“Prezidentin atdığı addımlar əvəzsizdir” Siyasət

“Prezidentin atdığı addımlar əvəzsizdir”

Fazil Mustafa: “Elə bir bölgə yoxdur ki, orada əl çatmayan xidmət sektoru olsun”

“Koronavirusla bağlı təhlükənin olduğu bir vaxtda ölkə başçısının regionlara səfəri müsbət addımdır”. Bunu Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib. Partiya sədri bildirib ki, ölkə başçısının rayonların inkişafını daim diqqətdə saxlaması və mütəmadi səfərləri müsbət haldır: “Xüsusilə, “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi əhalinin tələbatının ödənilməsi baxımından çox vacib addımdır. Bundan əlavə, yeni yolların təmiri prosesinə dövlət başçısının şahidlik etməsi hansı sahəyə zəruri vəsaitin ayrılmasının vacib olduğunu bilməsi baxımından olduqca önəmlidir. Koronavirus təhlükəsi ilə bağlı heç bir ölkə başçısı regionlara səfər etmədiyi vaxtda, İlham Əliyevin birbaşa regionlara gedib əhalinin problemləri ilə maraqlanması, yeni sosial və iqtisadi xarakterli müəssisələrin açılışında iştirakı əlbəttə ki, təqdirəlayiqdir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının açılması işsizliyin aradan qaldırılması istiqamətində mühüm addımdır. Hesab edirəm ki, ölkə başçısı bu istiqamətdə həmişə cəsarətli addımlar atıb. Bütövlükdə infrastruktur yüksək səviyyədə qurulub. Prezident İlham Əliyevin atdığı addımlar əvəzsizdir. Elə bir bölgə yoxdur ki, orada əl çatmayan xidmət sektoru olsun”.
Fazil Mustafa səhiyyə infrastrukturu ilə bağlı vəziyyətə də toxunub: “Son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Əsas hədəflərdən biri savadlı kadrlarla təmin olunma prosesidir. Koronavirusla mübarizədə Səhiyyə Nazirliyi tərəfindən atılan addımlar diqqətəlayiqdir. Virusla bağlı əhalinin maariflənməsi əsas məsələdir. Vətəndaşların müvafiq qurumlara dəstəyi sayəsində təhlükə tez sovuşa bilər”.
Millət vəkili Elman Məmmədov deyib ki, Prezident İlham Əliyev bölgələrə səfər etməklə digər ölkə rəhbərlərinə örnək olduğunu bir daha sübuta yetirdi. Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində koronavirusla bağlı ajiotaj və qorxu yarandığı halda, bu proses Azərbaycan Prezidentinin işinə heç bir təsir etmədi: "Koronavirus təhlükəsi olan ölkələrin heç birinin dövlət başçısı bölgələrə səfər etmir. Amma cənab Prezident nümunə göstərdi. Cənab Prezident bu addımı ilə bir daha bəyan edir ki, koronavirus təhlükəsi bir prezident kimi onun işinə heç bir təsir etmir. Digər tərəfdən, cənab Prezident bölgələrə səfər etməklə bir daha xalqın, əhalinin yanında olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev sübut etdi ki, koronavirusla bağlı əhali arasında yayılan süni gərginliyin heç bir əsası yoxdur, insanlar təşvişə düşməməlidir. Bəzi qaragüruhçular heç bir əsası olmadan yalan məlumatlar yaymaqla əhali arasında təşviş yaratmağa cəhd edir. Bu viruslar dünyada bütün dövrlərdə olub. Quş qripi, donuz qripi adı ilə yayılan viruslar kimi bu virus da var. Bundan qorunmaq fərddən asılıdır. Hər bir şəxs gigiyenasına əməl etməlidir, təşvişə düşmək yox. Cənab Prezident bölgələrə səfəri zamanı bu məsələyə də toxundu və ölkədə aparılan profilaktik tədbirlərin yüksək səviyyədə olduğunu bəyan etdi".
E.Məmmədov bildirib ki, Prezident İlham Əliyev, həmçinin bölgələrə səfəri zamanı oradakı şəraitlə də tanış oldu, görülən işlər və əhalinin vəziyyəti ilə də maraqlandı: "Səfər zamanı cənab Prezident bölgələrdəki inkişafla maraqlandı, görüləcək işlərlə bağlı tapşırıqlar verdi. Dövlət başçısı hər kəsə sübut etdi ki, onun siyasəti gördüyü işdir, əldə olunan inkişafdır. Bu səfər, həmçinin regionların inkişafına öz töhfəsini verəcək".
Politoloq Aydın Mirzəzadə bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar heç bir dövlət başçısı səfərlər etmədiyi halda, Prezident İlham Əliyevin bölgələrə səfərini təxirə salmaması ilə bağlı atdığı addım daima xalqının yanında olduğunun göstəricisidir: “Eyni zamanda ortaya çıxan problemlərlə bağlı dövlətin çox ciddi tədbirlər gördüyünü də bir daha nümayiş etdirdi". Onun sözlərinə görə, bu gün dünyanı narahat edən koronavirus xəstəliyinə qarşı Azərbaycanda görülən işlər barəsində hesab edirəm ki, dövlət başçısı təkcə Goranboy rayonuna deyil, ümumən Azərbaycan ictimaiyyəti qarşısında çox mükəmməl bir hesabat verdi: "Göründüyü kimi Azərbaycanda atılan addımlar ölkəmizdə bu xəstəliyin təhlükə yaratmadığını və geniş yayılmamasının qarşısını aldı. Zamanında sərhəd-keçid məntəqələrinin bağlanması, Azərbaycana giriş və çıxışın nəzarət altına götürülməsi, bu xəstəliklə, eləcə də onun yaranma səbəbləri ilə bağlı dünya təcrübəsinin, ilk növbədə isə Çin təcrübəsinin öyrənilməsi bu xəstəliyin Azərbaycanda geniş yayılmasının qarşısını aldı. Həmçinin müvafiq avadanlıqların alınması, dövlət başçısının bu gün əhalinin diqqət etdiyi maskalarla bağlı öz fikrini bildirməsi bir daha göstərdi ki, cənab Prezident istənilən ciddi məsələni daima nəzarətdə saxlayır və bunun qarşısının alınması üçün addımlar atır. Eyni zamanda ölkə başçısının bölgələrə səfər etməsi, açıq şəkildə insanlarla görüşməsi onun şəxsi keyfiyyətini, cəsarətini, hazırlığını, onun hər bir vəziyyəti sadə vətəndaşı ilə bölüşmək əzmini göstərir. Məhz buna görə cənab Prezidentin cəmiyyətdə nüfuzu kifayət qədər yüksəkdir, məhz buna görə onun apardığı daxili və xarici siyasət sadə vətəndaşlar, seçicilər tərəfindən dəstəklənir. Dövlət başçısının dünənki səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti daima vətəndaşının yanındadır. Azərbaycan dövləti apardığı siyasətlə dövlətin nüfuzunu artırır, insanların dövlətə olan inamını artırır. Bu belədir və bundan sonra da belə olacaq”.