Xarici siyasətçilər və ekspertlər Ermənistanın Azərbaycana qarşı təxribatlarını pisləyirlər Siyasət

Xarici siyasətçilər və ekspertlər Ermənistanın Azərbaycana qarşı təxribatlarını pisləyirlər

Xarici siyasətçilər, ekspertlər və məşhurlar Ermənistanın Azərbaycana qarşı təxribatlarını pisləyiblər.

Bu barədə Diasporla İş üzrıə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, iordaniyalı tarixçi-jurnalist, “Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq” kitabının müəllifi Ömər Əl-Armuti Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan ordusu ilə döyüşlərin getdiyi bir vaxtda ölkəmizə dəstəyini ifadə edib. Azərbaycanın əzəli torpaqlarının təcavüzkarlardan və işğalçılardan azad edilməsi uğrunda apardığı mübarizənin haqq mübarizəsi olduğunu qeyd edən tarixçi deyib: “Hamıya məlumdur ki, BMT-nin qətnamələrində və beynəlxalq sənədlərdə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bunun nəticəsində 1 milyondan çox azərbaycanlının öz ölkəsində məcburi köçkün kimi yaşaması təsbit edilib. Ermənistanın həmin qətnamələri yerinə yetirməkdən imtina etməsi də aşkar bir faktdır...”.

Kanadalı siyasi-hərbi analitik Johan Valkar sosial şəbəkə hesabında Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni dəstəklədiyini bildirərək deyib: “Azərbaycan əsgərləri yalnız Ermənistanın işğal etdiyi torpaqlar uğrunda mübarizə aparırlar. Azərbaycan Silahlı Qüvvələri yalnız erməni hərbi mövqelərinə hücum edib. Azərbaycan Ordusuna qarşı döyüşlərdə Ermənistana onlarla xarici muzdlu kömək edir...”.

Kaliforniyanın San-Dieqo şəhərində yaşayan hərbi jurnalist, veteran Benjamin Minik “Twitter” hesabında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib. O yazıb: “Erməni yalanları və təcavüzü dayandırılmalıdır”.

Böyük Britaniyada Biznes, Diplomatiya, Hüquq və Qlobal Təhlükəsizlik üzrə mütəxəssis, analitik və tədqiqatçı Edison Lami da Ermənistanın Azərbaycanda mülki əhalini atəşə tutmasını kəskin şəkildə qınayan paylaşım edərək, ölkəmizin haqlı mövqeyini dəstəklədiyini göstərib.

İstanbul şəhərindəki Maltepe Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin professoru Hasan Ünal sosial şəbəkə hesabında Ermənistanı yalanlar son qoymağa çağırıb, Azərbaycanın Ermənistanın qanunsuz işğalı altında saxladığı ərazilərini azad etmək üçün mübarizə apardığını bildirib.