“Qərb bir milyon insanın haqqının pozulmasına göz yumur” Siyasət

“Qərb bir milyon insanın haqqının pozulmasına göz yumur”

"Xalqımız bir şeyə diqqət etsin ki, həmin Qərb ölkələri İraqa, Suriyaya, Liviyaya münasibətdə də eyni, insan hüquqlarının pozulması ssenarisindən istifadə edirlər. Orada guya demokratik dövlət qurmaq istəyirdilər. Amma nəticədə həmin ölkələr cəhənnəmə çevrildi, milyonlarla insan həlak oldu, ölkədən didərgin düşdülər. O qüvvələr "maşa" rolun oynayırlar və insanların sadəlövlüyündən, inanclarından istifadə edərək ölkəmizdə həmin Suriya variantını yaratmaq istəyirlər".
Bu fikirləri deputat Tahir Kərimli deyib. O bildirib ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi: "Əvvəla Avropa Parlamentinin təxminən 750 üzvü var. Azərbaycanla əlaqədar məsələni müzakirə edəndə isə orda 12-15 nəfərdən artıq adam olmayıb. O şəxslər Azərbaycan əleyhinə danışıb, insan hüquqlarının pozulmasını müzakirə ediblər. Onlar kimdir? Hamısı Böyük Britaniyadan, Portuqaliyadan və digər yerlərdən olan, həmçinin demək olar ki, hər biri Dağlıq Qarabağa səfər edən adamlardır. Azərbaycanın dövlət suverenliyi əleyhinə Ermənistan tərəfindən Dağlıq Qarabağa səyahət edirlər. Eyni zamanda Dağlıq Qarabağın müstəqilliyini müdafiə edirlər. Bu, o Avropa Parlamentidir ki, Ermənistana indiyə kimi 750 milyon avroya qədər yardım edib. Ondan ötrü ki, Ermənistan ayaqda qalsın, xristian təəssübkeşliyi olsun. Həmin qüvvələr 40 ildir Türkiyəni Avropa İttifaqına daxil olmağa qoymurlar və açıq şəkildə deyirlər ki, bura xristian klubudur". Deputat qeyd edib ki, Qafqazda Azərbaycanın irəlidə getməsini həmin xarici qüvvələrin gözü götürmür. Azərbaycanda hər şey ideal səviyyədə deyil. Bütün dövlətlərdə problemlər olduğu kimi bizdə də var. Öz problemlərimizi də özümüz həll edək. Digər tərəfdən, biz Avropa İttifaqının üzvü deyilik, onun ixtiyarı yoxdur, bizə hansısa göstərişi versin ki, bunu elə, onu eləmə. Çünki bizim onun qarşısında heç bir öhdəliyimiz yoxdur. Aİ-nin nə ixtiyarı var ki, məhkəmənin həll etdiyi məsələyə müdaxilə edə, deyə kimlərisə həbsdən azad et, axı sənin buna səlahiyyətin çatmır. Məhkəməsiz kimsə azadlığa buraxılsa o zaman Aİ-nin səsi dünyanı götürər ki, Azərbaycanda məhkəmə sistemi yoxdur. Bəs məhkəmənin qərarı olmadan necə deyə bilirsən ki, filankəsi aç burax. Sən ancaq təklif edə bilərsən ki, məhkəmə qarşısında bu məsələni qaldırsınlar. Bundan əlavə, Mehman Hüseynovla bağlı araşdırma başa çatmayıb. Bu məsələ obyektiv həll olunacaq. Qərbin bu cür istəkləri Azərbaycanı qatışdırmaqdan ibarətdir. Bir-birinə zidd insanlar, özlərini gözü götürməyən, söyən müxalifət liderləri indi guya birləşib nə isə hərəkət edirlər. Xalq hamını tanıyır".
T. Kərimli əlavə edib ki, bu gün Prezident İlham Əliyevin inqilabi islahatlar aparır: "Bütün orqanlar, nazirliklər, təşkilatlar ləğv olunur, birləşdirilir, yeni strukturlar yaradılır. Xalqı incidən, əli rüşvətə bulaşan qurumlar tamamilə ləğv olunur, fəaliyyəti ASAN xidmətə verilir. Ona görə də hesab edirəm ki, Qərbin Azərbaycanda istəyi həqiqi insan hüquqları ilə bağlı deyil. Əgər onlar azacıq bizə hörmət etsəydilər, 2 şeyi deyərdilər. Birincisi, yüz minlərlə insan məcburi köçkün, qaçqın düşüb, onların bu günə kimi yaşayış, vətən, torpaq, əmlak və bu kimi digər pozulan hüquqlarını müdafiə etmirlər. Bir insana görə Azərbaycana qarşı çağırış edirlər, amma bir milyon insanın haqqının pozulmasına göz yumurlar. Bu, ilk növbədə ədalətsiz münasibətdir. İkincisi, onlar dərk edərlər ki, biz islam xalqıyıq, milli haqlarımız var. Sən cinsi azlıqlarla bağlı mənim qarşıma nəyə görə tələb qoyursan? Yaxşı, Mehman Hüseynovla bağlı qoydun, başa düşdük, bəs bu nədir, bir maddə də əlavə var ki, Azərbaycanda cinsi azlıqların haqları pozulur. Sən bilmirsən ki, bura sənin istədiyin dövlət deyil? Sən əxlaqsızlara dəyər verirsən, axı Azərbaycanda pis baxılır, burda mənəviyyat anlayışı var. Ümumiyyətlə, Qərbdə heç bir səmimiyyət görmürəm. Onlar yalnız texnoloji üstünlüklərindən, maliyyə imkanlarından tarixən istifadə edib Türk xalqlarını öz itaətlərində saxlamaq arzusundadırlar, inkişafın qarşısını almaq istəyindədirlər. Bununla bağlı artıq faktlar var və ona görə də ayıq olmalıyıq".