Milli Qəhrəmanlardan cəbhədəki olaya reaksiya verdilər Siyasət

Milli Qəhrəmanlardan cəbhədəki olaya reaksiya verdilər

“Qanı qanla yumaq lazımdır!”

İyulun 12-13-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ordusunun artilleriya və diversiya qruplarından istifadə etməklə törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub, 4 əsgərimiz isə yaralanıb.
Baş verən təxribatla bağlı Azərbaycanın Milli Qəhrəmanları Modern.az-a danışıblar.
Milli Qəhrəman Ehtiram Əliyev ermənilərin bu cür təxribata əl atmasının qorxudan irəli gəldiyini bildirib:
"Bütün məlumatları indi ancaq mətbuatdan oxuya bilirəm, orda olan yoldaşlarla əlaqə saxlamaq mümkün deyil. Ermənilər illərdir ki, bu cür təxribatlara əl atır. Artıq bu son məqamdır, torpaqlarımızı işğaldan azad etmək vaxı gəlib çatıb. Ötən gün Tovuz camaatının da ayağa qalxması onu göstərdi ki, xalq döyüşə hazırdır. Ali baş komandan təlimat versə, mən də öndə gedənlərdən biri olaram. Müharibə olmasa, biz gələcək nəsillərə bu boyda dərd qoyub gedəcəyik. Şəhid olan gəncin 18 yaşı var. Bu günün 18 yaşlı gənci ilə bizim vaxtların 18 yaşlı gənci arasında fərq çoxdur.
Bizim kimi keçmiş döyüşçülərin hamısı hazırdır ki, bu dəqiqə ön cəbhədə vuruşsun. Ermənilər qorxularından bu cür təxribatlar törədir ki, varlığını sübuta yetirsinlər. Erməni saytlarının hamısını izləyirəm. İtkiləri barədə məlumat verməyiblər. Amma məlum məsələdir ki, axşamdan bu yana onlar tərəfdən də kifayət qədər itki olub. Ermənistan Müdafiə Nazirliyi məlumat yayır ki, itkiləri yoxdur, guya, Azərbaycanın yüksək təpələrini alıblar. Amma bütün bunlar sadəcə xalqı aldatmaq üçündür. Mən 6 il döyüşdə olmuşam, artıq başımı qaldırıb gəzə bilmirəm. Lazım gəlsə, Vətən yolunda ölərək torpaqlarımızı işağldan azad etməliyik".
Milli Qəhrəman Vahid Quliyev təxribatın ermənilərin ölkəni bürüyən böhrandan diqqəti yayındırmaq üçün törədildiyini deyir:"Emənistanda indi koronavirisa yoluxanlar baş alıb gedir, ölkə idarəolunmaz böhran vəziyyətindədir. Bütün bu məsələlərdən diqqəti yayındırmaq üçün onlar məhz belə təxribatlara əl atıb, xalqın diqqətini yayındırmağa çalışırlar. Amma nə qədər təxribata əl atsalar da, hamı bilir ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur və Ermənistan gec-tez məğlub olacaq. Artıq 90-cı illərdəki hadisələr baş verə bilməz. Ermənistan axşam saatlarından layiqli cavabını alır və yenə təxribata əl atsa, lazımı cavabı alacaq".
Milli Qəhrəmanı Maşallah Abdullayev hamını bir olmağa çağırıb:"Ermənilər tarixin müxtəlif mərhələrində həmişə bizə qarşı təxribatlar törətməklə məşğul olublar. Artıq dayanıb-durmaq vaxtı deyil. Hamının bir olub döyüşə getməyinin zamanıdır. Çünki belə görünür ki, ermənilər bizdən əl çəkən deyillər. Qanı qanla yumaq lazımdır. Anadan əmdiyimiz süd bizə halal olmaz, əgər o torpaqları düşmənə təslim etsək.
İndi ermənilər qorxularından bu cür təxribatlara əl atırlar, çünki bilirlər ki, Azərbaycan Ordusu istənilən halda onlardan güclüdür. Qadın-kişi, müxalifət-iqtidar hamı birləşib bu torpağı qorumalı, döyüşə getməliyik".