“Qarabağ münaqişəsi Avropada ən təhlükəli münaqişələrdən biridir” Siyasət

“Qarabağ münaqişəsi Avropada ən təhlükəli münaqişələrdən biridir”

ATƏT sədri: "Cənubi Qafqazdakı münaqişələrdə ABŞ-ın ən yüksək siyasi səviyyədə iştirakı bizim səylərimiz üçün faydalı olardı"

"Dağlıq Qarabağ münaqişəsi Avropada ən təhlükəli münaqişələrdən biridir". APA-nın xəbərinə görə, bunu İsveçrə xarici siyasət idarəsinin rəhbəri D. Burkhalter Vaşinqtonda Helsinki Komissiyasındakı çıxışı zamanı deyib.
D. Burkhalter bildirib ki, bu ilin əvvəlində ATƏT-in fəaliyyətdə olan sədri kimi keçirdiyi ilk görüşlərdən biri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə olub. O, beynəlxalq ictimaiyyətin münaqişənin həllində rolunu xüsusi qeyd edib: "Mən onu da qeyd etmək istərdim ki, həm Qarabağda, həm də Gürcüstanda ABŞ-ın ən yüksək siyasi səviyyədə iştirakı bizim səylərimiz üçün faydalı olardı. Əminəm ki, həlli uzanan münaqişələrin dalana dirənməsini yalnız ABŞ kimi aparıcı beynəlxalq oyunçuların diqqəti və prosesə cəlb olunması ilə aradan qaldırmaq mümkündür".
D. Burkhalter amerikalı həmsədr Ceyms Uorlikin fəaliyyətini yüksək qiymətləndirib.
Fəaliyyətdə olan sədrin sözlərinə görə, adi silahlar üzərində nəzarət, təhlükəsizliyin və etimadın artırılması tədbirləri ATƏT məkanında sabitlik və şəffaflığın möhkəmlənməsi istiqamətində birgə səylərdə əsas rol oynayır.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaz bölgəsinə səfər edəcəyini də bildirib. O, səfərin tarixini açıqlamayıb.
D. Burkhalter bildirib ki, Cənubi Qafqaz regionu İsveçrənin ATƏT-ə sədrliyinin prioritet istiqamətlərindən biridir.
Qeyd edək ki, ötən ilin sonlarında Cenevrədəki Humanitar Dialoq Mərkəzinin eksperti Anjelo Qnadinger ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub.