Finlandiya Azərbaycanlıları Assosiasiyası erməni təxribatlarına etiraz etdi Siyasət

Finlandiya Azərbaycanlıları Assosiasiyası erməni təxribatlarına etiraz etdi

Finlandiya Azərbaycanlıları Assosiasiyası Ermənistan-Azərbaycan dövlət sərhədində ermənilərin törətdikləri təxribatlara qarşı etiraz bəyanatı yayıb.

Bu barədə Trend-ə açıqlamasında assosiasiyanın həmsədri Arzu Oqtay bildirib. O qeyd edib ki, 30 ilə yaxın Azərbaycana qarşı başlatdığı təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq niyyətini 12 iyulda Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməklə açıq şəkildə bir daha nümayiş etdirdi:

"Ali Baş Komandan cənab İlham Əliyevin tələb və göstərişləri əsasında ən müasir silah və texnika ilə təmin edilən, hərtərəfli təchizata malik olan Cənubi Qafqazda ən güclü ordu sayılan Azərbaycan Ordusu Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatların qarşısını hər zaman böyük mətinlə alır. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş hazırlığının səviyyəsini, şəxsi heyətin mənəvi ruhunu, ordu ilə xalqın birliyini, torpaqlarımızı işğaldan azad etməyə qadir olduğumuzu təsdiqləmişdi.

Biz xaricdə yaşayan azərbaycanlılar da Vətənimizin bu dar günündə vətəndaşlıq borcumuzu yerinə yetirmək məqsədi ilə Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşərək üzərimizə düşən vətəndaşlıq borcumuzu yerinə yetirməliyik, bu müharibədə kənarda qalmamalıyıq. Azərbaycanın hər bir vətəndaşı üçün bir ucalıq var - Vətən ucalığı, bir müqəddəslik var - Vətən müqəddəsliyi, bir and var - Vətən andı. Bu anda sadiq olaraq bütün beynəlxalq qurumlara etirazımızı bildirərək Ermənistanin təcavüzkar hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edirik".