

Əziz Əlibəyli: “Saziş ərəfəsində beynəlxalq və regional güclərin ciddi təhdidi ilə qarşı-qarşıyayıq”
“Ölkə ətrafında hərtərəfli olaraq atmosfer gərginləşib, təzyiq ən son həddə çatıb. Bunların Azərbaycanın Avropa İttifaqı ilə yeni saziş bağlamaq ərəfəsində olması mənzərəni aydınladır”. Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli səsləndirib. Onun sözlərinə görə, ətrafımızda münaqişə elementi yaradacaq, ölkəyə badalaq gəlmək üçün üfüqdə görünən istənilən problem hərəkətə gətirilir: “Saziş haçan imzalanacaq?
Konkret zaman bəlli deyil, amma rəsmi Bakını təhdid edən amillər sıraya düzülüb.
Nə var ki, bu saziş Azərbaycana əməlli - başlı divident gətirəcək...
Ölkəni təhdid edən İran kəşfiyyatı, ərazimizin 20 faizini işğal edən Ermənistan təxribatı, üzümüzü Avropaya tuturuq deyə bütün potensial təzyiq rıçaqlarını işə salan Rusiya, gözləmədiyimiz anda Gürcüstanın addımı...
Hamısını anlamaq mümkündür, böyük və güclü Azərbaycanın varlığı bunları narahat edirmiş, adamlarda tarixi yaddaş o qədər güclü və genetikləşib ki...
Bəs, bizim baltaqafalı, düşüncəsiz, fəaliyyəti ilə sistemi içindən dağıdaraq əhalinin sosial qruplarını hakimiyyətə (Məsələ heç hakimiyyət də deyil, dövlətçilik üçün həssas an yaşanır) qarşı xaotik etirazına səbəb yaradan məmurlara nə olub?
Bu adamlar heçmi düşünmürlər ki, addımları dəhşətli nəricələr doğurur.
Axı bu saziş ərəfəsində onsuz da beynəlxalq və regional güclərin ciddi təhdidi ilə qarşı-qarşıyayıq.
Bunlarla baş etmək, problemlərə köklənmək qalır bir tərəfdə, gözlənilmədən İçərişəhərə basdırılan "mina" partlayır.
Nəticədə ölkənin Birinci Vitse-Prezidenti hadisələrə müdaxilə etməyə məcbur olur. Verdiyi açıqlamadan da görünür ki, məlumat mənbələri heç də düzgün hesabat verməyiblər.
Salaam teatrı ilə bağlı yaşananları da hər kəs gördü.
Nə ehtiyac vardı o cür hoqqanı törətməyə, bütün sosial medianı birbaşa hakimiyyətin əlehinə yönəltməyə və ikinci İçərişəhər olayı təşkil etməyə?
Hansı ki, gün ərzində dardüşüncəli məmurların hesablanmamış addımı, qoçu psixologiyası ilə tarixi binanı (Nə fərq edər ki, nədir, axı söküntü üçün, təyinat üçün sənəd olmalıdır) çevirdilər ciddi etiraz meydanına.
Şübhəsiz ki, ora yığılan gənclər səmimidirlər, amma o etirazı körükləyənlər necə?
Ölkənin iki böyük universitetininin qapısının bura açıldığını kim hesablayıb?
Şübhəsiz, bunlar detallardır, mövzu isə daxili və xarici qrupların Azərbaycanı Avropa İttifaqı ilə sazişdən vaz keçirmək istəyidir.
Bəs, Sazişdə məzmun nədir?
Ölkənin siyasi liberallaşması və islahatların reallaşdırılmasıdır.
Ona görə, ilk növbədə əsas vəzifə idarəetməni bu cür səriştəsiz məmurlardan gecikmədən təmizləmək və insanları narazı salacaq halları ortadan qaldırmaqdır. Onsuz da bizim cəmiyyətin qurtuluşu barışdan keçir. Yoxsa, gürcülər belə üstümüzə bu qədər gələ bilməzdilər”.