Türkiyəli alim: Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq səviyyədə yetərincə reaksiya göstərilməməsi ciddi təhlükədir Siyasət

Türkiyəli alim: Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq səviyyədə yetərincə reaksiya göstərilməməsi ciddi təhlükədir

Müasir dövrdə dövlət sərhədlərinin güclə dəyişdirilməsi cəhdi beynəlxalq hüquqa ziddir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağı olmaqla bərabər keçmiş SSRİ qanunları ilə də Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bütün bunları təsdiq edən tarixi, siyasi, hüquqi sənədlər var.
Bu sözləri Türkiyənin Hacettepe Universitetinin beynəlxalq hüquq üzrə müəllimi, hüquq elmləri doktoru Bahadır Bumin Özarslan Ermənistanın baş naziri Nikol Paşinyanın BMT-dəki çıxışınıAZƏRTAC-a şərh edərkən bildirib. Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq səviyyədə yetərincə reaksiya göstərilməməsini region üçün ciddi təhlükə mənbəyi kimi dəyərləndirən alim deyib: “Əvvəllər olduğu kimi, Ermənistanın hazırkı rəhbərinin də dəyişməyən əsassız iddialarından və aqressiv mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün sərhədlərini qorumaq, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa etmək üçün beynəlxalq hüququn müəyyən etdiyi haqlara sahibdir. Paşinyanın məlum çıxışı yalan və böhtan üzərində qurulmuşdu. Dağlıq Qarabağla bağlı minillikləri əhatə edən tarixi faktlar, ötən əsrin əvvəllərindən günümüzədək qəbul edilən siyasi və hüquqi sənədlər Azərbaycanın tərəfindədir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul olunmuş bütün beynəlxalq sənədlər işğalçı hərbi qüvvələrin bölgədən çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edir. Ermənistanın BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymamasına gəldikdə, bu, təkcə Azərbaycanın problemi deyil, eyni zamanda, BMT-ni də fakt qarşısında qoyur”.