Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
6 Dekabr 23:11
Həmvətənlərimiz dövlətə və orduya dəstək aksiyaları ilə son damla qanınadək Vətən uğrunda savaşa hazır olduqlarını, Azərbaycanı canlarından artıq sevdiklərini nümayiş etdirdilər. Bunun əksi də ola bilməzdi…
Aksiya iştirakçılarının Vətən və Bayraq sevgisi, səmimi vətənpərvərliyi, səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək, düşmənə qarşı savaşmaq niyyəti sevindiricidir və hər bir Vətən sevdalısı kimi məni də qürurlandırır.
Ordu xalqın, dövlətin qürur mənbəyi, arxası, dayağıdır və ona dəstək vermək də hər bir vətəndaşın borcudur. Şübhəsiz ki, bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar da keçirilə bilər. İnsanlar orduya olan sevgilərini, dəstəklərini, düşmənə qarşı mübarizədə hər cür fədakarlığa hazır olduqlarını büruzə vermək istəyirlər. Bu milli birliyin, həmrəyliyin nümunəsidir və təqdir olunmalıdır.
Amma təəssüf ki, bir qrup təxribatçı, ekstrimist ideyalarla zəhərlənmiş Vətən xaini insanlarımızın saf hisslərindən, Vətən sevgisindən doğan dəstək aksiyasından öz çirkin məqsədləri üçün yararlanmağa çalışdılar. Əslində bu da gözlənilən idi... Çünki az qala hər gün bu rəzil məxluqların sosial şəbəkələrdə ölkəmiz əleyhinə apardıqları iyrənc təbliğatın, püskürdükləri yalan və böhtanların, təxribat xarakterli, təhrikçi hərəkətlərin şahidi oluruq. Az qala hər gün müxtəlif ideologiyalardan, müqəddəs dəyərlərdən öz maraqları üçün yararlanmağa çalışan, üzdə dost kimi görünən, arxada isə ermənidən daha artıq düşmən mövqeyi sərgiləyən, dünyanın üz qarası olan cəhalət, xurafat və qaranlıq mərkəzlərinin tör-tökütüləri tərəfindən milli dünyagörüşü daşıyıcılarının necə təhdid edildiklərini, təxribata məruz qaldıqlarını görürük.
Ermənistanın, erməni havadarlarının, həmçinin Azərbaycanın müstəqilliyinə düşmən kəsilən, milli, dünyəvi inkişaf platforması üzərində bərqarar olmuş dövlətçiliyimizi həzm edə bilməyən dairələrin, istənilən vəziyyətdən öz çirkin niyyətləri üçün yararlanmağa çalışan qrupların, virtual və real nüfuz müvəkkillərinin sosial şəbəkələr vasitəsilə apardıqları total təxribat kampaniyası, onların uzantılarının aksiyalardan da boy göstərəcəyi ehtimalını yaradırdı. Onu da qeyd edim ki, dəstək aksiyasını iştişaşa çevirmək istəyən, Milli Məclisin binasına girərək vandallıq törədən, polislərə qarşı zor işlədən, təhrikçi çağırışlar səsləndirənlərlə sosial şəbəkələrdəki təxribat qrupları istisnasız olaraq sinxron hərəkət edirdilər.
Təbii ki, kobud qanun pozuntularına yol verənlərin arasında təxribatçı qrupların yaratdıqları neqativ emosiyaların təsir altına düşənlər də yox deyildi. Sırf onlara münasibətdə deyirəm: Qəhrəman əsgər və zabitlərimizin Vətənimizin sərhədlərini qorumaq üçün ölüm-dirim savaşına atıldıqları bir zamanda təxribatlara uyaraq, milli birliyimizi, həmrəyliyimizi nümayiş etdirən aksiyaların mahiyyətini dəyişməyə, onu iğtişaşa, qarşıdurmaya çevirməyə cəhd göstərənlərin fitnəsinə uymaq vətəndaşlıq mövqeyinə, qanunlara ziddir, ən əsası isə şəhidlərin ruhuna hörmətsizlikdir. Bu bilərəkdən, yaxud bilməyərəkdən xain düşmənlə eyni cərgədə yer almaqdır!
