51 737 nəfər müşahidəçi qeydə alınıb – Rəsmi Siyasət

51 737 nəfər müşahidəçi qeydə alınıb – Rəsmi

İndiyədək 37 beynəlxalq təşkilata seçkiləri müşahidə etmək üçün dəvət göndərilib.
Bunu MSK-nın iclasında qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli bildirib.
İclasda daha sonra dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı məsələdən danışılıb.
MSK üzvü Rövzət Qasımov bildirib ki, seçki bülletenlərinin çap olunduğu mətbəə xüsusi qaydada qorunur.
MSK sədri bildirib ki, bu mərhələ lazımı səviyyədə başa çatır:
“Artıq bülletenlər dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına çatdırılmalıdır. İlk növbədə dairə seçki komissiyaları ucqar məntəqələrə bülletenləri çatdırmalıdırlar. Səsvermə prosesinə hazırlığa başlanılmalıdır”.
MSK sədri bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı 51 737 nəfər müşahidəçi qeydə alınıb. Onlardan 1511-i MSK-da qeydiyyatdan keçib:
“Bu, kifayət qədər böyük bir göstəricidir. KİV nümayəndlərindən xahiş edirk ki, diqqətlərini bir qədər də artırsınlar”.
Daha sonra MSK üzvü Rövzət Qasımov veb-kameralarla bağlı məlumatları çatdırıb:
“Bu proses bir aydan artıqdır avam edir. Bu istiqamətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq edilir. Artıq görüntülər var, o görüntülərin üzərində iş aparılır. Texniki baxımdan bu proses artıq başa çatdırılmaq üzrədir. Sabah, yaxud biri gün bu prosesi tam yekunlaşdırıb müzakirə üçün MSK-nın iclasına təqdim edəcəyik. Amma hazırda bu proses davam etməkdədir”.
Rövzət Qasımov qeyd edib ki, yeni nəsil şəxsiyət vəsiqələrinin oxunması üçün “cip-rider”lərin 2500-dən çoxu ölkəyə gətirilib:
“Bu gündən onların DSK-lara təqdim olunmasına başlanılıb. Bu proses də davam etdirilir. Onlardan 1500-ü hazır vəziyyətə gətirilib. Qarşıdan gələn günlərdə çip oxuyan qurğular tam işlək vəziyyətə gətiriləcək. Proses dekabrın 19-dək tam yekunlaşacaq. Heç bir problem olmayacaq. Bununla bağlı bütün sınaqlar həyata keçirilib”.