mahiyyətində jurnalist Əfqan Muxtarlı hadisəsini ciddi faktor hesab etmək düzgün deyil. Gürcüstanda demokratiya və mətbuat azadlığı sahəsində Əfqan Muxtarlı insidentindən qat-qat təhlükəli hadisələr baş verib. İvanişvili üçün demokratiya yad məsələdir.
O əlavə edib ki, Tbilisinin Azərbaycana qarşı neqativ siyasət aparmasını daha çox iki faktorla əlaqələndiririk:
I. Kölgədə yatan B.İvanişvili ilə aktiv siyasətə qayıdan B.İvanişvili fərqlidir. B.İvanişvili baş nazir olarkən yalnız Gürcüstan miqyasında fəaliyyəti var idi. İndi Gürcüstan B.İvanişvili üçün kiçik miqyaslıdır. B.İvanişvili region miqyaslı lider kimi təqdim olunmasını istəyir. Region lideri postu isə artıq sahibini tapıb. Azərbaycan Prezidenti özü və rəhbərlik etdiyi dövlət regionun şəksiz və şəriksiz lideridir, tez-tez dünya çapındakı proseslərə baş vurur. Məhz bu kontekstdən B.İvanişvilinin ermənipərəst siyasətinin mahiyyətini başa düşmək olar. Ermənistanın baş naziri N.Paşinyan B.İvanişviliyə əl uşağı kimi görünür.
B.İvanişvilinin ermənipərəstlik mahiyyətli antiAzərbaycan mövqeyində tələskənliyi də hiss olunur:
I. Gürcüstan, Ukrayna və Moldova birlikdə parlament assambleyası yaratmaqla Azərbaycanın ərazi bütövlüyünü öz ərazi bütövlüklərinə bərabər tutmaqdan yayındılar. Normal halda Gürcüstan buna imkan verməməli idi. Bununla da bu 3 dövlət Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyini bölüşdüklərini etiraf etdilər. 2017-ci ilin noyabrın 24-də Aİ-nin Brüssel sammitində Azərbaycan Prezidenti bu mövzuda kifayət qədər ciddi uğur əldə etdi: Şərq Tərəfdaşlığı üzv ölkələrin ərazisindəki münaqişələrin həllində ərazi bütövlüyü və dövlət suverenliyi əsas kimi təsdiqlənmişdir. Ərazi bütövlüyü prinsipinə Gürcüstan, Ukrayna və Moldova yanaşması siyasiləşib. Ərazi bütövlüyü prinsipinə Azərbaycanın mövqeyi isə sarsılmazdır. Ərazi bütövlüyü prinsipinə Azərbaycanın sarsılmaz mövqeyindən Ermənistan əziyyət çəkir. Görünür, bu, kimlərisə narahat edir.
Hər üç dövlət həm də ABŞ-a yönəli siyasət aparır. Görünür, bunların fikrincə, ABŞ-ın sahibi erməni lobbisidir. Hər 3 dövlət həm də antiRusiya siyasətini prioritet ediblər və bundan divident qazanmaq istəyirlər. Azərbaycanın belə siyasi kursu yoxdur, ola da bilməz.
II. Marneuli rayonunda Nərimanov adına mədəniyyət evinin adının inkarı,
III. Marneulinin meri milliyyətcə azərbaycanlı T.Abazovun həbsi,
IV. Deputat Azər Süleymanova (M.Saakaşvilinin tərəfdarı) cinayət işinin açılması,
V. Milliyyətcə azərbaycanlı, Gürcüstan vətəndaşı Orxan Abbasın fb-də antierməni statusuna görə 2 il keçmiş cinayət işinin başlanması bunu göstərir.
Xüsusi olaraq qeyd edək ki, azərbaycanlıların M.Saakaşvilinin tərəfdarları kimi görünməsi B.İvanişvilinin antiAzərbaycançılığı üçün aldadıcı təəssüratdır. Çünki azərbaycanlıların bir qisminin Saakaşvili tərəfdarı olması yalnız seçkilər zamanı özünü göstərir. Gürcüstandakı azərbaycanlılar heç zaman separatçılıqla məşğul olmayıblar. Ermənistan və Gürcüstandakı ermənilərin rəsmi Tbilisiyə qarşı ən böyük hədəsi həmişə Cavaxetiya separatizmindən istifadə olub.
