“Almaniyanın Qafqazda maraqlı tərəfdaşı Azərbaycandır” Siyasət

“Almaniyanın Qafqazda maraqlı tərəfdaşı Azərbaycandır”

Tomas Operman: “Azərbaycan almanlar üçün sığınacaq yeri olub”

Dünən Bakı Konqres Mərkəzində Milli Məclisin təşkilatçılığı və ATƏT PA ilə yaxından əməkdaşlıq çərçivəsində "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı" və "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransı keçirilib.

Tədbirdə ATƏT PA-nın prezidenti və vitse-prezidenti, Milli Məclisin sədr müavini, Almaniya Bundestaqının vitse-prezidenti, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri, hər üç ölkənin deputatları, səfirləri və media nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd regional təhlükəsizliyə təhdid yaradan faktorların qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və enerji sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək, eyni zamanda, hər üç ölkənin parlamentlərindən ibarət "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nı yaratmaqdan ibarətdir.

Qeyd edək ki, "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı"nın hər ilin iyun ayında Bakıda keçirilməsi planlaşdırılır.

ATƏT PA-nın vitse-prezidenti, millətm vəkili Azay Quliyev tədbiri zəruri edən məsələlər və Bakı Parlament Platformasının prinsip və məqsədləri haqqında danışarkən “hər kəsə bəllidir ki, bölgədə həll olunmamış münaqişələrlə bağlı yaranmış hazırkı gərgin vəziyyətin bir çox səbəbləri vardır. Bu, region dövlətləri və xalqlarına yaxşı heç nə vəd etmir”,- deyə vurğulayıb. Millət vəkili qeyd edib ki, ATƏT PA-nın iştirakı ilə bu Konfransın Bakıda keçirilməsinin, Almaniya, Türkiyə və Azərbaycandan olan parlamentarilərin ilk dəfə olaraq belə formatda bir araya gələrək regionu narahat edən məsələləri müzakirə etməyə başlamasının çox böyük əhəmiyyəti var: "Hər şeydən əvvəl onu deyim ki, Dialoq və Əməkdaşlıq Platforması çox nəcib bir məqsəd üçün yaradılır. Əsas niyyət parlamentlərarası dostluq əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, ATƏT PA-nın məqsəd və vəzifələrinə uyğun olaraq parlamentlər arasında siyasi dialoqu və işbirliyini daha da dərinləşdirmək, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində parlamentarilərin rolunu artırmaq, eləcə də çoxşaxəli tərəfdaşlığın gücləndirilməsi, mümkün olan sahələrdə birgə maraqların təmin olunmasına çalışmaqdan ibarətdir. Bu platforma indiyə kimi mövcud olan hər hansı bir beynəlxalq əməkdaşlıq və ya vasitəçilik formatını, alətini əvəzləmək, onlara qarşı çıxmaq məqsədilə yaradılmır. Bu platforma regionda ATƏT ərazisində olan hər hansı bir ölkəyə qarşı da deyil, tam əksinə platformanın prinsip ə məqsədlərini bölüşən istənilən ölkəyə açıqdır, həmçinin onlar bu platformaya qoşula bilərlər".

ATƏT PA-nın prezidenti Georgi Tsereteli deyib ki, Azərbaycanın səylərini dəstəkləyirik: “Bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, dialoqun qurulması istiqamətində müəyyən addımlar atır".

O bildirib ki, dialoqun gücləndirilməsinə çalışmaq lazımdır: "Biz də sırf bu istiqamətdə işlər görürük. ATƏT dövlətlər arasında dialoqu təşviq edir. Bura 47 üzv dövlət var və həmin dövlətlərin bəzilərində münaqişələr var. Amma buna baxmayaraq bir masa arxasında müzakirələr apara bilərik. Yaxşı bilirəm ki, münaqişələrdən daha çox xalqlar əziyyət çəkir. Danışıqlar aparmaq, hökumətlər arasında dialoq qurulması çox mühümdür. Almaniya Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir. Almaniya Azərbaycan və Ermənistan üçün lazımlı tərəfdaşdır. Çünki Almaniyanın burada xüsusi bir marağı yoxdur, sadəcə münaqişənin sülh yolu ilə tənzimlənməsinə çalışır".

Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, Bakı Parlament Platforması daha səmərəli fəaliyyət üçün yeni imkanlar pəncərəsi kimi regional əməkdaşlığa özünəməxsus töhfə verəcək. O vurğulayıb ki, dünyada münaqişələr nəticəsində insanlar əziyyət çəkir: “Burada informasiya terroru da rol oynayır. Silahlar bizdən daha çox danışır. Azərbaycan dialoq qurulması istiqamətində təşəbbüsləri dəstəkləyir. Qlobal təhlükəsizliyə olan təhdidlərə qarşı gücümüzü birləşdirə, bir sıra layihələrə imza ata bilərik”.

Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman diqqətə çatdırıb ki, Almaniya üçün Qafqazda maraqlı tərəfdaş Azərbaycandır: “Çünki Azərbaycan almanlar üçün sığınacaq yeri olub”. T.Operman qeyd edib ki, müharibələrin sülh yolu ilə həllinə nail olmaq lazımdır: "Bütün hallarda sülh yolu ilə danışıqların mütləq nəticələri olur. Dağlıq Qarabağ münaqişəsi artıq 20 ildən çoxdur davam edir. Təbii ki, belə olan halda insanlar əziyyət çəkir, problemlərlə üzləşir. Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik. Almaniya münaqişənin həll edilməsi üçün əlindən gələni edir. Ümidvaram ki, bu münaqişə sülh yolu ilə həllini tapacaq".

ATƏT PA vitse-prezidenti, deputat Azay Quliyev təsis konfransında yekun nitqində deyib ki, artıq “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması” təsis edildi”. Millət vəkili qeyd edib ki, bu gün əgər Azərbaycan, Almaniya, Türkiyə parlamentlərinin nümayəndə heyətləri bu təşəbbüsə dəstək verməsəydi və belə bir yüksək təmsilçiliklə iştirak etməsəydi, bu konfrans ümumiyyətlə baş tutmazdı: “Biz hər il iyun ayında Konfransa ev sahibliyi etməyə hazırıq. Təklif edirəm ki, bununla yanaşı, Konfranslararası müddətdə biz həm də Berlin, Ankara və bundan sonra bu prosesə qoşulacaq ölkələrin paytaxtlarında müzakirələri və dialoqu davam etdirək. Hər üç ölkənin nümayəndə heyətlərinin üzvlərinə, millət vəkillərinə və səfirlərə konfransda iştirak etdiklərinə görə təşəkkür edirəm. Bu platformanın təsis olunmasına verdiyiniz dəstəyə görə çox sağ olun deyirəm. Ümid edirəm ki, növbəti illərdə Gürcüstan da bizim platformaya qoşulacaq". Qeyd edək ki, Bakı Parlament Platformasının təsis olunmasından sonra nümayəndə heyətlərinin iştirakı ilə "Ailə fotosu" çəkilib. Konfrans ikitərəfli görüşlər çərçivəsində davam etdirilir.

Əli