"San-Fransiskoda Azərbaycan İnnovasiya evi fəaliyyətə başlayacaq" Siyasət

"San-Fransiskoda Azərbaycan İnnovasiya evi fəaliyyətə başlayacaq"

"Bu ilin fevralında San-Fransiskoda Azərbaycan İnnovasiya evi fəaliyyətə başlayacaq".
Bunu Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) üzvləri üçün təşkil olunan növbəti görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, bu, yerli startapların qlobal bazara çıxış imkanını yarada bilmək imkanı yaradacaq: "Çünki bu gün startapın mərkəzi San-Fransisko sayılır. Orada bu cür evin olması, bizim startapların orada Akselerasiya proqramlarına cəlb olunmasına, orada investisiyaların startaplara cəlb olunması istiqamətində çox ciddi və uğurlu bir vasitə olacaq. Eyni zamanda, bu sahədə artıq "Tech Diaspora" formalaşdırılıb. Berlin, San-Fransiskoda yaşayan və texnologiya, innovasiya sahəsində çalışan azərbaycanlı gənclər bu diasporda birləşiblər. Onların təcrübələrindən, imkanlarından Azərbaycanda olan startapçılar yararlana biləcəklər".
Agentlik sədri qeyd edib ki, bu ildən etibarən ASAN 2.0 konsepsiyasının reallaşdırması nəzərdə tutulur: "Hər birimiz "ASAN xidmət"də müəyyən xidmətlərdən yararlanırıq. Bizdən xidmətlər üçün müəyyən sənədlər tələb olunur. Artıq istəyirik ki, vətəndaşdan heç bir sənəd tələb olunmadan onlara xidmət göstərilsin. Bütün tələb olunan sənədlərin hamısı elektron hökumət vasitəsilə elektron əldə edilsin".