“Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir” Siyasət

“Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir”

2018-ci il Azərbaycan Respublikası üçün ən uğurlu illərdən biri oldu. Prezident seçkiləri və cənab İlham Əliyevin böyük səs çoxluğu ilə qalib gəlməsi xalqın ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasətin davamına səs verməsi deməkdir. Xalq İlham Əliyevin gördüyü işləri, həyata keçirdiyi çoxşaxəli layihələri dəstəklədiyini bəyan etdi. Bu da onu göstərir ki, Azərbaycan xalqı İlham Əliyevə tam etimad edir və ona inanır.
Bu barədə Trend-ə Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev deyib.
Azay Quliyev qeyd edib ki, 2018-ci il bizim enerji siyasətimiz üçün də önəmli il oldu: "Ötən ilin iyun ayında, belə böyük bir layihə üçün mümkün olan ən qısa müddətdə, üç il ərzində təhvil verilən TANAP layihəsinin açılışını qeyd etmək tarixi bir hadisədir. Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı da heç bir problem yoxdur və 2020-ci ildə təhvil veriləcək. Cənub Qaz Dəhlizinin uğurla başa çatması Azərbaycan üçün yeni üfüqlər açacaq. Azərbaycanın öz resurslarını bir çox ölkələrin bazarlarına yaxın zamanda çıxartması bizim iqtisadi və siyasi təhlükəsizliyimiz üçün çox önəmlidir".
Deputat vurğulayıb ki, ötən ilin oktyabr ayında İzmirin Əliağa rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin STAR neft emalı zavodunun açılış mərasimi baş tutdu: "Layihənin ümumi investisiyası 6,3 milyard dollar təşkil edir və STAR neft emalı zavodunun hər il 10 milyon ton xam neft emal etməsi gözlənilir. Dünya üzrə tanınan "Hydrocarbon Processing" jurnalı STAR NEZ layihəsini ilin ən yaxşı layihəsi elan edib. Bu, ölkəmizin enerji sahəsində əldə etdiyi daha bir uğurdur".
Azay Quliyev deyib ki, 2018-ci il Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsi və Xəzər dənizinin ən böyük limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olub: "Şübhəsiz ki, bu liman Azərbaycanın tranzit potensialını artıracaq və ölkəmizin uğurlu iqtisadi siyasətinə müsbət təsir göstərəcək".
O bildirib ki, ötən ilin sentyabr ayında daha bir telekommunikasiya peyki – "Azerspace 2"nin orbitə çıxarılması qısa zaman ərzində Azərbaycanın az sayda olan kosmik ölkələr siyahısında yerini möhkəmləndirməsinə səbəb oldu: "Kosmik ölkəyə çevrilmək cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf siyasətinin ən parlaq nəticələrindən biridir. Hesab edirəm ki, qarşıdakı illərdə bu sahə Azərbaycan iqtisadiyyatının güclənməsində daha böyük paya sahib olacaq".
Azay Quliyev diqqətə çatdırıb ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayımlanan "Doing Business 2019" hesabatında ölkəmiz 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb: "Azərbaycan 190 ölkə arasında yeganə ölkədir ki, 32 pillə irəliləməyə nail olub. Hesabatda Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Bu, çox böyük uğurdur. Şübhəsiz ki, bu uğurun arxasında ölkə Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar durur".
Millət vəkili qeyd edib ki, keçən il müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu: "Bu səbəbdən Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etdi. Ötən il Cümhuriyyətin 100 illiyi və 2018-ci ilin "AXC ili" elan olunması özümüzə, keçmişimizə və AXC-ni quran dəyərli dövlət və ictimai-siyasi xadimlərimizə verilən yüksək qiymət və sevgidir. İl boyu ən yüksək səviyyəli dövlət və rəsmi tədbirlərin keçirilməsi, dövlətçilik tariximizin və demokratik dəyərlərimizin bir daha dünyaya təqdim olunması ilə nəticələndi. Ötən il, eyni zamanda, Bakının azad olunmasının 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad keçirildi. Hərbi paradda Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidmətinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyət iştirak etdi. Bu parad dünyaya Azərbaycan-Türkiyə qardaşlığının möhtəşəm görünüşünü və hərbi gücünü nümayiş etdirdi".
O əlavə edib ki, eyni zamanda, Azərbaycan Parlamentinin 100 illiyi təntənəli şəkildə qeyd olundu: "Bu məqsədlə Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş xüsusi iclas keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev milli parlamentimizin bir əsrlik yubileyinə toplaşmış 44 xarici ölkənin nümayəndə heyətini, 10-a yaxın beynəlxalq təşkilatın və ölkəmizdəki diplomatik korpusların təmsilçilərini salamladı. Dövlət başçısı geniş nitqində qeyd etdi ki, Azərbaycan Parlamenti ölkədə müstəqilliyin möhkəmləndirilməsində və sürətli inkişafın təmin edilməsində müstəsna rol oynayır".