Təxribatçılara gəldikdə isə, onlarla qanunun ən sərt üzü ilə danışmaq lazımdır! Şübhəsiz ki, qanunazidd hərəkətlərə heç bir halda haqq qazandırmaq olmaz. Əgər dekabrın 14-də və 14-dən 15-nə keçən gecə hansısa siyasi motivli aksiya keçirilsəydi və bu aksiya çərçivəsində iğtişaşa cəhd edilsəydi, o zaman bəlkə də baş verənlərə fərqli rakursdan, daha dəqiq desək yalnız qanunvericili çərçivəsindən yanaşmaq olardı. Amma indi məsələnin həm də mənəvi tərəfi var: Düşmən dövlət sərhədimiz istiqamətində qəfil hücuma keçib, ordu savaşır, şəhidlərimiz, yaralılarımız var, dövlətin bütün resursları həm döyüş bölgəsinə, həm də pandemiyaya qarşı mübarizəyə yönəldilib, Azərbaycan xalqının ürəyi səngərdəki əsgər və zabitlərimizlə birgə döyünür, emosiyalar ayaqdadır və belə bir məqamda, həm də insanların səmimi hisslərindən doğan, öncədən düşünülməmiş, təşkil edilməmiş vətənpərvərlik aksiyasını iğtişaşa çevirmək cəhdi, aksiya iştirakçılarının təhlükəsizliyini qoruyan və onlarla ilə birlikdə orduya dəstək verən polis əməkdaşlarına qarşı zor tətbiq etmək, dövlət müstəqilliyimizin bərpası ilə bağlı Konstitusiya Aktının qəbul olunduğu parlament binasında vandalizmə yol vermək özbaşınalığın, mənəviyyatsızlığın ən son həddidir və heç bir halda bağışlanılmamalıdır!
Biz 1990-cı illərin kataklizmlərindən, anarxiya, özbaşınalıq, xaos və qarşıdurmalardan keçən bir xalqın nümayəndələriyik və yaxın tariximizdə baş verənlər hələ də yaddaşımızdan silinməyib. Azərbaycan vətəndaşlarının dövlətə, orduya olan sevgi və dəstəyindən, milli birlik, həmrəylik nümayiş etdirmək, çiyin-çiyinə dayanmaq kimi saf niyyətindən öz çirkin məqsədləri üçün istifadə edənlərin pozucu, bölücü əməllərinə münasibətdə kimsənin kənarda dayanmağa, susmağa mənəvi haqqı yoxdur.
Bəzi siyasi qrupların, şəxslərin hərc-mərclik yaratmaq, ölkəmizi yenidən xaosun qaranlıqlarına sürükləmək cəhdləri ciddi şəkildə qınanılmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz, siyasi mövqeyindən, baxışlarından asılı olmayaraq Vətənini, Millətini, Dövlətini, Bayrağını sevən hər bir Azərbaycan vətəndaşı bu pozucu fəaliyyətə lazımi qiyməti verməlidir.
Bu gün düşmənlərimizi narahat edən və bizə qarşı davamlı təxribatların həyata keçirilməsinə rəvac verən əsas amil Azərbaycanın kimsədən asılı olmadan öz ayaqları üzərində dayanan güclü dövlət olmasıdır. Bizə dost və qardaş münasibəti şübhə doğurmayan və bunu əməldə sübuta yetirən xalqlardan, dövlətlərdən başqa heç kim ölkəmizin xaosdan, parçalanmadan, iqtisadi tənəzzüldən, böhrandan sıyrılaraq əmin-amanlığın, sabitliyin, təhlükəsizliyin hökm sürdüyü bir dövlətə çevrildiyini qəbul edə bilmir. Heçdən bir dövlət və bir bayraq yaradan əcdadlarımız kimi bu dövləti göz-bəbəyi kimi qoruyan, gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaq üçün çalışan qardaş və bacılarımız, xalqımızın düşünən beyinləri, vuran əlləri də hədəfdədirlər.
Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları var gücümüzlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz qətiyyətli qətiyyətli vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.
İndi sərt, qarşısıalınmaz, polad kimi möhkəm MİLLİ İRADƏ, BİRLİK, HƏMRƏYLİK zamanıdır!
Hər birimiz daha məsuliyyətli, daha prinsipial davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməli, hədəflərimizə doğru inamla, tərəddüd etmədən addımlamalıyıq.
Ordumuz düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir. Biz xalq və dövlət olaraq güclüyük, qətiyyətliyik! Qələbə mütləq bizim olacaq!
Elçin Mirzəbəyli