“Biz topaqlarımızı azad etməliyik” Siyasət

“Biz topaqlarımızı azad etməliyik”

Qüdrət Həsənquliyev: "O zaman Xocalı şəhidlərinin ruhu da şad olacaq"

Milli Məclisin bugünkü plenar iclasında Xocalı faciəsinin ildönümü ilə bağlı müzakirələr keçirilib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev müzakirələrdə çıxışında diqqəti ilk öncə Ermənistanın işğalçılıq siyasətinin hələ də davam etməsi faktına yönəltdi.
Artıq Xocalı faciəsindən 22 il keçdiyini xatırladan millət vəkili təəssüflə bildirib ki, ötən müddət ərzində bu qətliamı törətmiş hərbi cinayətkarların tutulub məhkəmə qarşısına çıxarılmasına nail ola bilməmişik: "Biz bilirik ki, bunun əsas səbəblərindən biri beynəlxalq birliyin, dünyanın əsas siyasətini müəyyənləşdirən aparıcı dövlətlərin Qarabağ məsələsinə ikili yanaşmasıdır. Məsələn Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir, amma ona qarşı münasibətdə hər hansı sanksiya və təzyiq göstərilmir. Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə borclu olan Minsk qrupunun həmsədrləri nəinki Ermənistana sanksiya barədə düşünmürlər, əksinə Ermənistanın vəziyyətini bir az da yaxşılaşdırmaq üçün, sanki Ermənistanın bu işğalı bundan sonra da daha 22 il davam etdirməsi üçün işğalçı ölkə ilə Türkiyə arasında sərhədlərin açılmasına cəhd göstərirlər. Sanki bunların məqsədi Qarabağ münaqişəsini həll etmək yox, Ermənistanla Türkiyənin münasibətlərini yaxşılaşdırmaq və Ermənistanın mövqeyini regionda daha da gücləndirməkdir".
Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Qarabağ məsələsinə münasibətini qətiyyətlə pisləməlidir: "Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları ciddi tədbirlər görməlidir. ABŞ və İsrailin təcrübəsində belə hallar olur ki, onlar öz dövlətlərinin maraqlarına toxunan ayrı-ayrı cinayətkarları dünyanın harasında olmasından asılı olmayaraq, təqib edirlər, ədalət mühakiməsi qarşısına çıxarırlar, buna nail ola bilmədikdə isə həmin şəxsləri sadəcə zərərsizləşdirirlər. Azərbaycan dövlətinin hesab edirəm ki, buna gücü və imkanı var, sadəcə olaraq həm də daha qətiyyətli bir mövqe tutmağa ehtiyac var. Azərbaycanın bu ağır durumunun səbəbləri aydındır. Biz bu barədə parlament tribunasından da açıq danışmalıyıq ki, Azərbaycan müsəlman ölkəsidir. Bu faktor çox önəmli rol oynayır ki, bizə münasibətdə ədalətsiz davransınlar. Həm Avropada, həm ABŞ-da islamafobiya var və bu da Qarabağ məsələsinə münasibətdə öz rolunu oynayır".
İslam dünyasına gəldikdə isə millət vəkili təəssüflə bildirdi ki, İslam dünyası dağınıq, birliyin olmadığı dövlətlərin toplumudur: "Bunların böyük əksəriyyəti inkişaf etməmiş ölkələrdir, ciddi daxili problemləri var, Avropadan, digər ölkələrdən asılı vəziyyətdədirlər. Bir çox hallarda da onlar həmin ölkələrin sadəcə olaraq iradəsini yerinə yetirməklə məşğuldurlar, nəinki müstəqil xarici siyasət yürütməklə. Biz bunu qardaş Türkiyənin timsalında görürük. Mən dəfələrlə söyləmişəm, bu gün parlament tribunasından bir daha söyləyirəm və yəqin ki, bu işğal davam etdikcə yenə də söyləyəcəyəm ki, Ermənistanın bu gün ayaq üstə qalmasına səbəbkar onun hərbi-siyasi müttəfiqi olan Rusiyadan çox, bizim qonşu müsəlman respublikalarıdır. Birincisi İrandır, hansı ki, orada İslam dinindən istifadə edərək hakimiyyətə gəliblər və bu gün də İslam dini ilə ilə manipulyasiya edirlər. Amma İran məscidlərimizi dağıtmış, İslam mədəniyyət abidələrini dağıtmış Ermənistanla həm iqtisadi, həm siyasi, eləcə də hərbi sahədə, turizm sahəsində ciddi əməkdaşlıq edir və gündən-günə də bu əməkdaşlığı inkişaf etdirir. Əlbəttə biz Türkiyə dövlətinə minnətdar olmalıyıq ki, vaxtilə onlar Azərbaycan torpaqlarını işğal edən Ermənistanla sərhədlərini bağlayıb. Amma hər kəs bilir ki, Azərbaycan hökumətinin qətiyyətli mövqeyi olmasaydı, onlar da sərhədi açmağa hazırlaşırdılar. Ermənistanla Türkiyənin iqtisadi əlaqələri gündən-günə genişlənməkdədir. Mən bu məsələləri qaldırıram və həm də öz xalqımıza müraciət edirəm ki, torpaqlarımızın azad olunması üçün kimdənsə kömək gözləməməliyik. Hətta qadaş ölkələrdən belə. Azərbaycan öz gücünə güvənməlidir, biz xalqın birliyinə nail olmalıyıq, hərbi-sənaye kompleksini inkişaf etdirməliyik. Azərbaycan bu işğalın bundan sonra da davam etməsinə dözməməlidir, biz topaqlarımızı azad etməliyik. O zaman Xocalı şəhidlərinin ruhu da şad olacaq".

Cavanşir Həsənli