“Naxçıvanda da “ASAN xidmət” mərkəzi yaradılmalıdır” Siyasət

“Naxçıvanda da “ASAN xidmət” mərkəzi yaradılmalıdır”

Mahir Zeynalov: "Həmin xidmətlərə ölkənin bütün ərazisində olduğu kimi Naxçıvanda da çox böyük təlabat var"

Fazil Mustafa: "Bu model olduqca faydalıdır və bütün respublika ərazisində bunun genişlənməsinə zərurət var"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin sonunci iclasında ictimai-siyasi və cari məsələlərin müzakirəsi ilə yanaşı Naxçıvanda ASAN Xidmət mərkəzləri açılmasınının zəruri olduğu vurğulanıb. BAXCP İdarə Heyəti Azərbaycan hökumətini iş tapmaq məqsədi ilə paytaxt Bakıya və ölkənin digər ərazilərinə köç edən Naxçıvan sakinlərinə, Naxçıvana gediş-gəlişin çətin olduğu nəzərə alınaraq, yaşadıqları ərazilərdə şəxsiyyət vəsiqəsi və digər sənədləri ala bilmələri üçün müvafiq tədbirlər həyata keçirməyə çağırıb. BAXCP İdarə Heyəti hesab edir ki, Naxçıvan Muxtar Respublikasının da müvafiq dövlət qurumları ASAN Xidmət sisteminə inteqrasiya edilməli və Muxtar Respublikanın ərazisində ASAN Xidmət Mərkəzləri açılmalıdır.
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, ASAN Xidmət uğurlu bir Azərbaycan brendidir. Onun sözlərinə görə, bütün bölgələrdə olduğu kimi Naxçıvanda da ASAN Xidmət mərkəzlərinin yaradılması yalnız Azərbaycan vətəndaşlarının xeyrinə olar: "Çünki ASAN xidmətlərin asanlaşması işində çox böyük töhvə verib. Ümid edirəm ki, bu töhfə bundan sonra da davam edəcək. Hətta son vaxtlar başqa yerlərdə də bu istiqamətdə müəyyən məsələlər öz həllini tapır, ASAN Xidmnət modeli tətbiq olunmağa başlayır. Bütün bunlar onu göstərir ki, bu model olduqca faydalıdır və bütün respublika ərazisində bunun genişlənməsinə zərurət var".
İqtisadçı-ekspert Mahir Zeynalov bildirib ki, "ASAN xidmət" vətəndaşın hər hansı bir sənədi əldə etməsi üçün vaxt itkisini və bürokratik əngəlləri aradan qaldırır, sənəd üçün xərclərini və prosedurların sayını azaldır: "Bunlar hamısı insanların rahatlığı üçündür. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında da "ASAN xidmət" mərkəzlərinin yaradılması olduqca vacibdir və çox böyük əhəmiyyəti ola bilər. Nəyə görə Naxçıvanda yaşayan 450 minə yaxın insan "ASAN xidmət"in asan xidmətlərindən istifadə etməsin? "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır. Ona görə də Naxçıvanda yaşayan insanlara da məhz belə müasir xidmətlərdən yararlanmaq imkanı yaradılmalıdır".
İqtisadçı qeyd edib ki, hazırda rəsmi qeydiyyatda Naxçıvan MR-də olan, lakin faktiki olaraq Bakıda yaşayan minlərlə insan şəxsiyyət vəsiqəsini almaq üçün xeyli xərc çəkib Naxçıvana getməli olur: "Yaxın gələcəkdə qeydiyyat ünvanından asılı olmayaraq şəxsiyyət vəsiqələrinin istənilən "ASAN xidmət" mərkəzindən alınması ilə bağlı məhdudiyyətin aradan qaldırılacağı gözlənilir. Bu halda başqa şəhərlərdə işləyən, təhsil alan, yaşayan vətəndaşlar üçün daha bir rahatlıq yaranacaq, bir yerdən başqa yerə getmək üçün vaxt itkisinin və əlavə xərclərin qarşısı alınmış olacaq. Bunun üçün Naxçıvanda da "ASAN xidmət"in olması zəruridir ki, həmin xidmətləri göstərə bilsin".
İqtisadçı-ekspertin sözlərinə görə, bu ilin sonunadək Azərbaycanda daha 5 rayonda - Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə "ASAN Xidmət" mərkəzi açılacaq: "Beləliklə də mərkəzlərin sayı 20-yə çatacaq və ölkənin böyük hissəsini əhatə edəcək. Yaxşı olardı ki, tezliklə onların sırasına Naxçıvan da qoşulsun. Belədə "ASAN Xidmət"lər bütün ölkəni əhatə etmiş olacaq. Onu da nəzərə almaq lazımdır ki, "ASAN Xidmət"ə alternativ xidmətlər artıq ləğv olunub, tezliklə əksər dövlət orqanları öz xidmətlərini "ASAN Xidmət" vasitəsilə göstərəcək. Nəzərə almaq lazımdır ki, həmin xidmətlərə ölkənin bütün ərazisində olduğu kimi Naxçıvanda da çox böyük təlabat var".
Politoloq Məhəmməd Əsədullazadə isə vurğuladı ki, ölkəmizdə əhaliyə yüksək xidmətin göstərilməsi üçün ASAN xidmət bu gün ən uğurlu bir sistemdir: "Demək olar ki, ölkə əhalisi kifayət qədər yüksək səviyyədə bu xidmətin keyfiyyıtindən razı qalır. Bu həmçinin rüşvətin aradan qaldırılmasında əsas başlıca bir idarəetmə strukturudur. Əhali bürokratiya görmədən bu xidmətdən istifadə edir. Ölkəmizin bölgələrində ASAN xidmət şöbələrinin açılması əhaliyə yüksək xidmətin göstərilməsi deməkdir. Naxçıvanda bu xidmətin istifadəyə verilməsi yerli əhali üçün hədiyyə olar. Çünki, muxtar respublika vətəndaşları uzun növbə və digər problemlərdən azad olar. ASAN bir brendir və bu mərkləzlərin Naxçıvanda açılması muxtar respublikanın inkişafına yalnız töhfə verə bilər".

Əli