Deputat Naqif Həmzəyev seçiciləri qəbul etdi - FOTO Siyasət

Deputat Naqif Həmzəyev seçiciləri qəbul etdi - FOTO

Milli Məclisin deputatı Naqif Həmzəyev ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olmasına baxmayaraq seçicilərini diqqətdən kənarda qoymur. Seçicilərlə daim ünsiyyət qurmaq üçün yaradılan Hamzayev.az adlı internet portalı vasitəsi ilə millət vəkili onlayn şəkildə onlarla görüşlər keçirir, hər bir müraciət və təklifə həssaslıqla yanaşır.
Millət vəkilinin seçicilərlə növbəti görüşü də onlayn şəkildə həyata keçirilib. Vətəndaşların arzu və istəklərini səbrlə, təmkinlə, qayğı ilə dinləyən Naqif Həmzəyev qlobal problem olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib. Pandemiya dövründə karantin rejiminin bütün tələblərinə əməl edilməsinin vacibliyini bildirən millət vəkili vətəndaşlara həm özlərini, həm də yaxınlarını xəstəlikdən qoruma, ətrafdakıları risk altına qoymamaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına ciddi şəkildə riayət etməyi tövsiyə edib.
Naqif Həmzəyev seçiciləri narahat edən problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini diqqətinə çatdırıb, məşğulluq, sosial və tibbi yardımlarla bağlı müraciətlərin nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılacağını bildirib.
Onlayn görüşdə iştirak edən sakinlər bu pandemiya dövründə də seçicilərini bir an da olsun diqqətsiz qoymayan deputatlarına minnətdarlıq ifadə ediblər.