II. Son zamanlar Gürcüstandakı ermənilərlə azərbaycanlılar arasında münasibətlərdə yaxşılaşma halları qeydə alınıb. Ehtimal ki, B.İvanişvili Gürcüstan vətəndaşı olan ermənilər və azərbaycanlılar arasındakı münasibətlərin istiləşməsini gələcəkdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təməli kimi başa düşür. Tbilisi Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasının tərəfdarı deyil.
Gürcüstanın daxilində erməni və azərbaycanlıların təmaslarının artmasında, onların münasibətlərinin normallaşmasında rəsmi Tbilisi və rəsmi Bakı iştirak etmir. Bu prosesdə RF-ə məxsus strukturların iştirakını daha çox ehtimal edirik. İran faktoru da bu məsələdə rolunu oynaya bilər. Erməni və azərbaycanlı müğənnilərin birlikdə "Sarı gəlin" mahnısını ifa etməsi xüsusi diqqət çəkir.
Gürcüstanda yaşayan erməni və azərbaycanlı gənclərin "Yeni nəsil, sülh naminə" beynəlxalq platfforması" ilə əlaqələndirmək mümkündür".
Mübariz Əhmədoğlu həmçinin əlavə edib ki, bu gün Azərbaycan kifayət qədər yüksək inkişaf mərhələsinə gəlib çatıb: "Artıq bizim uğurlarımız, dünya miqyasında bir dövlət olmağımız iri dövlətlərin əldə etdiyi uğurlarla müqayisə oluna bilər. Amma bizim qonşu dövlətlərdən bəzisi hadisələrə hədsiz çılğın və emosional reaksiya verir. Fikrimcə Azərbaycanın əldə etdiyi nailiyyətlər onun uğurlarının bir qismini əlindən alır".
Mərkəz sədri bildirib ki, ötən ay Bakıda Əfqanıstan üzrə təmas qrupunun iclası keçirildi: "Dünya geosiyasətinin ən vacib məsələlərindən biri Əfqanıstan məsələsidir. Bizim adətən mətbuatımız, ictimasi-siyasi mühitimiz bu barədə ictimaiyyəti kifayət qədər məlumatlandırmayıb deyə, o məsələni az əhəmiyyətli görür. Hətta beynəlxalq ekspertlərin də belə fikri var ki, Əfqanıstan məsələsi həll olunmaya qədər bütövlükdə Yaxın Şərq regionunda sabitliyi bərpa etmək mümkün olmayacaq. Bununla bağlı konkret arqumentlərdə gətirilib. İndi siz təsəvvür edin ki, Azərbaycanda Əfqanıstan məsələsi müzakirə olunur. Yəni Azərbaycan bu səviyyədə dünya çapında rolu olan bir dövlətdir. Bizim qonşu dövlətlərin də marağı var idi ki, Əfqanıstan məsələsi məhz onların ərazisində müzakirə olunsun. Bu məsələdə əsas təşəbbüskar ABŞ-dır. Amerika da həmin funksiyanı Azərbaycanın yerinə yetirməsini xahiş etdi. Hesab edirəm ki, Azərbaycanın dünya çapında rolunun artması bəzi dövlətlərdə qorxu yaradıb. Xaricdən idarə olunan saytların əksəriyyəti də məhz həmin dövlətə məxsusdur. Bu kimi saytlar Rusiyanın, Türkiyənin, ABŞ-ın və s. ölkələrin ərazisində də qeydiyyata keçə bilər. Bu saytlar İranla da bağlı ola bilər".
Politoloq Mingəçevir İES-də baş vermiş qəza ilə Gəncə hadisələrinin bir-biri ilə bağlı olduğunu deyib.
M.Əhmədoğlu Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişdirilməsinə diqqəti çəkərək məsələyə aydınlıq gətirib: "Təsəvvür edin ki, iyul ayı Azərbaycanda Konstitusiya ilə prezident seçkilərinin elan olunduğu vaxtdır. Əgər bu ilin aprel ayında prezident seçkiləri keçirilməsə idi, iyul ayında elan olunmalı idi və avustda keçirilməli idi. Belə görünür ki, İranda müəyyən bir qrup hazırlayırlar və ona ssenari yazırlar. Həmin qrup da fəaliyyətə başlayır. Azərbaycan Prezidenti İlham Əliyev ayıq-sayıq siyasət apardığı üçün o bildi ki, kimlərsə həmin dövrdə vəziyyəti gərginləşdirmək istəyəcək. Ona görə də ölkə başçısı prezident seçkilərinin vaxtını qabağa çəkdi".