Zakir Həsənov: Azərbaycan Ordusunun şəxsi heyəti döyüş və mənəvi-psixoloji hazırlığını daha da artırır Siyasət

Zakir Həsənov: Azərbaycan Ordusunun şəxsi heyəti döyüş və mənəvi-psixoloji hazırlığını daha da artırır

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Təbrikdə mütərəqqi islami dəyər və ənənələrin uca tutulduğu Azərbaycanda dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd edilən Müqəddəs Qurban bayramının cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsi olduğu bildirilib.

Azərbaycana rəhbərliyinin bütün dövrlərində ümummilli lider Heydər Əliyevin yürütdüyü dövlət quruculuğu siyasətinin, azərbaycançılıq ideyasının milli-mənəvi amilləri yüksək tutaraq adət-ənənələrimizin, islami və bəşəri dəyərlərin qorunub saxlanmasına xidmət etdiyi vurğulanıb.

Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyevin bu gün davam etdirdiyi uğurlu siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları daha da möhkəmləndiyinin qeyd olunduğu təbrik məktubunda vurğulanıb ki, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə edib, islami və bəşəri, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, humanist, tolerant dövlət olaraq dünyada şöhrət qazanıb.

“Bu müqəddəs bayram günündə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini hörmətlə yad edir, onların ailə üzvlərini və yaxınlarını, bu yolda sağlamlığını itirmiş silahdaşlarımızı və əziz veteranları Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalan şəxsi heyət döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq Ali Baş Komandanın rəhbərliyi altında hər an döyüşlərə hazır olacaq.

Sizi Müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram. Bayramınız mübarək olsun!”, - deyə Müdafiə nazirinin təbrikində xüsusi vurğulanıb.