AP separatçılarla dostluq qrupu barədə izahat verdi Siyasət

AP separatçılarla  dostluq qrupu barədə izahat verdi

Avropa Parlamentinin üzvlərindən ibarət olsalar belə, bu qruplar Avropa Parlamentini təmsil etmirlər, onun mövqeyini əks etdirmirlər

Avropa Parlamentində yaradılmış dostluq qrupları qeyri-rəsmi xarakter daşıyırlar.
Bu barədə Avropa Parlamentinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. Qeyd edilib ki, Azərbaycan, Ermənistan və hətta qondarma Dağlıq Qarabağla yaradılmış dostluq qrupları qeyri-rəsmi xarakterlidirlər.
"Avropa Parlamentinin üzvlərindən ibarət olsalar belə, bu qruplar Avropa Parlamentini təmsil etmirlər, onun mövqeyini əks etdirmirlər və parlamentin maddi dəstəyindən yararlanmırlar".
Parlamentin nümayəndə heyətləri üçüncü dövlət və ya regionlarla münasibətlər qurur və beynəlxalq əlaqələri genişləndirirlər. Onların heyəti Avropa Parlamentinin ümumi tərkibinə mütənasibdir. Həmçinin, nümayəndə heyətləri və onların rəhbərləri Avropa Parlamentinin ümumi mövqeyini bildirmək məsuliyyəti daşıyırlar.
"Avropa Parlamenti və Cənubi Qafqaz arasında əlaqələr quran və ikitərəfli münasibətləri genişləndirən rəsmi qurumlar avroparlamentari Sayyad Karimin (Sajjad Karim) başçılıq etdiyi Aİ-Azərbaycan, Aİ-Ermənistan və Aİ-Gürcüstan parlamentlərarası əməkdaşlıq komitələri və Heydi Hautalanın (Heidi Hautala) sədrlik etdiyi Avronest Parlament Assambleyasında Aİ nümayəndə heyətidir", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, bir müddət əvvəl Avropa Parlamentində Dağlıq Qarabağdakı separatçı rejimlə dostluq qrupunun yaradılması barədə Ermənistan KİV məlumat yaymışdı.