“Naxçıvana muxtariyyatın verilməsi siyasi hadisə idi” Siyasət

“Naxçıvana muxtariyyatın verilməsi siyasi hadisə idi”

BAXCP sədri: "Təklif edirəm ki, Naxçıvan MR-in 90 illiyi ilə bağlı Milli Məclisin xüsusi iclası keçirilsin"

Parlamentin ötən gün işinə başlayan payız sessiyasının ilk plenar iclasında sessiyanın işlər planı müzakirəyə çıxarılıb. Millət vəkilləri payız sessiyasında müakirə edilməsi vacib olan məsələlərlə bağlı öz fikirlərini bildiriblər və təkliflərini səsləndiriblər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxışında öncə parlamentin payız sessiyasının iş planına səs verəcəyini bildirib. Millət vəkili eyni zamanda bir təklifini də diqqətə çatdırıb. O xatırladıb ki, 2014-cü ilin yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Haxçıvan Muxtar Respublikasının 90 illiyinin qeyd olunması ilə əlaqədar sərəncam imzalayıb. Bu sərəncamdan irəli gələrək silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Qüdrət Həsənquliyevin fikrincə, Naxçıvan MR-in 90 illiyinin qeyd olunması təkcə Naxçıvana aid olan məsələ deyil: "Düzdür, bu yubiley cənab Prezidentin də iştirakı ilə Naxçıvanda qeyd olundu. Bundan sonra cəmi iki elmi-praktik konfrans keçirilib, biri Azərbaycan Milli Elmlər Akademiyasında, digəri isə dünən İdarəçilik Akademiyasında. Naxçıvana muxtariyyatın verilməsi təkcə elmi məsələ deyil ki, biz bunu yalnız elmi-praktik konfranslarda araşdıraq. Bu bir siyasi hadisə idi. Niyə Naxçıvana muxtariyyat verildi? Ona görə ki, Azərbaycanın qədim torpaqları - Zəngəzur, Göyçə mahalı, İrəvan xanlığı o dövrdə Azərbaycandan qoparıldı. Tarixdən ibrət dərsi götürülməlidir ki, hansı şəraitdə bu torpaqlar verildi, niyə biz torpaqlarımızı qoruya bilmədik? Yəni bu acı həqiqətlərlə bağlı danışmalıyıq. Mən düşünürəm ki, fərmanda da nəzərdə tutulduğu kimi ölkənin böyük şəhərlərində, Azərbaycanın digər bölgələrində də yubiley yüksək səviyyədə qeyd olunmalıdır. Təklif edirəm ki, o cümlədən Azərbaycan Respublikası parlamentinin bununla əlaqədar olaraq xüsusi bir iclası da keçirilsin və bu bizim iş planımıza daxil edilsin".