"Müharibə hər an yenidən alovlana bilər" Gündəm

"Müharibə hər an yenidən alovlana bilər"

ABŞ - İran müharibəsi hələ də bitməyibdir. Və bu müharibə yenə də çox yaxın gələcəkdə aktiv fazaya daxil olacaq. Güman edirəm ki, siz də ABŞ-ın regionda təxminən 30–40 hərbi obyekt və baza istifadə etdiyini və bunların əsas hissəsinin 8 ölkədə yerləşdiyindən xəbərdarsınız? Qeyd edim ki, bu hərbi bazalar heç də cəmi bir ABŞ prezidentinin dönəmində birdən-birə mövcud olmayıb. Yəni İran məsələsi bir tək Trampa bağlı olan məsələ deyil. Bu, ABŞ-nin davamlı İran ilə bağlı yürüdülən siyasətinin nəticəsidir.

Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.

"İllərdir ki, ABŞ İranın çevrəsində müxtəlif funkaiyalı hərbi bazalar yerləşdirir.

Gəlin xəritəyə nəzər salaq: ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı məhz Bəhreyndə yerləşir.

Digər tərəfdən Əl-Udeyd Hərbi Hava Bazası, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hava bazalarından biridir və CENTCOM-un əsas mərkəzidir. Bu hərbi baza da Qətər ərazisində yerləşir.

Camp Arifjan, Ali Al Salem və digər mühüm hərbi obyektlər... Bunlar Küveyt ərazisində yerləşirlər.

İraqda olan Əl-Əsəd və Ərbil kimi bazalarda da ABŞ hərbi qüvvələri yerləşdirilib.

İordaniyada yerləşən Muvaffaq Salti (Əl-Əzraq) aviabazası isə ABŞ üçün strateji əhəmiyyət daşıyır.

Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dafra Hava Bazası və digər obyektlər də bura daxildir. O cümlədən Səudiyyə Ərəbistanındakl Prince Sultan və digər hərbi obyektlər...

Suriyada Ət-Tənf bölgəsində də ABŞ-nin məhdud sayda hərbi mövqeləri var, lakin onların hüquqi statusu digər ölkələrdəki bazalardan fərqlənməkdədir" - politoloq xatırladıb.

O, qeyd edib ki, bu bazaların əsas vəzifələri İranın hərbi fəaliyyətini izləmək və çəkindirmək; Hörmüz boğazı və Qırmızı dənizdə dəniz yollarının təhlükəsizliyini təmin etmək; o cümlədən terror təşkilatlarına qarşı əməliyyatlar aparmaq; və ABŞ-nin regional müttəfiqlərinə hərbi dəstək verməkdən ibarətdir:

"Baxdıqda bu gün görünən mənzərə nədir? ABŞ sürətlə bu kimi hərbi bazalara çoxlu sayda müxtəlif növ silah sursat daşıyır. Sual olunur. Niyə və kimə qarşı?

Hazırda vəziyyət çox həssasdır və regionda hərbi gərginlik heç də tam aradan qalxmayıb. Son aylarda tərəflər arasında qarşılıqlı ittihamlar, hərbi insidentlər və diplomatik danışıqlar biz görürük ki, paralel şəkildə davam edir.

Və ani bir qığılcım...

Müharibənin yenidən başlamasına səbəb ola biləcək əsas amillər isə bunlardır:

ABŞ bazalarına və ya müttəfiqlərinə qarşı ciddi hücumlar;

İranın nüvə proqramı ətrafında gərginliyin artması;

Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin pozulması;

İsrail–İran qarşıdurmasının genişlənərək ABŞ-ı daha dərindən münaqişəyə cəlb etməsi.

Bəli, biləsiniz ki, risk tamamilə aradan qalxmayıb və müharibə hər an yenidən alovlana da bilər".

Cavid