Azay Quliyev bildirib ki, 2018-ci il tarixdə ilk dəfə olaraq Xəzər dənizinin hüquqi statusu müəyyən olundu və sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəlikləri təsbit edildi: "Xəzər dənizinin hüquqi statusuna dair imzalanan bu sənəd Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi və regionun inkişafı üçün çox önəmli bir addım oldu. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi, onun dibinin və səthinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın milli maraqlarına cavab verən formada sektorlara bölünməsi tarixi nailiyyət idi".
Deputat xatırladıb ki, yola saldığımız ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri" sənədi imzalanıb: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kifayət qədər geniş hüquqi baza var və bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlarımız tam şəkildə ifadə edilir və eyni zamanda göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir".
Ötən ilin aprel ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Körtis Skaparottinin Bakıda görüş keçirdiyini xatırladan millət vəkili bildirib ki, bu görüş Azərbaycan Respublikasına bir-birinə zidd olan iki qlobal gücün eyni dərəcədə etimadı və inamı, ölkəmizin müvəffəqiyyətli xarici siyasətinin göstəricisidir.
ATƏT PA-nın vitse-prezidenti deyib ki, 2018-ci ildə Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük konfransı keçirilib: "Dövlət və hökumət başçıları konfransın Yekun sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həllini məqsədəuyğun hesab etdiklərini ifadə ediblər. Azərbaycan bu təşkilatda uğurla fəaliyyət göstərir və artıq cari ildən başlayaraq dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrlik edir".
Azay Quliyev vurğulayıb ki, ötən il Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almağı ilə bağlı məsələyə diqqət yetirilib: "Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətləri iqtisadi əlaqələrin inkişafı, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində mühüm rol oynayır. Bu təşkilatın əsas tərəflərindən biri də üzv ölkələrin tranzit potensialının yüksək olmasıdır və həmin təşkilat "İpək Yolu" kontekstində xüsusi önəm daşıyır. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə birgə fəaliyyət məqsədilə atdığı addımlar respublikamız üçün yeni imkanlar yarada bilər".
Deputat qeyd edib ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib: "Ötən il ərzində ölkə Prezidenti İlham Əliyev 16 rəsmi və işgüzar səfəri həyata keçirilib. İkitərəfli əlaqələrin inkişafı və razılaşmalar Azərbaycanın bu gün etibarlı tərəfdaş olduğunu sübut edir. Cənab İlham Əliyev 2018-ci ildə aparıcı ölkələrin başçıları ilə bir sıra önəmli görüşlər keçirib. Ölkə başçımızın Parisdə, Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşü keçirildi və iki ölkə arasında olan iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrlə bağlı ikitərəfli münasibətlərin inkişafına dair müzakirələr aparıldı. Həmin il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub. Görüşdə iki ölkə arasında yüksək səviyyədə olan energetika sahəsində əməkdaşlıq, regional inkişaf və təhlükəsizlik məsələləri müzakirə olundu. Avqustun 25-də respublikamıza Almaniyanın Federal Kansleri Angela Merkelin səfəri və Prezident İlham Əliyevlə birgə mətbuat konfransında Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu və rəsmi Berlinin buna Minsk qrupu çərçivəsində öz töhfəsini verməyə hazır olduğunu, ümumiyyətlə, son illər Azərbaycan və Almaniya arasında münasibətlərin bütün istiqamətlər üzrə dərinləşməsini bildirməsi ölkəmizin uğurlu xarici siyasətinin göstəricisidir. Ötən il, həmçinin Azərbaycan-Rusiya münasibətləri üçün çox uğurlu il oldu. Tərəflər iqtisadiyyat, mədəniyyət, hərbi-müdafiə və siyasi dialoq daxil olmaqla, bir çox sahələrdə əməkdaşlığı möhkəmləndirib. 2018-ci ildə İlham Əliyevlə Vladimir Putin arasında keçirilən görüş bunun bariz nümunəsidir".
ATƏT PA-nın vitse-prezidenti 2018-ci ilin oktyabr ayında ABŞ Prezidenti Donald Trampın milli təhülkəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfərinin də ölkəmiz üçün uğurlu hadisələrdən biri olduğunu deyib: "Con Bolton ABŞ-ın enerji resurslarının alternativ təchizatçısı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirdiyini vurğuladı. ABŞ-ın Xəzər qazının Avropaya nəqli üçün Cənub Qaz Dəhlizi layihəsinə xüsusi əhəmiyyət verməsi Azərbaycanın uğurlu enerji siyasətinin göstəricisidir. Qeyd etmək istərdim ki, Azərbaycandan sonra Con Bolton Ermənistana da səfər edib və hər iki ölkəyə edilən səfərlər zamanı keçirilən görüşlərə nəzər yetirsək görərik ki, ABŞ-ın Ermənistandan fərqli olaraq Azərbaycana olan münasibəti yüksək səviyyədədir. Azərbaycanla xarici ölkələr arasında olan əməkdaşlıq bəzi üçüncü ölkələrin, xüsusilə də Ermənistanın narazılığına səbəb olur, lakin bu, tərəflərin sıx əlaqəsinə heç bir təsir göstərmir".