“ABŞ Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa çalışır” Siyasət

“ABŞ Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa çalışır”

"Cənubi Qafqaz regionunda Ermənistan qeyri-müəyyənlik mənbəyi olaraq qalır".
Bu sözləri politoloq Ehtiram Aşırlı deyib. O bildirib ki, Moskvada Paşinyanın ABŞ tərəfindən Rusiya və İrana qarşı həyata keçirilən layihə olduğu rəyi güclənir:
"ABŞ Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa çalışır. Bunun üçün Gürcüstan ssenarisi təkrarlanır. Paşinyanın liderlik etdiyi prosesin artıq Qərb donor qurumlarından maliyyələşən QHT-lər və onların yönəltdiyi, Rusiyaya qarşı kəskin mövqeyi ilə fərqlənən və bunu sosial şəbəkələrdə açıq şəkildə yazan şəxslər tərəfindən həyata keçirildiyi artıq kimsəyə sirr deyil. Düşünürəm ki, Paşinyanın hakimiyyətə gətirilməsi əvvəlcədən hazırlanmış və ortamüddətli strateji planlarda istifadə üçün nəzərdə tutulmuş plandır. Bunu ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills də dolayısı ilə etiraf etdi".
Millsin Ermənistan-ABŞ Ticarət Palatasının tədbirindəki "Ermənistanda müəyyən qruplara və şəxslərə bir neçə ildir ki, aktiv dəstək verilir və vətəndaş cəmiyyətinin və KİV-lərin möhkəmlənməsi üçün əlavə 26 milyon dollar yardım ayrılacaq" kimi sözlərinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dərhal reaksiya verməsini xatırladan politoloq qeyd edib ki, hazırda İrəvanda qütblərin toqquşduğunu müşahidə etmək olar:
"Bu toqquşma 9 dekabr seçkiləri öncəsi özünü daha aydın göstərməkdədir. Hesab edirəm ki, seçkidən sonra Ermənistanda ictimai-siyasi və iqtisadi böhran daha da gərginləşəcək. Məsələn, bu yaxınlarda Robert Köçəryan növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bütün tərəflərə bərabər şəraitin yaradılmadığından bəhs etdi. O hesab edir ki, Paşinyan hakimiyyəti erməni müxalif düşərgəsinə təzyiqlər edir. Hətta bir qrup bloger özlərinə qarşı olan təzyiq haqqında ictimaiyyətə məlumat verməyə başlayıb. Ümumilikdə Ermənistanda siyasi mühit böhranlıdır və seçkidən sonra toqquşma zəmini indidən hazırlanır".
Politoloqun sözlərinə görə, İranın şimal qapısını bağlamaq üçün Ermənistana ABŞ-ın təzyiqi artacaq:
"Paşinyan məhz buna görə hakimiyyətə gətirilib və öhdəliyinə də əməl etməlidir. Bu öhdəliyə əməl etmə isə Rusiyanın əks-reaksiyası ilə qarşılanacaq. Ona görə də Ermənistanda ciddi hadisələr gözlənilir".