Elnur Hüseynzadə hələ Ermənistandadır Siyasət

Elnur Hüseynzadə hələ Ermənistandadır

Qızıl Xaç Komitəsi ona baş çəkməyə davam edəcək

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 fevral 2017-ci ildə Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən "azadlıqdan məhrum edilmiş" Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Elnur Hüseynzadəyə baş çəkməyə davam edəcək.
BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova belə deyib.
O qeyd edib ki, şəxs münaqişə tərəfinin tərk edənədək Komitə ona baş çəkməyə davam edəcək:
"Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxsə o vaxta qədər baş çəkir ki, həmin insan münaqişə tərəflərindədir. İnsan münaqişə tərəflərinin ərazisini tərk etdikdən sonar ona baş çəkmək səlahiyyəti bizə aid deyil".
İlahə Hüseynovanın sözlərinə görə, şəxsin üçüncü yaxud başqa bir ölkəyə aparılması məsələsilə bağlı danışıqlar BQXK-nın mandatına daxil deyil.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasidan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Elnur Hüseynzadə 2 fevral 2019-cu il tarixdə saxlanıldığı Şuşa şəhərindən Ermənistan Respublikasına aparılıb.
Qeyd olunub ki, saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.
Xatırladaq ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında Tərtərin Talış kəndi istiqamətində erməni hərbçilərin əlinə keçmişdi. Sərhədi qanunsuz keçməkdə ittiham edilən Elnur Hüseynzadəyə işğalçı rejimin "prokurorluğ"u tərəfindən hökm oxunmuşdu.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu bir neçə gün öncə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Elnur Hüseynzadə barədə rəsmi açıqlama yayıb.
Məlumatda bildirilib ki, Elnur Hüseynzadə 1 fevral 2017-ci il tarixdə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçib. Həmin fakta görə 2 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadə barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) cinayət işi başlanıb.
17 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadənin həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Ermənistan tərəfi bildirir ki, Elnur Hüseynzadə Azərbaycana dönmək istəmədiyi üçün üçüncü ölkəyə təhvil veriləcək.