“Koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir” Siyasət

“Koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir”

Məlahət İbrahimqızı: “Çünki virusa qarşı mübarizənin birinci mərhələsində qalib gəlmişik”

“Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir”.
Bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.
Millət vəkili deyib ki, qısa müddət ərzində Bakıda modul tipli ilk xəstəxana kompleksinin istifadəyə verilməsi də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların sağlamlığı durduğunu bir daha təsdiqlədi. M. İbrahimqızı vurğulayıb ki, ötən dövr bir çox güclü və inkişaf etmiş ölkələrin səhiyyə sisteminin bu virus qarşısında nə qədər aciz və hazırlıqsız olduğunu göstərdi. Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələri ilə görülən işlər, atılan qabaqlayıcı addımlar, Azərbaycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Azərbaycanın müsbət təcrübəsinin nümunə olduğunu bildirib: “Əminliklə deyə bilərik ki, ölkəmiz, xalqımız bu müharibənin birinci mərhələsindən uğurla çıxdı. Son 16 il ərzində ölkəmizdə 700-dən çox xəstəxana tikilib, əsaslı təmir edilib və mövcud xəstəxana fondu koronavirusa qarşı mübarizədə böyük rol oynayacaq. Ancaq Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, koronavirus pandemiyası öz qaydalarını diktə edir, ona görə yeni xəstəxanaların tikintisi labüddür. Qısa müddət ərzində 10 modul tipli xəstəxanaların tikilməsi üçün maliyyə ayrılması, ötən gün ilk modul tipli xəstəxananın istifadəyə verilməsi Prezident İlham Əliyevin xalqımıza, onun sağlamlığına və həyatına verdiyi dəyərin göstəricisidir”.
Millət vəkili bildirib ki, koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti də mühüm şərtdir. Çünki virusa qarşı mübarizənin birinci mərhələsində qalib gəlmişik: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışları, mətbuat və sosial media vasitəsilə xalqa müraciətləri bir tərəfdən xalqın həyatının, sağlamlığının qorunmasına diqqət və qayğıkeşlik, digər tərəfdən isə xalqın maarifləndirilməsi xarakteri daşıyır. Dövlət başçısı Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında da qeyd etdi ki, kompleks tədbirlərin görülməsi, karantin rejiminin tədricən vəziyyətə uyğunlaşdırılması o demək deyil ki, bu təhlükə tamamilə sona yetdi və ya bu virus qeyb oldu. Bu mübarizənin növbəti mərhələlərində də uğurlar qazanmaq üçün hər bir vətəndaş çox məsuliyyətli olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi bütün təlimat və qaydalara tam əməl olunmalıdır. Həkimlər öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına qoyurlar, xəstələrə gecə-gündüz xidmət edirlər. Ancaq birlikdə səylərimizlə yoluxma hallarının qarşısı alına bilər və daxili yoluxmanı durdura bilərik. Çox təəssüf ki, bəzi adamlar karantin rejiminin yumşaldılmasını karantin rejiminin ləğvi kimi qəbul edirlər və rejim qaydalarına əməl etmirlər. Yumşalma tədbirlərinin məqsədi insanların adət etdiyi həyat tərzinin tədricən bərpa etməkdir. Sözsüz ki, yumşaldılma özünü doğrultmasa, karantin rejimi mayın 31-dən sonra da uzadıla bilər. Koronavirus uzun müddət davam edəcək bir reallıqdır və biz bunu qəbul etməli, nəzərə almalıyıq. Maska taxmaq, sosial məsafə saxlamaq, tez-tez əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır. Koronavirusa qarşı tam mübarizə peyvənd hazırlanandan sonra başa çatacaq”.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitin 100 milyon manatı ötməsinin həm də xalqımızın bir həmrəylik nümunəsi olduğunu söyləyən millət vəkili bu həssas dönəmdə aztəminatlı şəxslər üçün nəzərdə tutulmuş yardımların mənimsənilməsi hallarının qəbuledilməz olduğunu qeyd edib. Onun sözlərinə görə, dövlət başçısı haqlı olaraq bunu xəyanət kimi qiymətləndirib. Prezident İlham Əliyevin rəhbərliyi altında bu antimilli ünsürlərə qarşı qətiyyətlə mübarizə aparılacağını vurğulayan M. İbrahimqızı onu da qeyd edib ki, Azərbaycan bütün dünyada sözü və əməli vəhdət təşkil edən bir ölkə olduğunu nümayiş etdirir: “Azərbaycan koronavirus pandemiyası ilə mübarizə üçün 10-dan çox ölkəyə yardım edib. Pandemiyaya qarşı qlobal mübarizədə biz birinci ölkələrdən olduq ki, Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verdik. Bu yaxınlarda Azərbaycan artıq Qoşulmama Hərəkatının sədri kimi Ümumdünya Səhiyyə Təşkilatına əlavə 5 milyon dollar ianə verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü dünya miqyasında onlayn formatda birinci Zirvə görüşü idi. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırdı və bununla da Azərbaycan dünyanı birləşdirdi. Həm xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik”.