PA-nın şöbə müdiri Ədalət Vəliyev və Vəhdət Partiyasının sədri Tahir Kərimli arasında görüş keçirilib Siyasət

PA-nın şöbə müdiri Ədalət Vəliyev və Vəhdət Partiyasının sədri Tahir Kərimli arasında görüş keçirilib

İyul ayının 23-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ilə Vəhdət Partiyasının sədri Tahir Kərimli arasında görüş keçirilib.

Görüşdə Ermənistan tərəfindən dövlət sərhədində törədilmiş təxribatlar, pandemiya ilə mübarizə sahəsində Azərbaycanın ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər, eləcə də korrupsiyaya qarşı davam etdirilən mübarizə, habelə qanunvericiliyin təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan hərbi qüvvələri tərəfindən iyul ayının 12-də dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatın növbəti xain addım olduğunu vurğulayan Ə.Vəliyev Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat cavab tədbirləri ilə düşmənə sarsıdıcı zərbələr endirdiyini diqqətə çatdırıb. O bildirib ki, bu cür təxribatlara yol verilməsi Ermənistanın hazırkı rəhbərliyinin mənfur siyasətinin göstəricisidir və həm sosial-iqtisadi çətinliklərdən əziyyət çəkən əhalisinin qəzəbindən yayınmaq istəyindən, həm də Azərbaycanın günbəgün artan beynəlxalq nüfuzunu qəbul edə bilməməsindən irəli gəlir. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Prezidentinin təşəbbüsü ilə aparıcı beynəlxalq təşkilatların zirvə görüşləri keçirilir, Azərbaycan Prezidentinin dünya ictimaiyyətini koronavirus pandemiyası ilə mübarizədə səyləri birləşdirməyə yönəlmiş çağırışları dünya liderlərinin mütləq əksəriyyəti tərəfindən təqdir olunur: təkcə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi çağırışına, Ermənistanın əks mövqedə olmasına baxmayaraq, 130 ölkənin qoşulması buna bariz nümunədir və təbiidir ki, bu, Ermənistanın faşist rejimini qıcıqlandırmaya bilməzdi.

Ə.Vəliyev həmçinin bildirib ki, Tovuz rayonunun intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın sürətlə aradan qaldırılması məsələləri ölkə başçısının diqqət mərkəzindədir və bu məqsədlə görüləcək tədbirlərlə bağlı iyul ayının 20 də sərəncam imzalanıb.

PA-nın Şöbə müdiri Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən çoxşaxəli tədbirlərə də toxunaraq bu istiqamətdə də vətəndaşmərkəzli dövlət siyasətinin aparıldığını, insanların sağlamlıqlarının qorunmasının önə çəkilməsi, yüksək səviyyəli pulsuz tibbi yardım göstərilməsinin təmin edilməsi ilə yanaşı, 3,5 milyard manatdan artıq sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu bildirib. Qeyd olunanlarla yanaşı, ölkədə korrupsiyaya qarşı aparılan mübarizənin də intensiv surətdə davam etdirildiyi, struktur və kadr islahatlarının dərinləşdirildiyi diqqətə çatdırılıb.

T.Kərimli siyasi münasibətləri sağlam zəmində gücləndirmək məqsədi ilə ölkənin yeni siyasi konfiqurasiyasının formalaşdırılmasının təqdir olunduğunu, eləcə də ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması və konstruktiv əməkdaşlığın qurulması işinə verdiyi əhəmiyyətin, habelə Milli Məclisdə müxalifət partiyalarının nümayəndələrinin rəhbərlikdə, komitə və komissiya rəhbərliyində təmsil olunmasının müsbət hal və Azərbaycanda yeni siyasi mədəniyyətin təşəkkülünün göstəricisi olduğunu bildirib. Bununla əlaqədar T.Kərimli Milli Məclisdə təmsil olunan siyasi partiya rəhbərləri və nümayəndələri ilə iyul ayının 7-də keçirilmiş videokonfransın əhəmiyyətini xüsusi vurğulayıb.

T.Kərimli, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənilməsi və düşmənə qarşı həmrəylik nümayiş etdirilməsinin vacibliyini bildirərək bu günlərdə 47 siyasi partiyanın Azərbaycan Respublikası Prezidentinin ölkənin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür təxribatın qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləməsinin müstəsna əhəmiyyətini ifadə edib. T.Kərimli bu mürəkkəb şəraitdə həm Milli Məclisin deputatı, həm siyasi partiya rəhbəri, həm də vətəndaş kimi Vətənin xidmətində Ali Baş Komandanın yanında olduğunu diqqətə çatdırıb.
Partiya sədri iyulun 14-də dövlətə dəstəyini ifadə edən izdihamın bəzi qüvvələr tərəfindən məqsədli şəkildə neqativ istiqamətdə yönəldilməsi cəhdlərinin, eləcə də qanunverici orqanın binasında törədilən vandalizmi şəhidlərin müqəddəs ruhuna hörmətsizlik kimi qiymətləndirdiyini və bu cür halların hamılıqla pislənilməsinin vacibliyini deyib.

Görüşdə həmçinin ölkədə siyasi sistemin inkişafı istiqamətində görülən tədbirlərin davam etdirilməsi, partiyalararası dialoqun daha da genişləndirilməsi, eləcə də siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi, habelə partiyaların Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatlılığının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Sonda siyasi partiyalarla görüşlərin davamlı keçirilməsinin məqsədəmüvafiqliyi vurğulanıb.