Hikmət Babaoğlu: “Sosial şəbəkələr öz fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratmalıdır” Siyasət

Hikmət Babaoğlu: “Sosial şəbəkələr öz fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratmalıdır”

“ABŞ prezidenti Donald Trampın sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsi ilə bağlı “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalaması əslində sosial şəbəkələrdə hazırda mövcud olan informasiya xaosuna bir nizam gətirmək cəhdidir”.
Bunu APA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, sosial şəbəkə adlandırılan internet resursları hüquqi baxımdan ayrı-ayrı şəxslərin özəl biznes strukturlarıdır: “Hazırki qlobal informasiya cəmiyyəti fonunda isə onların fəaliyyəti özəl olmaqdan çoxdan çıxıb və sosial-iqtisadi, ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz edən mühüm təsir vasitələrinə çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, bu şəbəkələr ictimai etimadı, siyasi dünyagörüşü, sosial davranışları təyin edən instutisional quruma çevrilib. Beləliklə də, vaxtilə media haqqında deyilən "4-cü hakimiyyət" ifadəsi sosial şəbəkələrə aid edildikdə artıq ikinci, bəzi hallarda isə elə birinci hakimiyyət kimi ifadə edilir. Beləliklə, “hakimiyyəti xalqın iradəsi təyin edir” hüquqi termini az qala “hakimiyyəti sosial şəbəkələr və media təyin edir” vəziyyətinə gəlib çatıb. Çünki bu gün istənilən hakimiyyət təmsilçisinin ictimai obrazını formalaşdıran sosial şəbəkələrdir. Eyni zamanda istənilən hakimiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirərək, onu doqmatik olaraq ictimai fikrə təqdim edən də yenə sosial şəbəkələr və mediadır. Həqiqət isə ondan ibarətdir ki, sosial şəbəkələr və medianın formalaşdırdığı ictimai-siyasi obraz, ya da siyasi portiret bir çox hallarda heç də obyektivə uyğun olmur. Beləliklə, ictimai şüurla manipuliyasiya hadisəsi baş verir. Hələ bu da problemin hamısı deyil”.
H. Babaoğlu vurğulayıb ki, sosial şəbəkələr mənəvi sferadan başlamış mədəni-etik seferaya qədər hər yerdə dəyərləri bəzən terrorizə edir, əxlaqi keyfiyyətlərin lazımi əsaslarda formalaşmasına mənfi təsir göstərir: “Ona görə də sosial şəbəkələrdə formalaşmış ictimai münasibətlərin mütləq hüquqla tənzimlənməsi zərurəti yaranır. ABŞ Prezidentini də bu cür qərar qəbul etməyə vadar edən səbəblər bunlardır. Dünyanın ən demokratik ölkələrindən, dünya siyasətini müəyyənləşdirən güc mərkəzlərindən biri olan ölkənin birinci rəsmi şəxsinin, yəni Prezidentinin söylədiyi fikirləri qeyri-dəqiq ola biləcəyi etiketi ilə yaymaq əslində həmin Prezidenti etibarsızlaşdırmağa cəhd etməkdir. Ona görə də burada hüquqi məsuliyyət yaranır və hüquqi tənzimləmənin zəruriliyi bir daha aktuallaşır. Göründüyü kimi, bu mülahizər və təsbitlər Trampın qərarının əslində düzgün olduğunu göstərir. Məsələ ondadır ki, sosial şəbəkələrin fəaliyyət təkcə ABŞ-da dediyimiz halların yaranmasına səbəb olmur, eyni zamanda dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da müəyyən mənfi fəsadlara gətirib çıxaran informasiya aləti rolunu oynayır. Bəzi vətəndaşlarımızın sosial şəbəkələri mənəvi-siyasi terror vasitəsinə, qeyri-ciddi və qeyri-obyektiv informasiya ruporuna çevirməsi buna əyani sübutdur. Ona görə də hər hansı bir formada mütləq sosial şəbəkələrdə olan bütün növ ictimai münasibətlərin hüquqla tənzimlənməsi vacibdir. Hazırki vəziyyətdə isə Trampın belə bir qərar qəbul etməsi sosial şəbəkələrin hüquqa dəvət edilməsi istiqamətində atılan ilkin addımlardan biri kimi qiymətləndirilməlidir. Artıq beynəlxalq və ölkələr səviyyəsində bu istiqamətdə iş görməyin, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilməsinin zamanıdır. Ancaq şübhəsiz ki, sosial media və şəbəkələr qlobal informasiya cəmiyyətini yaradan əsas mübadilə platformasıdır və hazırki mərhələdə sosial və hüquqi məsuliyyətini artırmaqla öz fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratmalıdır”.