“Dünyada qlobal təhlükəsizlik məsələləri əsasında dini və etnik problemlər dayanır” Siyasət

“Dünyada qlobal təhlükəsizlik məsələləri əsasında dini və etnik problemlər dayanır”

Səyavuş Heydərov: "Lakin bu məsələ özü yaranmır, kimlər tərəfindənsə yaradılır"

"Təəssüf doğuran hal budur ki, bu gün bəzi müsəlman ölkələri də Azərbaycana təsir göstərmək və öz dini ideologiyalarını Azərbaycana yeritmək istəyirlər".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən seminar-müşavirədə deyib.
O qeyd edib ki, dünyada qlobal təhlükəsizlik məsələləri əsasında dini və etnik problemlər dayanır: "Lakin bu məsələ özü yaranmır, kimlər tərəfindənsə yaradılır. Dünyada multikulturalizmin, tolerantlığın zəiflədiyi bir dövrdə Azərbaycanda multikulturalizm, tolerantlıq güclənir. Bu, bizim sabitliyimizin təməlini təşkil edir və bizi qürrələndirir. Lakin Qərbdə bəzi qüvvələr Azərbaycanı zəiflətmək niyyətindədirlər və onların təhdidlərini açıq-aydın görürük".
S.Heydərov bildirib ki, bu gün Azərbaycan islamofobiyaya qarşı çox sərt mövqe nümayiş etdirir. Lakin bu, bəzi ölkələrin xoşuna gəlmədiyi üçün onlar tərəfindən də ölkəmizə qarşı əks-mövqe nümayiş etdirilir.
Komitənin sədr müavini əlavə edib ki, bu gün Azərbaycan dövlətinə qarşı şər və böhtanlar atılır, burada hədəf dövlətçiliyimizdir: "Biz Şərq ölkələrində baş verən hadisələrdən nəticə çıxarmalıyıq və kimlərinsə bizdən istifadə etməsinə imkan verməməliyik. Bu gün radikalizmin hədəfi gənclərdir. Bu gün gənclər sosial şəbəkələrdən aktiv istifadə edirlər. Nəzərə almaq lazımdır ki, insan bir gecədə radikal olmur. Ona görə də sosial şəbəkələrdən istifadə etdikdə çox diqqətli olmaq lazımdır".
"Bəzən deyirlər ki, kimsə namazı vaxtından 3-5 dəqiqə tez qılır, burada nə var ki? Amma burada çox ciddi məsələ var. Kimsə Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi təqvimdən başqa təqvimlə ibadəti həyata keçirirsə, demək, o vətəndaş artıq "zəhərlənib", yad ideologiyaların təsiri altına düşüb. Bu, artıq insanı uçuruma aparan bir əlamətdir"-deyən Səyavuş Heydərov bildirib ki, xurafatın əlamətləri dini mərasimlərdə də özünü göstərir: "Sinə döyüb baş yarmaq, qan çıxarmaq İslama ziddir. Bu əlamətlərin olması ənənəvi İslamı zəiflədir. Ona görə də bu gün rəsmi ruhanilərin din sahəsindəki göstərişlərini yerinə yetirməliyik. Bəziləri dini ibadətlərin həyata keçirilməsi zamanı başqa ölkələrin tərtib etdiyi təqvimlərdən istifadə edirlər. Bu, son dərəcə təhlükəli məsələdir".
S.Heydərov əlavə edib ki, ənənəvi İslamın zəifləməsi qütbləşmənin yaranmasına səbəb olur.
"Radikal dini qruplaşmaların tərkibində Yaxın Şərq ölkələrində vuruşan və ölən şəxslərin qadın və uşaqlarının Azərbaycana gətirilməsi istiqamətində bir sıra dövlətlərlə danışıqlar aparılır"-deyə bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavininin sözlərinə görə, radikal qruplaşmaların tərkibində Yaxın Şərq ölkələrində vuruşan 1000-dən artıq azərbaycanlı olub: "Onların 500-dən çoxu orada ölüb, 477 nəfərin vətəndaşlığı ləğv edilib. Valideynləri həmin döyüşlərdə ölən 21 uşaq kimsəsiz qalıb və onlar Azərbaycana gətirilib, yaxınlarına qəyyumluğa verilib. Orada hələ də qadınlar və uşaqlar var, onların gətirilməsi istiqamətində danışıqlar gedir. Hələlik onların verilməsi ilə bağlı problem var. Həbsdə olan və döyüşlərdə iştirak etdiyi üçün edam olunan qadınlar da var. Bəzilərinin məhkəməsi gedir. Qadınlar da özündən asılı olmadan ərlərinin təsiri nəticəsində ora gedib".
Ş.Heydərov qeyd edib ki, radikal qruplaşmaların tərkibində vuruşaraq ölən şəxslərin yaxınları, qadınları, uşaqları bu gün Azərbaycana gələ bilmirlər: "Həmin qrupların öz qaydaları var. Ər ölürsə, qadın, ana, bacı və uşaqlar orada qalmalı və kişi mücahidlərə xidmət etməlidir. Bu, qeyrətdirmi, islamdırmı? Təəssüf ki, bunun daşıyıcıları cəmiyyətimizdə var".