“Ölkə başçısının səfəri böyük ruh yüksəkliyi yaratdı” Siyasət

“Ölkə başçısının səfəri böyük ruh yüksəkliyi yaratdı”

Aydın Mirzəzadə: "Prezidentin söylədiyi fikirlər Azərbaycanın prinsipial mövqeyini bir daha ortaya qoydu"
Rasim Musabəyov: "Bu səfər həm ermənilərə, həm onları himayə edən tərəflərə nümayiş xarakteri daşıyırdı"
Vüqar Bayramov: "Bu səfər xüsusən də gənclər arasında vətənpərvərlik hissinin daha da gücləndirilməsinə töhfə verdi"

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam və Bərdə rayonlarına səfər edib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı "N" saylı hərbi hissədə olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Ali Baş Komandan İlham Əliyev komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib. Sonra Prezident döyüş tapşırığını yerinə yetirərkən xüsusilə fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib. Dövlət başçısı hərbçilərlə görüşüb və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib.
Porezidentin səfərinin əhəmiyyətindən danışan millət vəkili, politoloq Rasim Musabəyov deyib ki, Azərbaycan kifayət qədər öz silahlı qüvvələrinə arxalanır və ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Rasim Musabəyov bu səfərin lazımi məqamda baş tutduğunu deyib: "Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə getməsi, orada hərbiçilərlə görüş və operativ müşavirə keçirməsi Azərbaycan vətəndaş üçün vacib idi. Eyni zamanda bu səfər həm ermənilərə, həm onları himayə edən tərəflərə nümayiş xarakteri daşıyırdı".
Millət vəkili Aydın Mirzəzadənin qənaətinə görə, bir neçə gün əvvəl baş verən erməni təxribatlarından sonra Ali Baş Komandan İlham Əliyevin cəbhə xəttinə gedərək vəziyyət ilə yerində tanış olması, vəziyyəti nəzarətdə saxlaması, həmçinin Azərbaycan təhlükəsizliyinin qorunması üçün maksimum səylər göstərdiyini bir daha sübut edir: "Bu səbəbdən ölkə başçısının cəbhə bölgəsinə səfəri Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı". Onun sözlərinə görə, Prezidentin operativ hərbi müşavirə keçirməsi və söylədiyi fikirlər Azərbaycanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini bir daha ortaya qoydu: "Ermənistan diversiya qruplarına Azərbaycan Ordusunun layiqli cavab verməsi ordumuzun yüksək keyfiyyət göstəricisi idi. Mövcud qarşıdurma Ermənistan ordusunun zəifliyini, ruh düşgünlüyünü, ən əsası isə Ermənistan siyasi rəhbərliyinin avantüralarda iştirakını göstərdi. Prezident hərbçilər qarşısında çıxışında Azərbaycanın torpaqlarını heç kimə güzəştə getməyəcəyini, ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlardan istifadə edəcəyini bildirdi. Prezidentin səfəri və çıxışı ümumən Azərbaycanın milli maraqlar məsələsində geri çəkilməyəcəyini, onları həyata keçirmək üçün maksimum səylər göstərəcəyini bir daha bəyan etmiş oldu. Ümumilikdə Prezidentin cəbhə bölgəsinə səfəri, məcburi köçkünlərlə görüşü, hərbçilər qarşısında yeni vəzifələr qoyması Azərbaycan cəmiyyətinin bugünki istəklərinə tam cavab verir".
Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev deyib ki, Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri bir daha göstərdi ki, Ali Baş Komandan ölkənin təhlükəli anlarında xalqın yanında olmaqla yanaşı, hər zaman işğal olunan Azərbaycan torpaqlarının geri qaytarılmasında ən qətiyyətli addımları atmağa hazırdır. Onun sözlərinə görə, son günlər cəbhədə vəziyyətin gərginləşməsi dünyaya siqnal olmalıdır ki, Ermənistan bütün region üçün təhlükəlidir və bu da vəziyyəti kəskin şəkildə mürəkkəbləşdirə bilər: "Digər tərəfdən Prezidentin çıxışında səsləndirdiyi kimi, müharibənin ikinci mərhələsi başlaya bilər. Bu da o deməkdir ki, Ermənistanın ərazilərimizin 20 %-ni işğal etməsinə baxmayaraq, yenə də provokasiya ilə məşğul olur. Lakin bugünkü Azərbaycan 20 il bundan əvvəlki ölkə deyil. Bu gün həm iqtisadi, həm də hərbi baxımdan güclü dövlətik. Region üçün ən önəmlisi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. İstənilən zaman dövlətimiz güc yolu ilə torpaqlarımızı işğaldan azad edə bilər. Çünki ordumuzun gücü buna imkan verir. Son hadisələr göstərir ki, ermənilər böyük itki verdi. Bütün bunları nəzərə alıb qətiyyətli şəkilə demək olar ki, hərbçilərimiz düşmənə lazımı səviyyədə cavab verə bilər və bu da ermənilər üçün dərs olmalıdır". "Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan ikili standartlarla qarşılaşdı", - deyən Asəf Hacıyevin fikrincə, müvafiq qurumlar işğalçı ölkə olan Ermənistana qarşı heç bir tədbir görmür: "ATƏT-in Minsk qrupuna daxil ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu da o deməkdir ki, bir çox dövlət işğal faktorunu da qəbul edir. Belə olduğu təqdirdə Ermənistana qarşı niyə sanksiyalar tətbiq olunmur? Hesab edirəm ki, Ermənistana qarşı əvvəlcə siyasi sanksiyalar tətbiq edərək səsvermə hüququndan məhrum etmək lazımdır. Bu da kömək etməsə, o zaman iqtisadi sanksiyalar başlanılmalıdır. Görünür Ermənistanın havadarları bunu etmək niyyətində deyillər. Demək ki, Azərbaycanın güclənməsi çoxlarını narahat edir. Bütün bu səbəblərdən də Azərbaycan ərazi bütövlüyünü öz gücü ilə bərpa edəcək".
İqtisadçı ekspert Vüqar Bayramov deyib ki, ölkə başçısı İlham Əliyevin cəbhəyə səfəri ordumuz üçün böyük dəstək oldu. O bildirib ki, prezidentin səfəri həm də gənclərimizdə vətənpərvərlik hissinin daha da güclənməsinə bir töhfə oldu:
"Azərbaycan Prezidentinin cəbhə xəttinə gedərək yerli sakinlər və eləcə də milli ordumuzun üzvləri ilə görüşməsi qürurvericilik baxımından doğrudur. Eyni zamanda, bu səfər əhali, xüsusən də gənclər arasında vətənpərvərlik hissinin daha da gücləndirilməsinə töhfə verdi. Ölkə başçısının səfəri yalnız Soçi görüşü öncəsi Bakının mesajı deyildi, eyni zamanda, dövlət başçısının hərbi geyimdə səngərdə olması Azərbaycanın işğal olunan torpaqları azad etməyə hazır olduğunun da göstəricisidir. Cənab prezident öz səfəri ilə məhz bu bəyanatı verdi".

Əli