Azərbaycanın uğuru kimləri narahat edir?! - Azər Kərimli Siyasət

Azərbaycanın uğuru kimləri narahat edir?! - Azər Kərimli

“Radikal düşərgədə, o cümlədən “Milli Şura”da təmsil olunan şəxslər nəinki bəyanat müəlliflərinə dəstəklərini ifadə etməyə ehtiyac duymurlar, hətta öz mövqelərini bir neçə sözlə də olsa dilə gətirmirlər. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeni avtomobil yolunun çəkilməsi haqqında layihəyə münasibətini əks etdirən birgə bəyanatının doğurduğu rezonans bu sənədin nə qədər əhəmiyyətli olduğunu bir daha sübuta yetirir".
Bu sözləri Modern.az-a açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli deyib.
O, bəyanata həm xaricdə, həm ölkə daxilində, həm də Ermənistanda verilən reaksiyalarda diqqət çəkən önəmli məqamların olduğunu vurğulayıb:
“Qeyd edim ki, qəbul olunduqdan dərhal sonra bəyanat Avropa Parlamentinin xarici əlaqələr komitəsinin “Twitter” səhifəsində yayımlandı və izləyicilər tərəfindən yazılan rəylərdən, verilən müsbət reaksiyalardan da sənədin mətninin dəstəkləndiyi bəlli oldu. Eyni müsbət yanaşma sosial şəbəkə istifadəçisi olan Azərbaycan vətəndaşlarının mütləq çoxluğunun reaksiyalarında, şərh və rəylərində də öz əksini tapdı. Yalnız ölkəmizin radikal müxalifət təmsilçilərinin və onların xaricdəki nümayəndələrinin mövqeyi nəzərə çarpmadı. Adətən bu adamlar milli məsələlərdə iqtidar-müxalifət münasibətlərinin əhəmiyyət daşımadığını, vahid mövqedən çıxış etməyin vacibliyini bildirilər. Amma indi ortalıqda Azərbaycanın çox əhəmiyyətli bir uğuru var, həm də işğal altında olan ərazilərimizlə bağlı... Radikal düşərgədə, o cümlədən “Milli Şura”da təmsil olunan şəxslər nəinki bəyanat müəlliflərinə dəstəklərini ifadə etməyə ehtiyac duymurlar, hətta öz mövqelərini bir neçə sözlə də olsa dilə gətirmirlər”. Azər Kərimli bəyanatın işğalçı ölkədə - Ermənistanda doğurduğu reaksiyaya da diqqət çəkib: “Ermənistanın sabiq prezidenti, Respublika partiyasının sədri Serj Sarkisyan rəhbərlik etdiyi siyasi təşkilatın üzv olduğu Avropa Xalq Partiyasının prezidenti etiraz məktubu göndərib. Ermənistanın ilk ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdiyan bəyanatı ölkəsinin parlament diplomatiyasının tamamilə iflasa uğraması kimi dəyərləndirib və sənədin Ermənistanın milli təhlükəsizliyini ciddi təhdid etdiyini bildirib. Eyni reaksiyanı Ermənistan-Avropa İttifaqı parlament əməkdaşlığı komitəsi, separatçı rejimin təmsilçiləri, erməni siyasətçiləri və ekspertləri də veriblər. Ermənistanın kütləvi informasiya vasitələri bu bəyanatla bağlı yayımladıqları bütün xəbərlərdə sənədin “sensassiya” olduğunu bildirilər”.
Deputat hesab edir ki, Avropanın 3 nüfuzlu siyasət adamının, parlamentarisinin bəyanatına Azərbaycanın qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri dəstək verməli, onlara təşəkkür məktubu ünvanlamalıdırlar:
“Biz Azərbaycanın haqlı mövqeyini müdafiə edən, ədalət prinsiplərini unutmayan, beynəlxalq hüquqa sayğı nümayiş etdirən bütün parlamentarilərə, siyasətçilərə, o cümlədən Marina Kalyurand, Jelyana Zovko və Trayan Baseskuya öz dəstəyimizi ifadə etməli, Ermənistanın, erməni lobbisi və diaspurunun onlara qarşı həyata keçirdikləri qarayaxma kampaniyasına tutarlı cavablar verməliyik”.
Azər Kərimli Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinin nəticəsi və diplomatiyamızın uğuru olan bu sənədin geniş təbliğ olunmasının vacibliyini də qeyd edib