Müsavatın Məclis üzvü Cəmil Həsənlini “qorxaq” adlandırdı Siyasət

Müsavatın Məclis üzvü Cəmil Həsənlini “qorxaq” adlandırdı

Arif Hacılının qardaşı: "Milli Şuranın mitinqində Cəmil Həsənli Əli Kərimlinin qorxusundan İsa Qəmbərə salam vermədi"

"Düşünürəm ki, Milli Şuranın təşkil etdiyi mitinqin nə məhbuslara, nə də demokratik düşərgəyə aidiyyəti var. Əli Kərimlini yalnız şəxsi ambisiyaları maraqlandırır. Milli Şuranın yeganə müxalifət qüvvəsi olduğunu sübut etmək istəyirlər". Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli deyib.
M. Hacıbəyli bildirib ki, bir müddət əvvəl Müsavatın da təmsil olunduğu Siyasi Məhbusların Hüquq-Müdafiə Mərkəzi mitinq keçirmək istəsə də, Milli Şura rəhbərliyi bu təklifə qarşı çıxıb: "Biz bu barədə təkliflə çıxış edəndə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və tərəfdarları buna qarşı çıxaraq, hələ mühitin yetişmədiyini, vaxtının çatmadığını demişdilər. Amma indi mitinq keçirmək istəyirlər".
M. Hacıbəyli Milli Şuranın sədri Cəmil Həsənli də ittiham edərək, onun Ə. Kərimlinin diktəsi ilə hərəkət etdiyini vurğulayıb: "Mən Milli Şuranın sədri Cəmil Həsənlinin mövqeyinə təəccüb edirəm. Müsavat Partiyası o vaxt Milli Şuranın tərkibində, ümumi maraqlar naminə Cəmil Həsənlinin namizədliyini irəli sürdü. İsa Qəmbər prezidentliyə namizədliyini geri götürərək, Cəmil Həsənlini dəstəkləmişdi. Amma təsəvvür edin ki, Cəmil Həsənli Əli Kərimlinin qorxusundan Milli Şuranın mitinqində bizə, İsa Qəmbərə salam vermədi. Görünür, o, Əli Kərimlidən çəkindiyi üçün belə addım atdı. Bu, Cəmil Həsənliyə yaraşmayan hərəkətdir".
Mustafa Hacıbəyli sosial şəbəkələrdə də AXCP sədri Əli Kərimlini məhbusların azadlığı yox, şəxsi ambisiyaları düşündürdüyünü deyib. Onun sözlərinə görə, aksiya Məhbusların Müdafiə Mərkəzi tərəfindən və bu qurumun təşkilatçılığı ilə həyata keçirilməli idi: "Biz bunu təklif etmişdik. Amma görünür, Əli Kərimlini müxalifətin birliyi deyil, heç məhbusların azadlığa çıxması uğrunda sanballı mitinq təşkil etmək də deyil, Milli Şurada yeganə qüvvə olduğunu sübut etmək düşündürür. Yəni onu şəxsi ambisiyaları maraqlandırır. Bizim də münasibətimiz adekvat olmalı, özümüz təşəbbüsü ələ alaraq aksiya təşkil etməliyik".
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında mitinq ərəfəsində müxalifətdaxili münaqişələrə qarışmaq istəmədiyini deyib.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə Milli Şuranın noyabrın 10-na təyin etdiyi aksiyaya münasibət bildirib.
S.Novruzov "Publika.az"a açıqlamasında deyib ki, noyabrın 10-a təyin olunan mitinq də əvvəlkilər kimi sifarişli aksiyadır.
Onun sözlərinə görə, bu cür aksiyaların keçirilməsində məqsəd Avropada müəyyən dairələrin Milli Şuradan istifadə edərək Azərbaycana qarşı təzyiqlərini davam etdirmək cəhdidir: "Bu cür aksiyaların keçirilməsi üçün müəyyən qədər vəsait də ayrılıb. Ona görə də bu aksiyanın keçirilməsində əsas məqsəd hər hansı məhbusun azadlığa çıxması deyil. Məqsəd AXCP və Milli Şuraya daxil olan digər partiyaların maliyyə vəziyyətinin yaxşılaşdırılmasıdır ki, onlar da bu cür aksiya keçirməklə xaricdən vəsait almağı düşünür. Ancaq Milli Şura ötən dəfə olduğu kimi, bu dəfə də istəyinə nail ola bilməyəcək və bu aksiyaya da heç kəs gəlməyəcək. Bu mitinq deyil, adi bir piket olacaq. Bura yalnız Mili Şurada təmsil olunan siyasi partiya rəhbərləri və funksionerləri qatılacaq. Onlardan savayı heç kəs bu aksiyaya gəlməyəcək. Çünki Azərbaycan əhalisi bunları yaxşı tanıyır və görür.
Azərbaycan xalqı son günlər media vasitəsilə AXCP-nin ayrı-ayrı rayon təşkilatı rəhbərlərinin dilindən söylənilən və Milli Şuranın əsl mahiyyətini ifşa edən fikirlərlə də tanış olur. Milli Şurada təmsil olunan şəxslərin maskaları bir daha yırtıldı. Azərbaycan xalqı bir daha əmin oldu ki, əslində Milli Şura Azərbaycan dövlətinə və xalqına deyil, xaricdə oturan ermənipərəst dairələrə və havadarlarına xidmət edir".