Hulusi Akar: Biz haqqın, hüququn və qardaşlığın tərəfindəyik Siyasət

Hulusi Akar: Biz haqqın, hüququn və qardaşlığın tərəfindəyik

Azərbaycan türkü bizim doğma qardaşımızdır. Biz bir millət, iki dövlətik. Heç kimin buna şübhəsi olmasın. Əlbəttə, biz burada tərəf tuturuq. Biz haqqın, hüququn və qardaşlığın tərəfindəyik. Tovuzda həyata keçirilən təxribatı da şiddətlə qınayırıq. Ortada hər hansı bir səbəb olmadan edilən belə bir hücumu pisləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Anadolu agentliyinin təşkil etdiyi canlı yayımda sualları cavablandırarkən deyib.

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə münasibətlərinə toxunan nazir deyib: “Bizim müxtəlif təcrübə mübadilələri və tədris əməkdaşlığı istiqamətində aparılan işlərlə hər zaman azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu hər kəs bilməlidir. İstər tədris, istərsə də təlimlər sahəsində əməkdaşlığımız davam edir və bu istiqamətdə görüşlər keçirilir.

Ermənistanın Türkiyəyə qarşı sərgilədiyi düşmənçiliklə mövqeyi ilə bağlı məlum proseslərə dair fikirlərini bölüşən nazir Hulusi Akar təəssüflə vurğulayıb ki, Ermənistan tərəfi ağılla, məntiqlə və düşünərək addımlar atmır. Ətrafdan dəstək görərək öz boyundan böyük işlər görmək istəyir. Təbii ki, onlar bunun həll yolu olmadığını görməlidirlər. Tarixə baxsaq, 1915 hadisələri ilə əlaqədar onlar tərəfindən irəli sürülən iddiaların səhv olduğunu mən deyil, ABŞ Milli Arxivinin ingilis və Amerika kəşfiyyat zabitləri tərəfindən hazırlanmış hesabatları deyir. Bu mövzuda mediadan və müxtəlif proqramlardan istifadə edərək təəssüf ki, Türkiyəyə və türklərə qarşı həqiqətdən uzaq fikirlər yayılıb.

Ötən əsrin əvvəllərində baş verən hadisələrin sənədlərdə əksini tapdığını diqqətə çatdıran dövlət rəsmisi bildirib ki, həmin prosesləri özləri izləyən ingilis və amerikalıların hesabatları var. Onlar hər yeri gəzərək türk kəndlərinin yandırılıb, erməni kəndlərinə isə heç bir zərərin dəymədiyini görüb və bunları açıq şəkildə yazıblar. Orada hətta məscidlərin yandırılıb dağıdıldığı, kilsələrin isə ziyan çəkmədiyi də göstərilir. Bütün bu faktlar ABŞ arxivlərindədir. Əlbəttə, biz elm adamlarına bu sənədlərə baxmağı tövsiyə edirik. Orada bütün məsələlərə dair ilkin fikirlər mövcuddur.