Danışıqlar prosesinə qarşı açıq hücum Siyasət

Danışıqlar prosesinə qarşı açıq hücum

Azərbaycann Xarici İşlər Nazirliyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyana cavab verib.
Ermənistanın yüksək səviyyəli məmurunun bu kimi fikir söyləməsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqların mahiyyəti və məntiqi, xüsusilə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilmiş sonuncu görüşünün nəticələri ilə ziddiyyət təşkil edir:
"Bu uzun illərdir ki, aparılan danışıqlar prosesinə qarşı açıq hücum xarakteri daşıyır. Mahiyyət etibarilə bu, danışıqlar prosesini məhv etmək və həmsədrlərin fəaliyyətini heçə endirmək cəhdi deməkdir. Digər tərəfdən, bu bəyanat Ermənistanın Azərbaycanın torpaqlarının işğalında birbaşa iştirak etdiyinin növbəti aşkar göstəricisidir və Ermənistanın 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarına zidd olaraq həyata keçirdiyi qeyri-qanuni köçürmələr siyasəti də daxil olmaqla bu ərazilərin ilhaqı planlarına bəraət qazandırmaq cəhdidir.
Bununla əlaqədar olaraq işğalçı ölkəyə xatırlatmaq istərdik ki, bu kimi təxribat xarakterli çıxışların bütün mümkün mənfi nəticələrinə görə məsuliyyəti, məhz Ermənistan Respublikası daşıyır.
Azərbaycan, öz tərəfindən, bu məsələni BMT, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar çərçivəsində qaldıracaq. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın yüksək siyasi rəhbərliyinin nümayəndələrinin bu kimi addımlarını qəti şəkildə pisləyən bəyanatla çıxış etməyə çağırırıq".