"Azərbaycan bizim Cənubi Qafqazda əsas tərəfdaşımızdır” Siyasət

"Azərbaycan bizim Cənubi Qafqazda əsas tərəfdaşımızdır”

“Azərbaycan bizim Cənubi Qafqazda əsas tərəfdaşımızdır. Azərbaycan çox etibarlı tərəfdaşdır. Son 10 ildə Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri qurulub”.

Bu fikirləri Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində APA-nın Rusiya bürosuna müsahibəsində Rusiya Dövlət Dumasının iqtisadi siyasət, sənaye, innovativ inkişaf və sahibkarlıq üzrə Komitəsinin sədri Sergey Jiqaryov bildirib.

İki ölkə arasında iqtisadiyyat sahəsində əlaqələrin səviyyəsindən danışan rusiyalı deputat ölkəsinin Azərbaycanla bir sıra beynəlxalq layihələrdə birgə iştirak etdiyini vurğulayıb: “Rusiya şirkətləri Azərbaycan bazarında çox uğurlu fəaliyyət göstərir. Bunlar “Kamaz”, “Qazprom”, “Rosneft”, “Transneft” və digər nəhəng şirkətlərdir. Bu gün Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa investisiyanın həcmi 1,5 milyard dollardan çoxdur. Rusiya və Azərbaycanın birgə iştirakı ilə perspektivli layihə həyata keçirilir. Bu, “Şimal-Cənub” nəqliyyat layihəsidir. Buraya yeni avtomobil yollarının tikilməsi, dəmiryollarının genişləndirilməsi, körpülərin inşa edilməsi və bunlarla əlaqəli olan infrastruktur layihələri daxildir”.

Dövlət Dumasının iqtisadi siyasət komitəsinin rəhbəri Rusiya və Azərbaycan arasında bank sektorundakı mövcud əməkdaşlıq layihələrindən də danışıb: “Bir neçə gün əvvəl ”Qazprombank”la “Paşabank” arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Mən, 15 il bundan qabaq “Qazprombank”ın vitse-prezidenti olmuşam. Ona görə də, bu sazişin nə qədər önəmli olduğunu bilirəm. İlk növbədə bu saziş qarşılıqlı investisiyaların təşviq olunmasına gətirib çıxaracaq. Bu, birgə layihələrin maliyyələşdirilməsi, qiymətli kağızlar bazarında işləmək, Azərbaycanda “Qazprombank”ın, Rusiyada isə “Paşabank”ın qarşılıqlı dəstəklənməsi, birbaşa əmtəə və pul dövriyyəsini milli valyutalarla aparmaq deməkdir. Hesab edirəm ki, bütün bunlar həyata keçiriləcək. Fikrimcə, “Qazprombank”la “Paşabank” arasında imzalanan əməkdaşlıq haqqında saziş hər iki ölkə üçün birgə layihələrin maliyyələşdirilməsi, maliyyə və pul axının düzgün qurulması, xüsusi ilə də neft və qaz sektorunda fəaliyyət göstərən şirkətlər üçün olduqca önəmlidir.

Sergey Jiqaryov Azərbaycan Dövlət Neft Şirkətinin Rusiyadakı layihələri, rus şirkətləri ilə birgə əməkdaşlığı barədə də suala cavab verib. “Bildiyiniz kimi, bu günlərdə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR “Sberbank”la birlikdə Rusiyada neft emalı zavodu alıb. Bildiyim qədərilə bu, təkcə Neft Emalı Zavodu deyil, bura həm də neft yataqları daxildir. SOCAR şirkətdə 60 faiz səhm paketinə sahibdir. Biz Azərbaycan Dövlət Neft Şirkətinin Rusiya bazarında iştirakını çoxdan gözləyirdik. Əminik ki, SOCAR-ın Rusiya bazarında fəaliyyəti uğurlu olacaq”.