Rusiya səfirindən Orxan Zeynalov açıqlaması Siyasət

Rusiya səfirindən Orxan Zeynalov açıqlaması

Doroxin: "Məsələnin siyasiləşdirilməsi, dramatikləşdirilməsi üçün heç bir əsas yoxdur"

"Orxan Zeynalovun işi ilə bağlı Rusiya Federasiyasının normalarına uyğun proses gedir. Bu, ilkin məhkəmə istintaqı idi. Prokuror artıq öz fikrini bildirib, bundan sonra məhkəmə qərar çıxaracaq".
Bunu APA-ya açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə prosesinin gedişinə münasibət bildirərkən deyib.
Səfir bildirib ki, məhkəmənin çıxaracağı hökmdən razı qalmayanlar şikayət verə bilərlər: "Hər şey qanun çərçivəsində gedir".
Diplomat vəziyyətin siyasiləşdirilməsi, dramatikləşdirilməsi üçün heç bir əsas olmadığını də vurğulayıb: "Məhkəmə istintaq aparır, sizin həmyerlinizin maraqlarını qoruyan vəkilləri var. Bir sözlə, hesab edirəm ki, hər şey qaydasında gedir. Məsələnin ədalətli həlli üçün bütün əsaslar mövcuddur".
Vladimir Doroxin Malayziyaya məxsus sərnişin təyyarəsinin Donetsk səmasında düşməsi nəticəsində 300-dək insanın həlak olmasına da münasibət bildirib: "Donetsk səmasında qorxulu faciə baş verdi. Günahsız insanlar həlak oldular. Bu faciəni beynəlxalq mütəxəssislər araşdırmalıdırlar".
Səfir bildirib ki, vaxtından əvvəl kimlərisə günahkar elan etmək, əsasız səbəblər göstərmək vəziyyəti ancaq gərginləşdirəcək, obyektiv araşdırmanın aparılmasına mane olacaq: "Araşdırmalar başlayıb, "qara qutu"lar tapılıb. Ümid edirəm ki, biz tezliklə nəyin necə baş verdiyini obyektiv və dəqiq öyrənə biləcəyik. Bundan sonra müvafiq nəticə çıxarılması mümkün olacaq".