Səfir: Azərbaycan və Pakistan hər zaman bir-birinin haqlı mövqeyini dəstəkləyib Siyasət

Səfir: Azərbaycan və Pakistan hər zaman bir-birinin haqlı mövqeyini dəstəkləyib

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin “Rose Tv” kanalına müsahibə verib.

Müsahibədə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinə dair fikirlərini bölüşən səfir ölkə rəhbərlərinin apardığı qarşılıqlı inam və etimada əsaslanan siyasət nəticəsində münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və ilbəil möhkəmləndiyini bildirib. Azərbaycan və Pakistanın hər zaman bir-birinin haqlı mövqeyini dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi İslamabadın daim ölkəmizin yanında olduğunu bildirən Əli Əlizadə deyib: “Bu il iyulun 12-16-da Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribatını və təcavüzünü pisləyən ilk ölkələr sırasında Pakistanın da olub. Buna görə dost ölkənin hökumətinə və xalqına təşəkkürümü bildirirəm”.

Cəbhədəki son vəziyyət haqqında məlumat verən diplomat qeyd edib ki, Ermənistanın bu təxribatı Azərbaycanın Tovuz rayonu istiqamətində törətməkdə məqsədi təkcə diqqəti ölkədəki çətin sosial-iqtisadi, eyni zamanda, pandemiya ilə bağlı yaranmış acınacaqlı vəziyyətdən yayındırmaq deyil, həmçinin Dağlıq Qarabağ regionundan uzaqda, Ermənistanla dövlət sərhədində gərginlik yaratmaqla yeni mövqelər ələ keçirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da münaqişəyə cəlb etmək olub. Əli Əlizadə Ermənistanın hədəflərindən birinin həmin ərazidən keçən mühüm enerji və nəqliyyat infrastrukturunu məhv etmək və Azərbaycanın enerji resurslarının ixracına ziyan vurmaq olduğunu bildirib. Səfir Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin cəhdlərinin qarşısının qətiyyətlə alındığını və təcavüzkar Ermənistan ordusunun yerinə oturdulduğunu xatırladaraq, regionda gərginliyin artmasına xidmət edən təxribatçı hərəkətlərə görə tam məsuliyyətin rəsmi Yerevanın üzərinə düşdüyünü vurğulayıb.

Prezident İlham Əliyevin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini bildirən səfir ölkəmizin siyasi müstəvidə olduğu kimi, iqtisadi-ticari sahədə də Pakistanla əməkdaşlığının möhkəmləndirilməsinə maraqlı olduğunu qeyd edib, bu sahədə görülən işlər və potensial imkanlar haqqında məlumat verib, qarşılıqlı investisiya üçün yaxşı şəraitin olduğunu bildirib.

Ölkələrimiz arasındakı sıx münasibətlərdən söz açan Ə.Əlizadə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2017-ci ildən Pakistan vətəndaşları üçün sadələşdirilmiş viza sisteminin tətbiqi nəticəsində respublikamıza səfər edənlərin sayında sürətli artımın müşahidə olunduğunu deyib. Bildirib ki, iki ölkə arasında birbaşa hava reyslərinin açılması istiqamətində işlər davam edir.

Əli Əlizadə, həmçinin Kəşmir məsələsi ilə bağlı Azərbaycanın mövqeyindən, Heydər Əliyev Fondunun ölkələrimizin xalqları arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrdən, həyata keçirilən layihələrdən, pandemiya dövründə Pakistanla həmrəyliyin daha da möhkəmlənməsindən, bu ölkəyə göstərilən yardımlardan, mədəniyyət, turizm sahələrində aparılan işlərdən, Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən, ölkəmizdə reallaşdırılan islahatlardan, sahibkarlıq fəaliyyəti üçün yaradılan münbit şəraitdən, iqtisadi zonaların, sənaye və kənd təsərrüfatı məhsulları istehsalı müəssisələrinin qurulmasından, texnoloji parklardan və digər məsələlərdən danışıb.

Sonda səfir Pakistan hökumətini və xalqını bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.